SON DƏQİQƏ

PressDent.Info

"Çırpınırdı Qara dəniz..." – ABŞ-Rusiya arasında

4-09-2015, 14:56 45626 dəfə baxılıb

 

 

"ABŞ Donanması Qara dənizdə varlığını daimi olaraq davam etdirməyə çalışır. Bura, beynəlxalq sulardır və Amerika donanması gəmilərin naviqasiya azadlığı haqqından istifadə etmək niyyətindədir".

Strateq.az-ın məlumatına görə, bu sözləri ABŞ Dəniz Qüvvələrinin 6-cı Flotunun komandiri, vitse-admiral James Foggo bildirib. Ukrayna və ABŞ hərbi qüvvələrinin Qara dənizdə keçirdiyi birgə hərbi təlimlərin açılışında bu açıqlamayla çıxış edən vitse-admiral Ukraynadakı mövcud vəziyyət üzündən builki hərbi təlimlərin xeyli gərgin şəraitdə getdiyini də gizlətməyib.

Sual oluna bilər: ABŞ niyə Qara dənizdə daimi məskunlaşmaq istəyir? Cənab vitse-admiral tam olaraq nə demək istəyir? Və onun bu sözləri necə reaksiya ilə qarşılaşa bilər?

Bəli, ABŞ vitse-admiralının dediyi kimi, Qara dəniz, həqiqətən, hüquqi baxımdan beynəlxalq sular kateqoriyasına daxildir. 1936-cı ildə Rusiyanın imzaladığı Montro sazişinə əsasən, bu statusu qazanan Qara dəniz qanunla dünyanın bütün gəmilərinə açıqdır. Bircə şərtlə: xaricdən gələcək həmin gəmilər hücum xarakterli olmamalıdırlar. Uzağı, müdafiə silahları ilə silahlana və orta böyüklükdə ola bilərlər. Əks halda, Türkiyə həmin gəmilərin İstanbul boğazından keçməsinə icazə verməmək hüququna malikdir.

Digər tərəfdən, nə qədər beynəlxaql su hövzəsi statusu daşısa da, Rusiya ona indiyə qədər öz daxili dənizi kimi baxıb və indi də elə baxır. Daha doğrusu, Moskva SSRİ dövründə olduğu kimi, həmin dənizdəki üstünlüyünü bu gün də qoruyub saxlamağa çalışır.

Tarixin indiyə qədərki seyrinə nəzər salanda görə bilərik ki, bu yanaşma təkcə Rusiyaya da xas deyil. İstər Bizans imperatorluğu, istərsə də Osmanlı hakimiyyəti dövründə sözügedən dəniz həmişə beynəlxalq güclərə qapalı vəziyyətdə olub. Bu, təbii ki, səbəbsiz də deyil və dənizin yerləşdiyi coğrafi mühitdən qaynaqlanıb.

Bilindiyi kimi, 3 tərəfdən quruyla əhatə olunan Qara dəniz yalnız dar bir boğaz vasitəsilə okeanlara bağlanır. Bu xüsusiyyətiylə yarıqapalı su hövzəsi sayıla biləcək həmin dənizə hakimlik həmişə sahil dövlətlərinin əsas qayəsinə çevrilib.

Çar Rusiyasının güclənib Osmanlı imperatorluğunun zəiflədiyi ərəfələrdə iki hakim güc arasında ixtilaf mənbəyinə çevriən su hövzəsi uğrunda savaş I və II Dünya müharibələrindən sonra öz xarakterini dəyişib. Qara dənizə sahiblik sahil dövlətlərinin problemi olmaqdan çıxaraq, qlobal güc mərkəzlərinin əsas müzakirə predmetinə çevrilib. Bunun başlıca səbəbi Qara dənizin geopolitik əhəmiyyəti ilə bağlıdır.

Bu geoplitik əhəmiyyətin bir neçə başlıca əsasları var. Əsaslardan biri onun coğrafi möqveyindən irəli gəlir. Allah-Təala bu dənizi nə qədər yarıqapalı su hövzəsi şəkilində yaratsa da, insanoğlunun səyləri nəticəsində o, dünyanın şimalından cənubuna, qərbindən şərqinə uzanan ən qısa ticarət yolu halına gətirilib. Qara dəniz İstanbul və Çanaqqala boğazı vasitəsilə Aralıq dəniziylə birləşdiyi kimi, Volqa-Don kanalıyla Xəzər, Ren-Dunay kanalıyla Şimal, Main–Dunay kanalıyla isə Baltık dənizinə açılır.Bu isə o deməkdir ki, həmin üç dənizdə hərəkət edən gəmilər Qara dəniz vasitəsilə Aralıq dənizinə, Aralıq dənizindəki gəmilər isə sözügedən 3 dənizə üzə bilərlər.

Dünyanın ən böyük qitəsinin müxtəlif yerləri arasında körpü rolu oynayan Qara dənizə sahiblik bu mənada müasir dünyanın ən zəngin xəzinəsini əldə etmək deməkdir. Bu baxımdan, qlobal güclərin onun uğrunda savaşı da başadüşüləndir.

Qara dəniz Asiya ilə Avropa arasında enerji axışının əsas mərkəzlərindən biri kimi də əhəmiyyət daşıyır. Türkmənistandan tutmuş Azərbaycana, Qazaxıstandan Rusiyaya qədər bütün enerji qaynağı olan dövlətlərin təbii sərvətləri bu dəniz üzərindən Avropaya nəql edilir. Dünyanın ən böyük sənaye ölkələri baxımından Qara dənizin bu xüsusiyyətləri əvəzedilməzdir və hər kəsin diqqətinin ona cəmləşməsinə yol açır.

Qara dəniz həm də enerji mənbəyi kimi də əhəmiyyətli bölgə olaraq tanınır. Mütəxəssislərin fikrincə, dənizin təkində çox böyük miqdarda neft və qaz ehtiyatları var və bu potensial hələ də tam araşdırılmayıb.

Görünür, yuxarıda sadaladığımız xüsusiyyətlərinə görədir ki, sözügedən su hövzəsi bütün dünya nəhənglərinin diqqət mərkəzindədir. Rəsmi Vaşinqtonun yeni imperializm nəzəriyyəsinin əsasını təşkil edən “Böyük Yaxın Şərq” proyektinin əsas qollarından birinin də “Genişləndirilmiş Qara dəniz”layihəsi olması bu baxımdan heç də təsadüfi sayılmamalıdır.

Qara dəniz Avropanın əsas təbii körpüsü rolu oynadığından qoca qitə də onun bölüşdürülməsi siyasətindən kənarda dayana bilməz. Necə ki, Avropa Birliyi də dənizə öz “yumşaq gücü” ilə sahib çıxmaq  niyyətindədir. Birliyin son zamanlara qədər həyata keçirməyə çalışdığı və Rusiyanın müdaxilələriylə böyük ölçüdə qarşısı alınan  “Genişləndirilmiş Avropa”, “Avropa Qonşuluq Siyasəti”kimi layihələrin əsas məqsədlərindən biri, təbii ki, budur.

Bütün dünyanın gözü Qara dənizdə olsa da, hegemonluq uğrunda savaş əsasən Rusiya ilə ABŞ arasında gedir. İnsafən, Rusiyanın bu geopolitik savaşa girişməkdən başqa çarəsi də yoxdur. Moskva üçün Qara dəniz hər şeydən öncə, okeanlara çıxmaq və dolayısıyla, dünyaya açılmaq mənasına gəlir və bu savaşın çox uzun bir tarixi əsası vardır.

Tarixçilər etiraf edirlər ki, rus-Osmanlı müharibələrinin hamısı bir məqsədə qulluq edib: Qara dəniz vasitəsilə Aralıq dənizinə çıxmaq və beləcə qlobal ticarət yollarına qoşulmaq. Öz imperialist niyyətini böyük qanlar bahasına təmin etmək istəyən Rusiya əsrlər boyu həyata keçirməyə çalışdığı məqsədinə tam çata bilməsə də, SSRİ dövründə su hövzəsinin əsas hakimi olmağı bacarmışdı.

SSRİ dağıldıqdan sonra isə onun həmin dənizdə qurduğu donanmasının taleyi də təhlükə altına düşdü. Şimal qonşumuzun Qara dəniz ətrafındakı Varşava Paktı ölkələrini itirməsi azmış kimi, donanmasının əsas bazalarından sayılan Sevastopol da Ukraynanın  ixtiyarında qaldı.

1992-ci ildən etibarən, iki ölkə arasında gedən qızğın müzakirələrdən sonra, nəhayət, 1995-ci ildə Qara dəniz donanmasının 18.5%-i Ukraynaya verildi. Məsələ bununla bitsəydi, dərd yarıydı. Post-sovet dövrünün ilk illərində yaşanan iqtisadi böhran donanmadakı bir çox gəmilərin istifadədən kənarlaşdırılması ilə nəticələndi. Beləcə, Qara dənizə nəzarətdə boşluqlar yarandı, Rusiyanın hegemonluq dairəsi daraldı. Nüfuz dairəsində yaranan boşluğu indi dünyanın digər ölkələri, o cümlədən ABŞ doldurmağa çalışır.

Qara dənizdəki mövqeyinin zəifləməsinin özü üçün böyük təhlükələrə yol aça biləcəyinin fərqində olan Rusiya bölgədəki mövqeyini yenidən gücləndirməyə səy göstərir. Bu məqsədlə o, 1997-ci ildə Ukraynayla müqavilə bağlayıb və Ukrayna hərbi bazalarından 2017-ci ilə qədər istifadə etmək haqqı qazanıb. Di gəl ki, Rusiyanın bütün bu ümidlərini iki dəfə təkrarlanan “narıncı inqilablar”qursağında qoyub.

Xatırlayırsınızsa, Ukraynanı Rusiyadan tamamilə ayıran ilk “narıncı inqilab” 2005-ci ildə baş vermişdi. Həmin hadisəni ABŞ-ın Qara dənizə sahib çıxmaq təşəbbüsü kimi qiymətləndirən Rusiya hələ o zaman yaşanan proseslərdən ciddi narahtlıq duyurdu və əks-inqilabi qüvvələri dəstəkləməklə Viktor Yuşenko hakimiyyətini dinc yolla devirdi.

Həmin dövrlərdə rəsmi Moskvanı narahat edən ciddi səbəblər var idi. Belə ki, 2005-ci il “narıncı inqilab”ından 2 il əvvəl Qara dənizin 3 böyük dövləti arasında müəyyən anlaşmaların imzalanması gözlənilirdi. Bildirildiyinə görə, Rusiya, Türkiyə və Ukraynanın imzalanacağı bu müqavilə əsasında hərbi ittifaq yaranacaqdı. Nəticədə Qara dənizdəki rus donanması Aralıq dənizinə daha rahat çıxa biləcəkdi.

Tərəflərin bu müzakirələrdə ortaq məxrəcə gəldikləri sırada Ukraynada hakimiyyət dəyikliyinin baş verməsi və qərbyönümlü Yuşenkonun iqtidara gətirilməsi yaxın günlərdə bağlanması nəzərdə tutulan anlaşmanın təxirə salınmasına yol açdı. Təxminən, eyni zamanlarda Gürcüstanda da hakimiyyətin Rusiyanın əleyhinə dəyişilməsi Moskvanın Qara dənizdəki mövqeyini xeyli sarsıtdı.

Bütün bu hadisələrə sinə gərən, özünün böyük dövlət olmaq yolundakı ən böyük istinadgahını əldən vermək istəməyən Kreml Qara dəniz donanmasını da gücləndirməyə başladı və Yuşenkodan sonra hakimiyyətə gətirdiyi yeni ruspərəst iqtidar sayəsində mühüm uğurlara da imza atdı. 2010-cu ildə bağlanan yeni müqaviləyə əsasən, Ukrayna hərbi bazalarında istifadə müddəti 25 il daha uzadıldıvə 2042-47 illərdə də eyni tipli müqavilənin imzalanması üçün hüquqi zəmin hazırlandı. Razılığa əsasən, Ukraynadakı hərbi bazalardan istifadə üçün Rusiya ildə 98 milyon kirayə haqqı ödəyəcəkdi.

Maraqlıdır ki, Ukraynadakı növbəti “narıncı inqilab” da məhz bu hadisədən sonra baş verdi.Mütəxəssislər bunun 2003-cü ildə əsası qoyulan Qara dənizin 3 ölkəsi arasındakı danışıqların yenidən gündəmə gəlməsindən sonra yaşanmasını təsadüfi hesab etmirlər. Onların fikrincə, hazırda Ukrayna-Rusiya arasında gedən münaqişənin əsas səbəblərindən biri  məhz Qara dəniz yoluyla Aralıq dənizinə doğru sürüklənən “rus təhlükəsi”ni lokallaşdırmaq istəyi ilə bağlıdır. Təsadüfi deyil ki, Ukraynada baş verən son inqilabi dəyişikliyə Rusiyanın verdiyi ilk reaksiya da elə Krımın işğalı və Qara dəniz donanmasının Ukraynaya verilmiş hissəsini yenidən öz tərkibinə daxil etmək olmuşdu. Fikrimizcə, bu reaksiya məsələyə hansı aspektdən yanaşıldığını bir daha sübut edir.

ABŞ və Avropa Birliyi isə Rusiyanın Qara dənizdə yenidən güclənməsinə laqeyd qalmaq istəmirlər. Xüsusilə, dünya jandarmalığına can atan ABŞ üçün bu dəniz dünyada nəzarət edə bilmədiyi yeganə su hövzəsidir və bu hövzə vasitəsilə istər onun sahillərindəki regionda, istərsə də Cənubi Qafqaz və Orta Asiyada öz varlığını möhkəmləndirə bilər.

Üstəlik, bu hövzə Aralıq dənizində və dünya okeanlarında onunla amansız rəqabətə hazırlaşan bir gücün yuvası halına gəlib. Təhlükəni beşikdə boğmaq istəyən super güc öz hərbi dəniz donanmasının Qara dənizdə də mövcudluğuna can atır. Onun bu məsələdə söykəndiyi əsas hüquqi baza isə Montro sazişidir. 

ABŞ indi bu sazişin verdiyi hüquqlardan istifadə edərək Qara dənizdə daimi olaraq oturmaq niyyətindədir. Hər halda ABŞ Dəniz Qüvvələrinin 6-cı Flotunun komandiri, vitse-admiral James Foggonun dediyindən belə çıxır.

Heydər Oğuz 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ