SON DƏQİQƏ

PressDent.Info

Hə, Ritanı deyirdim axı…

Hə, Ritanı deyirdim axı…
10-09-2015, 17:03 29086 dəfə baxılıb

Niyə mənim çorəyimə «bais» olursan?



Deməli, belə… Milliyyəti bilinməyən, küçə süpürüb insanlar üçün təmizik-gözəllik yaradan Rita haqqında yazdığım məqalə məni əngələ saldı – heç ağlıma da gəlməzdi ki, oxucular Ritanın personasına bunca diqqət yetirərlər. Məsələn, başqa bir yazıma şərh yazan oxucu əlüstü Ritanı soruşur:
«Mirzə abi, bu yazdıqlarınıza görə, sizə əməlli-başlı təşəkkürlər! Axı, siz mənim Rita haqqında sorğuma cavab vermədiniz. Mənə elə gəlir ki, Rita xanım elə küçə süpürməyində olsun, o xanımlar xanımının da (Ritanın rəqibini deyirəm) adını heç vaxt açıqlamayın – başınız ağrıyar. Yaxşısı budur, dalğalanan taxıl zəmilərindən, açılan pambıq qozalarından, «YEK»-lərin süpürgəsindən, xəkəndazından və sairələrdən yazın – oxumaq da ki, bizlikdi…».

Bu sətirləri oxuduqca, üzüldüm! Nədən ki, hörmətli oxucum mənim təslim olduğumu zənn edib, məğlubiyyətimə şərik olmaq isitəyib – mənə təsəlli olsun deyə, yazacağım hər-hansı cəfəngiyyatı oxuyacağını nəzərimə çatdırıb. Mənimlə həmrəylik nümayiş etdirdiyinə görə, həmin oxucuya təşəkkür edirəm! Həm də nəzərinə çatdırmaq istəyirəm ki, mən məğlub-filan deyiləm – məğlub olan Azərbaycan cəmiyyəti və Azərbaycan KİV-dir! Nədən ki, cəmiyyətimiz çoxdan «anabioz» vəziyyətinə salınıb. Anabioz durumda «mövcud olan» cəmiyyətin informasiya vasitələrinin immunitetindən danışmağa dəyərmi?!

Amma mən, cəfəngiyyat yazası deyiləm! Bir atalar məsəlində deyildiyi kimi «at, ölüncə otlayar». Vaxtımıza da ki, çox qalmayıb. Ona görə də gərək, hər kəs öz yolunu davam etdirsin…

Nə isə… keçirəm Rita olayına. Yazı dərc olunandan bir gün sonra Rita yuxama gəldi. Çox pəjmürdə və qəzəbli idi. Fısıltısı az qalırdı, yeri-göyü yandırsın! Həyətdə var-gəl eliyirdi – əlində də «çalğu» əvəzinə, yekə bir dəyənək (deyəsən, çalğunun sapı idi). Kimi isə söyüb-yamanlayırdı…
Məni görərkən, ilan kimi şahə qalxıb, qarğımağa başladı – görüm, məni dilə-dişə salanı lənətə gəlsin! Görüm onu belə, vurğun vursun, ən zəhərli ilan çalsın və s.
Noolub, ay Rita xınım? Kimi söyürsən, nəyin üstündə söyürsən?
Belə, sənciyəzi söyürəm, sən abdalı qarğıyıram, bildin?!
Mənim günahım nədi, ay Rita?
Hələ bir, soruşursan da? Mən, səni bir ağıllı adam bilirdim (yazıq Rita, sən haradan biləsən ki, məndə bircə tikə də ağıl yoxdur. Olsaydı, indi mən də YAPist olub, bir idarəyə «rəhbərlik» edərdim). Qardaş, məni niyə dilə-dişə saldın? Kim səndən xahiş etmişdi ki, məni qəzetə verəsən? Niyə mənim çorəyimə «bais» olursan?..
Nə olub axı, ay Rita?
Noolacaq, sənin məqaləndən sonra, «YEK»-in müdiri məni kabinetinə çağırıb, abırımı ətəyimə bükdü. Axırıncı xəbərdarlıqla, şiddətli töhmət elan elədi və elə mənim yanımdaca, töhməti şəxsi işimə «əlavə elədi». Sən demə, onu da səhər tezdən rayon Mənzil Kommunal Təsərrüfatı şöbəsinə çağırıb, «orabotka» eliyiblər – sonuncu xəbərdarlığı da «asıblar sol qulağından». Onu qınamıram – neyləsin? O da öz çörəyini itirməkdən qorxur – bu qara geyinmiş ölkədə hamı qorxur, hamı çörəyi müdhiş qorxu altına yeyir!

Öz-özümə düşündüm ki, bu Rita necə bəlağətli danışır – lap elə bil, Siseronun kötücəsidir. Birinci məqalədə yazmışdım axı, Rita Azərbaycanın dövlət dilində tər-təmiz danışır – hətta o qədər təmiz ki, Elmar Məmmədyarov, Cahangir Əsgərov və digər həşəmətli-əzəmətli dövlət məmurları ona həsəd arara bilərlər. Amma daha Ritanın bunca bəlağətli-obrazlı danışa biləcəyini ağlıma da gətirməzdim…

Ritanın dediyinə görə, «YEK» müdirinə bir qadın da zəng vurub, xəbərdarlıq edib – məni tezliklə işdən çıxartmasa, özündən küssün! İndi yazıq müdir qalıb belə – nə məni işdən çıxartmaq istəmir, nə də öz işini itirmək istəmir. Mənə çıxış yolu da göstərdi. Məsləhət bildi ki, çıxıb qəzetdə hər şeyi təkzib eləyim – gözlə görülənin, qulaqla eşidilənin hamısını danım! Deyim ki, mən heç vaxt deputat olmaq istəməmişəm, istəmirəm və gələcəkdə də istəməyəcəm. Qoy, vətənin daha layiqli xanımları deputat seçilsin, mən də onların zibilə qərq etdiyi vətənin küçələrini məmnuniyyətlə süpürüb, bu işimdən zövq alacam və s.

Müdirim bir iş də tapşırdı – qəzetdə çıxış edib deyim ki, mən başıküllü heç vaxt özümü o xanımla bir sıraya qoymağa cürət etmərəm! Çünki o, xanımdır, mən isə küçəsüpürən. Onun deputat mandatında mənim heç vaxt gözüm olmayıb və indi də yoxdur. Psixoloq olmaq isə heç ağlıma da gəlməz! Bunların hamısını sən uydurmusan. İndi get, zəhmət çək, bu dediklərimin hamısını qəzetdə yaz…

Rita nə fikirləşdisə, qəfil soruşdu: Mənə kömək eləmək istəyirsən?
Əlbəttə, Rita – bu nə sözdür? Onda get – yaz! Yoxsa səni didik-didik eliyərəm. Yazmasan, səni hər gün qarğıyıb, söyəcəm. Əlindəki çalğu sapını başı üzərinə qaldırıb bağırdı: Yoxsa, vurub o boş başuvu partladaram!!!

Ritanın bağırtısına ayıldım… gülməkdən, uğunub getdim. Sevindim ki, nə yaxşı bütün bunlar bir yuxu imiş. Oxuculara da düşərli-uğurlu yuxular arzusu ilə…

Mirzə AĞ

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ