SON DƏQİQƏ

PressDent.Info

Məntiqin təntənəsi

Məntiqin təntənəsi
9-09-2015, 20:30 28386 dəfə baxılıb

 

Bu da təzə dəb düşüb: həftə səkkiz, mən doqquz hansısa diplomatik korpus əməkdaşı “qiyam” edir, açır sandığı, tökür pambığı. Əvvəl gündəmdə Arif Məmmədov adlı biri var idi, indi də Avstriyadakı Azərbaycan səfirliyinin Anar Həsənov adlı əməkdaşı ortaya çıxıb, səfirlikdəki yeyinti, korrupsiya haqda Bakıdakı qurumlara şikayət edib. Guya orada oturanlar başqa işlə məşğuldurlar?!

Yeri gəlmişkən, Arif Məmmədov məsələsi lap əntiqə oldu. Ilk günlər onun açıqlamalarında anormal heç nə yox idi, adam fikirləşirdi ki, nə olar adam uzun illər yaptokratiyanın diplomatı funksiyasını yerinə yetirəndə, indi ürəyi, vicdanı Azərbaycanı başına götürən haqsızlığa, ədalətsizliyə dözmür! Amma Arif müəllim sosial şəbəkələrdə insanların ona dəstək ismarışlarından necə cezv oldu, cuşa gəldisə, qısa vaxtda, siyasi iddia ortaya qoydu, xalqımızı yaptokratlardan xilas etmək, bir növ, “ağ atlı oğlan” olmaq fikrinə düşdü. Hətta bir ara xaricdə oturub bizə burda hökumətə qarşı “Ağ Marş” adlı aksiya keçirməyi də təklif etmişdi. Lap bir iranlı ayətullahın Iraq savaşı zamanı xalqa xitabındakı kimi: “Gəlin yığışaq, gedin müharibəyə”. Ya da ANS-in “Döyüş alnınıza yazılıb!” şüarçılığı kimi – yəni biz, kasıb-kusub, yetim-yesir döyüşməliyik, Vahid müəllim, Mirşahin müəllim də makarona deşik açmaqla, saat alveri ilə, Elgizi camaata dəyər adına sırıyıb, sonra da onunla “qaz vurub qazan doldurmaqla” məşğul olmalıdırlar.

Nə isə ki, Arif Məmmədov özü öz qeyri-ciddi açıqlamaları ilə öz nöqtəsini qoydu. Ümid edək, Anar Həsənov da yeni “ağ atlı oğlan” olmaq eşqinə düşməz. Bizim onsuz da 1996-cı ildən xaricdə, ABŞ-da yaşayan “ağ atlı oğlan”ımız var, hərçənd artıq xeyli yaşlaşıb, indi ona “ağ atlı ağsaqqal” demək daha doğru olardı. Üstəlik, heç son vaxtlar artıq “Gəlirəm, hazırlaşın məni qarşılamağa” tipli açıqlamalar da vermir, düz də eləyir, axı onsuz da indi burda onun yolunu hətta Sərdar Cəlaloğlu da gözləmir.

Nə isə, qayıdaq yaptokratların diplomatik korpusunda suların tez-tez bulanmağa başlamasına. Dünən mən Xarici Işlər Nazirliyinin açıqlamasını oxudum, orada elə beləcə də  yazmışdılar ki, “Anar Həsənov kimi bəzi başqa əməkdaşlar da var, araşdırmalara əsasən onların da barəsində müvafiq intizam tədbirləri görüləcək”. Bu nə deməkdir? Bu o deməkdir ki, bizi qarşıda hələ çooox Arif Məmmədov, Anar Həsənov olayları gözləyə bilər. Bir sözlə, bəlkə də bu hələ “jurnal”dır, kino qabaqdadır. Hər şey mümkündür.

Əsas odur ki, durumun bu yerə gəlib çatmasına əsla təəccüblənməmək lazımdır. Hətta bu cür sonluq məntiqəuyğunluqdur. Məntiqin təntənəsidir, qələbəsidir. Bəs necə, diplomatik işi karikaturaya çevirəndə axırı da belə olmalı idi. Təsəvvür edin, bir vaxtlar bunlar səfir vəzifəsini işdən çıxardıqları nazirləri, başqa iri məmurları ölkədən kənarda tutmaq, bir növ zəçrərsizləşdirmək üçün sürgün yerinə çevirmişdilər. Diplomatiyaya bu cür münasibətin sonu başqa necə ola bilərdi?

Kim bilmir ki, xaricdəki səfirliklər əslində YAP-ın həmin ölkədəki rayon təşkilatı funksiyasını yerinə yetirirlər, həmin ölkədə dahi rəhbərlərinə heykəl qoymaqla, bir də oradakı soydaşlarımızı partiya və hökumət ətrafında birləşdirməyə çalışmaqla işlərini bitmiş sayırlar. Onlar üçün dövlətin deyil, hakimiyyətin maraqları öndədir.

Korrupsiya əməlləri də öz yerində – elə Hesablama Palatasının axır bir-iki ildə səfirliklərdəki yeyintilərlə bağlı hesabatlarını xatırlatmaq kifayətdir. Baxmayaraq ki, yeyintilərin miqdarının və miqyasının həmin hesabatlarda göstəriləndən qat-qat artıq və geniş olduğu şübhəsizdir.

Bəli, yaptokratiya hər sahə kimi, diplomatiyanı da deqradasiyaya uğradıb. Onu komik işə, karikaturaya çevirib. Elə isə buyurub acı nəticələrinə də qatlaşsınlar. Arif Məmmədov, Anar Həsənov qalmaqallarının arxasında “xarici qüvvə” axtarmaqdansa, dərk və qəbul etsinlər ki, əslində öz əkdikləri ağacın meyvələrini dərirlər.

Elnur Astanbəyli

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ