SON DƏQİQƏ

PressDent.Info

Daha bir keçid dövrü olacaq?

Daha bir keçid dövrü olacaq?
5-09-2015, 18:17 29694 dəfə baxılıb

Birdən neftin dünya bazarında qiyməti hətta bir neçə dəfə artsa belə, artıq əksəriyyət belə hesab edir ki, Azərbaycan üçün neft erası bitmək üzrədir. Bu yaxınlarda prezidentin ictimaiyyətlə görüşündə “Nefti unudun!” deməsini də haradasa bu fikrin təsdiqi hesab etmək olar...
Yadımıza gəlir ki, bir neçə il bundan əvvəl ən yüksək səviyyədə Azərbaycan üçün keçid dövrünün artıq bitdiyi deyilmişdi. 
O vaxt bu sözlər adama qeyri-adi dərəcədə rahatlıq gətirdi – deməli, böyük sosial – siyasi kataklizmlər arxada qalmış və cəmiyyətin həyatına müəyyənlik, aydınlıq qayıtmışdı...
Amma hiss olunur ki, növbədə daha bir keçid dövrü var – ölkə iqtisadiyyatı ekstensiv inkişaf yolundan intensiv inkişaf yoluna keçməli, qeyri-neft sektoru iqtisadiyyatın özülü kimi özünü təsdiq etməli, büdcənin neftin qiymətindən asılılığı başa çatmalı, qeyri-neft erasının öz büdcəsi formalaşmalıdır...
 
Bəli, bunları sadalamaq asandır, amma həyata keçirmək olduqca çətindir. Ona görə də arzulamalı olursan ki, kaş neftin qiyməti bir qədər sabit qalsın və ölkənin qeyri-neft erasına yumşaq keçidi baş tutsun...
Ona görə “yumşaq keçid” deyirik ki, cəmi bir neçə il idi ki, insanlar özlərinə gəlmişdilər. Onları növbəti keçidə təhrik etmək bu sabitliyə son qoymaq və bu gün üçün mövcud olan ictimai-siyasi konsensusu pozmaq demək olardı...
Amma ümid edirik bu keçid böyük sarsıntılar olmadan baş tutacaq. Ona görə ki, indiki vəziyyət 90-cı illərin əvvəlindəki vəziyyətlə eyni deyil – o vaxtlardan fərqli olaraq indi nəsə var, hətta müəyyən həcmdə qeyri-neft sektoru da mövcuddur... 
Ölkə nə etməlidir? Təbii ki, birinci addım büdcədən başlanacaq, indki büdcə bir qədər ixtisar olunmalıdır. Ən əvvəl büdcədəki bu vaxta qədər mövcud olan qeyri – müəyyən xərclər aradan qaldırılmalıdr, büdcə maksimum şəkildə şəffaf olmalıdır...
Növbəti addım kimi daxili investisiyaları bir qədər azaltmaq olar. Düzdür, bu müəyyən mənada iş yerlərinin azalmasına gətirib çıxaracaq, amma başqa yol da yoxdur...
Daha bir məsələ isə siyasi islahatlarla bağlıdır. Düzdür, onlar hakimiyyət üçün qaçılmaz iqtisadi tədbirlər qədər aktual deyil, ən azı ona görə ki, hələ heç kim bu məsələni hakimiyyət qarşısında qoymayıb – cəmiyyət zəif olduğundan o, siyasi tələblər irəli sürə bilmir, Avropa institutlarının və ölkələrinin dedikləri isə qulaqardına vurulur...
Amma eyni zamanda ən yüksək səviyyədə ictimai nəzarətə ehtiyac olduğu deyilir. Ən yüksək səviyyədə məmurların ali hakimiyyəti aldatdığı, ona yanlış informasiya ötürdüyü bildirilir...
Deməli, ali icra hakimiyyəti effektiv nəzarətə və düzgün informasiyaya ehtiyac duyur. Ona görə də düşünmək olardı ki, artıq bu ildən ictimai konsensusa bağlı sisyasi sistemin formalaşdırılmasına başlanılacaq. Amma ölkə parlament seçkilərilə bağlı niyyətini açıqlamamış Rusiyanın xarici işlər naziri S.Lavrov özünü Bakıya çatdırdı. Yarızafat – yarıciddi belə söhbətlər gəzdi ki, bəlkə Lavrovun da Azərbaycanda adamları var və Rusiyanın xarici işlər naziri onları tapşırmağa gəlib?..
Təbii ki, belə şaiyələri nə təsdiq, nə də inkar edə bilərik. Amma mənə həmişə elə gəlib ki, Azərbaycanda milli konsensusun yaranmasına Rusiya hər vasitə ilə mane olur, çünki Rusiya milli - demokratik cəbhəni öz maraqlarına düşmən hesab edir və daim hakimiyyətlə milli – demokratik qüvvələr arasında dayanır...
 
Düzdür, Azərbaycanda bilavasitə Rusiyaya bağlı siyasi qüvvələr də olub. Amma Rusiya onlar üçün heç vaxt böyük missiya nəzərdə tutmayıb və onları həmişə təzyiq qrupları kimi istifadə edib...
Elə birinci keçid dövrünün bitməsi həm də o cəhətdən əlamətdar idi ki, daha ölkədə siyasi partiyalar geosiyasi zəmində yaranmayacaqdı, onların elektoratı və söykəndiyi qüvvə yalnız yerli cəmiyyət olacaqdı. Amma görünür ki, geosiyasət dövrü hələ bitməyib, hər halda, proses deyəsən, uzanır... Fəqət, bir maraqlı cəhət də var ki, hakimiyyətin seçki siyahısı bir az yubandı, deməli hakim düşərgədə də çox şeyi götür – qoy edirlər...
Qərəz, ölkədə hamı başa düşür ki, yeniliksiz keçinmək olmayacaq. Yenilik isə təkcə ölkənin siyasi-iqtisadi münasibətlərinə deyil, həm də cəmiyyətin sosial- psixoloji durumuna da təsir etməlidir. Neft erasına son demək həm də neft ölkələri üçün xarakterik olan sosial – süstlükdən, lap açığı, tənbəllikdən və ələbaxımlılıqdan qurtulmaq deməkdir. Amma ölkənin mövcud siyasi sistemi cəmiyyətin belə oyanışına hazırdırmı?..

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ