SON DƏQİQƏ

PressDent.Info

Qaniçən prezidentin legitimliyi

Qaniçən prezidentin legitimliyi
4-09-2015, 09:52 29697 dəfə baxılıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri elə o, gəldiyi gündəcə başa çatdı. Gözlənildiyi kimi, heç bir möcüzə-filan baş vermədi. On görə ki, bəzi nikbin şərhçilərin söyləntilərinə rəğmən, Rusiya XİN başçısı cibində Qarabağa dair həll modeli  gətirməmişdi.
 
Azərbaycan səfərindən öncə isə Lavrov maraqlı və diqqətçəkici bir açıqlama vermişdi. 
Suriya mövzusunda ölkəsinin ABŞ-la ziddiyyət təşkil edən mövqeyindən danışarkən nazir sanki Amerikaya, Türkiyəyə, bütün sivil bəşəriyyətə acıq verirmiş kimi, meydan oxuyurmuş təki belə bir ifadə işlətmişdi ki, “Suriyanın başçısı Bəşər Əsəd prezident kimi əla legitimdir”.
Yəni o boyda həngamədən, bu boyda vətəndaş qırğınları və vəhşiliklərdən sonra da Suriya diktatorunun hakimiyyətdən getməsini tələb etmək Lavrova, Kremlə görə, əsassız və haqsız imiş.
Bu, əslində Azərbaycana səfər öncəsi Rusiyanın xarici siyasətinin gerçək mahiyyətinin növbəti nümayişi idi. Mahiyyət də ondan ibarətdir ki, şimal qonşumuz Krim məsələsində olduğu kimi, beynəlxalq normaları ayaqaltı eləməkdə, öz maraqlarını hər şeydən, bütün dəyərlərdən, o cümlədən beynəlxalq hüquqdan, təməl insan haqlarından üstün tutmaqda davam edir.
İndi belə bir ölkədən Qarabağa məsələsində ədalətli mövqe ummaq, insaflı münsiflik (arbitrlik) gözləmək əlbəttə ki, absurd olardı. Deyir, “Dostunu göstər, deyim kimsən”. Bu gün Rusiyanın, onun rəhbərliyinin dost-müttəfiqləri hələ də hakimiyyətdə qalmaq naminə öz xalqına qənim kəsilən, ölkədə əmin-amanlığın bərpasına var gücü ilə, inadla müqavimət göstərən, milyonlarla həmvətəninin ölkədən didərgin düşməsinə, Avropaya keçmək istəyən uşaqlı-qadınlı yüzlərləsinin isə Aralıq dənizi sularında qərq olmasına bais olan Bəşər Əcəd kimilərdisə, onların qurduqları antiinsani rejimlərdisə, Xocalı canisi Serj Sərksiyan və işğalçı Ermənistandırsa, əlavə şərhə ehtiyac qalmır yəqin ki.
Sözü ona gətiririk ki, neçə illərdir Yaxın Şərqdə - Suriyada, İraqda, Yəməndə axıdılan və axıdılmaqda davam edən tonlarla günahsız qana, həmçinin qaniçən İŞİD terrorunun uzanan ömrünə, hətta PKK azğınlıqlarına görə həm də Rusiyanın hazırkı rəhbərliyi, Putin, Lavrov sorumludur.
Bu mənada Rusiyaya qarşı Qərbin, ABŞ-ın güclənən sanksiyalar məntiqli və haqlıdır və öncəliklə dünyadakı qaniçən rejimlərin əsas sponsoru və havadarlarından biri olaraq Rusiyanı zəiflətməyə, neytrallaşdırmağa yönəlib. Deməli, sanksiyalar həm də humanist, bəşəri xarakter daşımaqla ləyaqət hissini itirməmiş hər bir insanın marağındadır, onun xeyrinədir.
Rusiyanın zəifləməsi o sırada 25 ildir Moskvaya görə həllini tapa bilməyən, milyonlarla vətəndaşı öz yurd yerindən didərgin salınmış Azərbaycanın da marağındadır. Bu, həmçinin o anlama gəlir ki, Rusiya dövlətinin yaşamasına, ayaqda durmasına, böhrandan çıxıb güclənməsinə kömək eləmək elə Qarabağ münaqişəsinin uzanmasın kömək göstərmək deməkdir.
Bu dərəcədə bəsit bir həqiqət. Yoxsa ki, Putin Qarabağ məsələsinin ədalətli həllinə yardımçı olacaq kimi illüziyalar, sadəlövh ümidlər... Putin 15 ildir Rusiyanın başçısıdır (Dmitri Medvedyev formal prezident idi), bu müddətdə o, problemin yoluna qoyulması üçün əlini ağdan-qaraya vurmayıbsa, belə bir şeyin hər hansı əlaməti ortada yoxdursa, əskinə, konfliktin uzanmasının əsas günahkarıdırsa, o zaman Rusiyanın zəifləyib sıradan çıxması bizim, niyə də Azərbaycan dövləti və xalqının marağımızda olmasın? Elə Kremlin Bəşər Əsəd timsalında legitim sayıb arxasında durduğu qaniçən müttəfiqlərinin də!..

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ