SON DƏQİQƏ

PressDent.Info

Haqla haqsızlıq arasında...

Haqla haqsızlıq arasında...
8-09-2015, 08:15 33172 dəfə baxılıb

Böyük Volterin məşhur bir fikri var. Deyir ki, hökumət haqsız olanda haqlı olmaq təhlükəlidir... Neçə gün idi ki, bu fikir elə hey beynimdə dolaşırdı. Elə hey düşünürdüm ki, görən, bəs insan haqlı olanda nə baş verir? Haqsız cəmiyyətdə bu haqqı etiraf edirlərmi?..
Bizə həmişə “Doğruya zaval yoxdur!” deyiblər. Biz də bunu qəbul etmişik və çalışmışıq ki, hər işimizdə doğru-dürüst olaq...
Amma həyat nə göstərir? Təəssüf ki, həyat başqa şey deyir. O deyir ki, güclüyə, bəli, güclüyə zaval yoxdur.
 
Volter müdrik adam idi. Bu müdrikliyi ona təkcə intellekti vermirdi. Yox, bu adam hakimiyyətin nə olduğunu təcrübədən bilmişdi. Ömrü boyu hökmdarların əhatəsində olan Volter bəlkə də siyasəti və hakimiyyəti hamıdan çox hiss edir, hamıdan çox duyurdu. Yəqin elə ona görə də o, vaxtilə bir az əvvəldə gətirdiyim fikri yazıbmış...
Volteri zarafatla o vaxtkı “Avropa parlamenti”nin spikeri adlandırırlar. Böyük hökmdarlar onunla yazışmaqdan qürur duyurmuşlar... 
Amma gəl, zəmanəsinin elə böyük problemi olmayıb ki, Volter ona reaksiya verməsin və bu xüsusda fikrini bildirməsin...
Bu da hökmdarlarla onun arasında problemlərə gətirib çıxarırdı. Ona görə də Volterin də başı az bəlalar çəkməmişdi...
Bunları yazırdım ki, bizim Nizami haqqında da bu yaxınlarda oxuduqlarım  yadıma düşdü... 
Nizamini də öz sarayında görmək istəyən çox idi. Hətta ona kəndlər də bağışlamışdılar. Amma Nizami də hökmdarlarla yaxınlıqdan qaçırdı, onlardan məsafə saxlayırdı... 
Ümumiyyətlə, mən hökmdar tayfası ilə problemsiz münasibətdə olan bir şəxs kimi yalnız Aristoteli xatırlayıram... 
Bəlkə də ona görə ki, elə İsgəndər də adicə hökmdar deyildi və necə deyərlər, hakimiyyət filosofu idi?..
Bilmirəm. Bəziləri deyir ki, hakimiyyətlə dostluq etmək lazımdır. Amma bu, odla oynamaq kimi bir şeydir, məlum deyil ki, bu dostluqdan daha çox kim fayda götürəcək? Kimə bu dostluqdan daha çox şey çatacaq?.. Baxıb görürsən ki, hakimiyyətlə nəinki dostluq etmək, hətta bir ölkəni bölüşmək sonda gətirib ona çıxarır ki, azadlığını itirirsən...
Axır vaxtlar elə hey özümə bir sual verirəm: Mən azad insanammı? Getdikcə, bu suala cavab vermək mənim üçün çətinləşir...
Ona görə ki, özüm də hiss edirəm ki, azad deyiləm. Ona görə ki, azad olmayan ölkədə öz nisbi rahatlığımı, nisbi rifahımı düşünmək məcburiyyətindəyəm. Təbii ki, heç bir dostluqdan-filandan söhbət gedə və bu məsələ müzakirə predmeti ola bilməz....
Amma hakimiyyət adamı yetim uşağı sevindirən kimi sevindirməyi xoşlayır və biz də bunu yaşa dolduqca, həmin hakimiyyətlə bir ölkənin havasını bölüşə-bölüşə daha yaxşı başa düşməyə başlayırıq... 
Özünüz bilirsiniz də yetimi necə sevindirirlər? Papağını götürürsən, ağlamağa başlayanda qaytarıb qoyursan başına və uşaq da sevinir...
Hətta bunlar da məni sıxmazdı. Əgər bir məsələ olmasaydı. Bir dəfə dostlardan biri çox bikefləmişdi, tamam ruhdan - həvəsdən düşmüşdü. Onda çalışdım ki, ona bir az ürək-dirək verim. Başladım Mirzə Fətəlidən, Mirzə Cəlildən danışmağa...
Dostum məni dinləməyinə dinlədi. Amma axırda sakitcə dedi ki, axı biz Mirzə Cəlil deyilik...
Bəli, dedi ki, Mirzə Cəlil olsaydıq, o missiya və o istedad bizdə də olsaydı heç olmasa, bunun xatirinə dözərdik, amma təəssüf ki, biz Mirzə Cəlil deyilik -bəli, insanlar dünənki havanı xatırlamadıqları kimi, bizləri də bir gündən sonra tamam unudacaqlar...
Mən ona deməyə söz tapmadım. Düz deyirdi. Biz nə Mirzə Cəlilk, nə Volter, nə də Nizami...
Sadəcə, bizim bəxtimizə haqsız hakimiyyətin dövründə haqlı olmaq yazılıb və bəlkə də daha yaxşısı bu olardı ki, biz də başqalarına qoşulaq, bu haqsız dünyada haqq savaşı açmayaq. Amma bunu da bacarmadıq. Sadəcə, Nizamidən, Volterdən və Mirzə Cəlildən bir zərrəcik var bizdə - haqsızlığa və ədalətsizliyə qarşı dözümsüzük...
Elə bizim missiyamızı da bu zərrəcik müəyyən edir. Biz ötürücülərik. Həmin o zərrəciyin ötürücüləri... 
Prometey odu insanlara ötürdüyü kimi biz də haqlı olmaq və haqqa tapınmaq haqqının qoruyucularıyıq...
Görünür, Yardan özü də tarazlığı sevir. Haqsızlıq varsa, ona qarşı haqq da var. 
Onların nisbəti müxtəlif olur. Tanrı bu tarazlığı azacıq bu tərəfə və ya o tərəfə dəyişməklə insanları cəzalandırır və yaxud da ki, mükafatlandırır...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ