SON DƏQİQƏ

PressDent.Info

Akaki Akakiyeviç və bizimkilər

Akaki Akakiyeviç və bizimkilər
8-09-2015, 10:21 29608 dəfə baxılıb

 

Qoqolun məşhur “Şinel” povestini xatırlayırsınızmı? Bəs onun qəhrəmanı Akaki Akakiyeviçi necə?

Akaki Akakiiyeviç yazı məmurudur, onun işlədiyi idarədə direktorlar dəyişir, cürbəcür rəislər bir-birini əvəz edir, amma Akaki Akakiyeviçi yerindən tərpədən də yoxdur, o elə hey eyni işlə məşğuldur. Və Qoqol yazır ki, “hamı belə fikirdədir, görünür, bu adam əynində vismundurla doğulub”.

Oxşar mənzərəni bizdə də irili-xırdalı xeyli məmur haqqında söyləmək olar. Adama elə gəlir, onlar gözlərini dünyaya açandan beşik əvəzinə vəzifəyə qoyulublar, bələk əvəzinə büdcəyə bükülüb böyüdülüblər.

Düzü, bunların hər hansı birini Akaki Akakiyeviçlə müqayisə etmək də doğru olmazdı, niyəsini “Şinel”i oxuyanlar özləri başa düşərlər. Oxumayanlar (hərçənd, bu heç də yaxşı iş deyil, hətta inciməyin, ayıbdır!) üçünsə bir azdan yüngülvari izah edəcəm.

***

Indi gələk əsas məsələyə: çoxlarımızda mənə xeyli dərəcədə absurd görünən bir vərdiş var, hansısa YAP məmurundan danışarkən əvvəlcə məhz onun nə vaxtdan, yəni neçə ildir bu vəzifəni tutmasını hesablayırıq. Guya, həmin məmurun öz vəzifəsində yeganə ayıbı kreslosundan yapışıb qalmasıdır, sanki o, həmin postda az işləsəydi, yaxşı işləyərdi.

Əlbəttə, belə deyil. Müşahidələr göstərir ki, Azərbaycanda istənilən məmura cəmi altı ay kifayətdir ki, o, normal ölkədə bir insanın 60, 600, hətta 6 min ildə qazana biləcəyi sərvətə, var-dövlətə sahiblənsin. Ölkədə talançılıq, soyğunçuluq elə bir miqyasdadır ki, bu cün “cındırından cin hürkən” adamı aparıb lap Allahın JEK müdiri qoy, bir neçə aydan sonra Ford, Karnegi, canım sizə desin, Rokfeller-zad qəbirdən dirilib gəlsə, onların təntənəli, gözqamaşdırıcı həyatına baxıb gözləri böyüyər, ağızları açıq qalar.

Bax, elə ona görə yuxarıda yazdım ki, bizim ən xırdaca məmuru da Akaki Akakiyeviçlə müqayisə etmək doğru deyil, çünki Qoqolun qəhrəmanı öz güzəranını zorla keçirir, hətta qışın sazağında cırıq-cındır, yırtıqlı-yamaqlı şinelini yeniləmək onun üçün əlçatmazdır. Bizimkilər isə yəqin ki, Akakiyeviçi əfəl, fərasətsiz adlandırıb ona ancaq gülərdilər!

Bəli, bir ölkə təsəvvür edin ki, heç bir xüsusi istedad, intellekt, bilgi, savad sahibi olmadan səni götürüb istənilən vəzifəyə qoya bilərlər, sən də orada ən yaxşı halda, 1000-1500 manat maaşa işləyə-işləyə bir neçə aydan sonra 200-300 minlik “inomarka”larda şütüyə, ölüsü 3-4 milyonluq villa tikdirə, kef-damaq, eyş-işrət üçün Havay adalarından vurub Baham adalarından çıxa bilərsən! Yaxşı, indi belə bir ölkədə kimin hansı vəzifədə az, ya çox işləməsini dərd eləməyin mənası varmı?

Birinci, yuxarıda da dedik, bunların idarəetmə sistemində (daha doğrusu, sistemsizliyində – başıpozuqluğunda!) onsuz da xalqın pulunu çırpışdırmaq, büdcənin altından-girib üstündən çıxmaq, beləcə özünə ehtişamlı həyat şəraiti qurmaq üçün ən mağmın adama belə, bir neçə ay kifayət edir. Ikincisi, gələn gedənə rəhmət oxutdurursa, daha biz nədən danışırıq? Qoy elə Hacı Madər uzaq 1990-cı ildən deputat olduğu kimi, elə deputat da qalsın, Anar Rzayev 1989-cu ildən necə ədəbiyyat naziridirsə, elə o cür də kreslosundan ikiəlli yapışsın, digərləri də həmçinin. Tez-tez vəzifə dəyişiklikləri normal, gəlişmiş, çağdaş ölkələr üçün keçərlidir, orada fikirləşə bilərlər ki, su da bir qabda çox qalanda iylənir. Yoxsa bundan bizə nə?! Məşhur lətifədə deyildiyi kimi, “haramız düzdür ki, boynumuz da düz olsun?!”

***

Yadımdadır, hardasa iki, ya da üç il əvvəl “Azadlıq” qəzetində Elmlər Akademiyasının bir yaşlı aliminin şikayəti dərc olunmuşdu, o, 1967-ci ildən (bəli, bəli, nə az, nə çox, düüüz 1967-ci ildən!) tutduğu şöbə müdiri vəzifəsindən çıxarılmasından gileylənirdi!

Indi Allah qoymasa, oxumuşu, alimi bu təfəkkürdə olan ölkədə yaxşı nəyə ümid edəsən, belə ölkədən işıqlı nə gözləyəsən?!

Elnur Astanbəyli 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ