SON DƏQİQƏ

PressDent.Info

Qərbin erməni təəssübkeşliyi

Qərbin erməni təəssübkeşliyi
5-09-2015, 10:03 29868 dəfə baxılıb

 

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” hesabında Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin ardıcıl olaraq pozulmasından, ağır silahlarla müşayiət olunan atışmalar nəticəsində baş verən itkilərdən ciddi narahat olduğunu bildirib və sülhə nail olmaq üçün səyləri artırmağa çağırıb. ATƏT-in Minsk qrupu həmsədrlərinin sülhün tənzimlənməsi üzrə vasitəçilik missiyasının heç bir ciddi nəticələri görünməsə də, cənab Uorlikin narahatlığı başa düşüləndir və o, diplomat olaraq yaxşı bilir ki, dünyada sülhün və təhlükəsizliyin qorunması beynəlxalq hüquq prinsiplərinin əsas məzmunundan irəli gələn imperativ tələbdir.

Yəni BMT üzvü olan istənilən ölkə beynəlxalq münasibətlərlə tənzimlənən hüquq normalarına riayət etməli, öz siyasətində dinc yanaşı yaşamanın, qarşılıqlı əməkdaşlığın, ərazi bütövlüyünün, suveren bərabərliyin və beynəlxalq hüququn digər ana prinsiplərinin pozulmasına yönəlik hərəkətlərə yol verməməlidir. Əks təqdirdə bu normativləri pozan ölkə haqında təsirli tədbirlərə əl atılmalı, onun dünya nizamını pozan hərəkətlərinə qarşı beynəlxalq öhdəliklərdən irəli gələn icbari tədbirlər görülməlidir.

Cəbhə bölgəsində yaranmış hərbi qarşıdurmadan və bölgədə sülhün təhlükə altına düşməsindən narahatlıq keçirən cənab Uorlikə sual vermək lazımdır: Qarabağ münaqişəsinin çözülməsinə yanaşmada nə vaxta qədər işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında bərabərlik işarəsi qoyulmalıdır? İşğalçı öz adı ilə niyə çağrılmamalı və ya çağrılırsa niyə onun təcavüzkar hərəkətlərinə göz yumulmalıdır?

Bu gün təmas xəttində baş verən atışmalar fonunda atəşkəs rejiminin pozulması doğrudan da bu qədər narahatlıq törədirsə onda cənab Uorlik münaqişəli məsələlərə yanaşmada ikili standartlara yer qoymamalı və beynəlxalq hüququn prinsiplərini, bütün əxlaqi normalarını kobudcasına pozan Ermənistanın təcavüzkar hərəkətlərinə birmənalı qiymət verməlidir.

Təəssülər olsun ki, nə Uorlik, nə Minsk qrupunun digər həmsədrləri, nə də onların təmsil etdikləri dövlətlər Qarabağ probleminin sülh yolu ilə həlll edilməsi işində ədalətli mövqe sərgiləmir və problemin həllindən çox, status-kvonun saxlanılması üzərində variasiyalar edirlər. Rusiyanın bu məsələdə mövqeyi aydındır və kimsə bu dövlətin Qarabağ probleminin həllində ədalətli mövqe tutmasını gözləmir. Çünki Cənubi Qafqaz da daxil olmaqla, postsovet məkanında yaradılan münaqişə ocaqlarının baş müəllifi o özüdür.

Bəs iqtisadi, siyasi, hərbi gücü ilə dünyaya meydan oxuyan, Rusiya kimi təcavüzkar bir ölkəni iqtisadi sanksiyalarla diz çökdürən, demokratiyanı qorumaq adı ilə Yaxın və Orta Şərqi inqilab alovuna bürüyən ABŞ kimi qüdrətli dövlət nə üçün öz işğalçı və separatçı hərəkətləri ilə bölgənin, eləcə də dünyanın nizamını pozan, sülhü və təhlükəsizliyi təhdid altında saxlayan Ermənistana qarşı bu qədər loyal münasibət bəsləyir?

Nədən Rusiyanın Krıma, Abxaziya və Cənubi Osetiya ərazilərinə hərbi müdaxiləsini işğal və ilhaq faktı kimi dəyərləndirən ABŞ və digər Avropa dövlətləri, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi qəsdini iki ölkə arasında münaqişəli problem kimi qiymələndirirlər? BMT Nizamnaməsində və ondan irəli gələn beynəlxalq aktlarda bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə qarşı yönələn hərəkətlər, beynəlxalq hüququn hamı tərəfindən qəbul edilmiş normalarına qarşı hərəkət kimi dəyərləndirildiyi halda işğalçı və təcavüzkar Ermənistanın bu cür obyektiv dəyərləndirmələrdən kənarda qalması Qərbin təcavüzkara yanaşmada ikili standartlardan çıxış etməsini göstərən bariz nümunədir.

Sülhə çağrış edənlər ilk növbədə bölgədə sülhün pozucusu rolunda çıxış edən, dinc yanaşı yaşamanı hərbi qarşıdurma ilə əvəzləyən, bölgəni separatizmin, terrorizmin yuvasına döndərən Ermənistanı yerində oturtmalı, BMT-nin kağız üzərində qalan məlum qətnamələrini icraya yönəltməlidir. Azərbaycan hakimiyyətini insan haqlarının pozulması məsələsində qınaq obyektinə çevirən Qərb institutları təcavüzə məruz qalmış bir ölkənin timsalında susqunluq nümayiş etdirməklə, özlərinin daha geniş sferada insan haqlarına sayqısızlıqlarını ortaya qoymuş olurlar.

Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının qarşısını almaq, sanksiyalar tətbiq etmək yerinə, onun işğalçı hərəkətlərinə yaşıl işıq yandıranlar, maddi, mənəvi dəstək verənlər təcavüzkara göstərdikləri mərhəmətin, erməni təəssübkeşliyndən doğan himayədarlığın, bir gün dünyanı təhdid edən gərginliklərlə əvəzlənə biləcəyinin fərqində olmalı idilər.

Nurəddin İsmayıl

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ