SON DƏQİQƏ

PressDent.Info

Qamçıdan qurtulmağın yolu

Qamçıdan qurtulmağın yolu
4-09-2015, 10:35 30129 dəfə baxılıb

Günün sualını və təlaşını hamınız bilirsiniz; seçki necə olacaq? Guya kimsə bilmir ki, seçki necə olacaq. Görünən xarabalığa bir bələdçidəmi lazım? Allah xatirinə, ikidə bir sual verib nə özünüzü, nə də bizi yormayın. Bu durumda, bu şərtlərdə o saxta qutu oyununa girib olub-qalan enerjinizi xərcləyib, əsəblərinizi pozmaq sizə lazımdır? Şəxsən mənə lazım deyil. Mən daha bu bədnamlığın içində nə seçici, nə müşahidəçi, nə də təəssübkeş olmaq istəmirəm. Mən həbsxanalarda günahsız yerə tutulan insanlarımızın haqqını tapdayıb, bir səslə olsun belə, saxtakarlara legitimlik haqqı vermək istəmirəm. Mənim üç-beş ay öncədən tutulan siyahılarda yer alıb, minlərlə insanın haqqına girənlərin günahına şərik olmaq kimi bir niyyətim də yox. Bilirəm ki, indi mənim kimi düşünən insanların sayı daha çoxdur, sayı milyonu ötüb keçəcək qədər çox...

Bu günlər Üzeyir Hacıbəyovu təkrar-təkrar oxumağa başlamışam. Yazdıqları günün nəbzini elə vurur ki, ondan daha yaxşı şəkildə anlatmaq da bir az zor məsələ... Güldürməsinin də, “öldürməsinin” də bir ayrı zövqü var. Seçkiyə dair yazdığı “Duma yaxınlaşır” felyetonunda olduğu kimi: “Pah-pah, duma yaxınlaşır! Görəsən bizlərdən kimi seçəcəklər! Allahın altında məni seçəydilər! Nə tövr edim ki, məni seçsinlər? Nə kələk qurum? Kimi ”padkupit" eləyim...

Mənciyəzi dumaya vəkil seçsinlər, əgər desəm ki, bir qəmim var, atam mənim şeytan olsun! Zarafat deyil, canım! Dumada vəkil olmağın bir gör necə ləzzəti var? Əşi bu xaraba qalmış yerdə mənim kimi adamlar bir az çox qalsa, vallahı ki, çərlər, dərd-vərəm gətirər!... Bu bir ləzzət ki, bu xarabadan çıxıb bir az qulağı dinc olarsan. Ikinci odur ki, böyük bir ad qazanarsan? Üçüncüsü budur ki, sənə orada həmişə, allahın verən günü on dənə manat nəğd pul verəcəkdirlər ki, heç yatsan da yuxuna girməzdi!.."

Bax, indiki halda seçkiyə hazırlaşanların yüzdə doxsanı Üzeyir bəyin yazdığı kimi düşünənlərdir. Bu imkansızlıq arasında kimsə qarğa-quzğun yığnağına girib, öz halal haqqı ilə qazanacağını iddia etməsin. Mümkün olmadığını artıq hamınız bilirsiniz. Bilməmək və anlamamaq üçün heç bir səbəb yox artıq. Seçkiyə iki aydan da az qalan bir vaxtda Xədicə Ismayıla oxunan 7,5 il sizə heç nə demir? Ardıcıl və qətiyyətli müxalif mövqeyi olan qurumların toplanma, təşkilatlanma, ofis qadağası necə? Iki müxalifət liderinin yarım saat bir çayxanada oturması üzündən o çayxananın bağlanması necə? Ölkədə vətəndaş cəmiyyəti adına fəaliyyət göstərən bütün təşkilatları silib, yerinə oyuncaqların qoyulması necə? Sosial şəbəkə fəallarına, gənclərə, haqlının yanında yer alan inanclı insanlara təzyiqlər də bəs eləmir yəni? Hələ mən sırf seçki ilə bağlı olan seçki məcəlləsi, seçki komissiyaları kimi məsələləri demirəm. Normal halda isə elə təkcə onların tərtib qaydasındakı biabırçılıqlar seçkidən imtina üçün yetərli sayıla bilər. Bütün bu əyriləri görüb yenə də seçkiyə getməkdə israr edirsinizsə, artıq öz işinizdir. Amma indiki halda o əyriliklərin doğruya tərəf aparmadığını da biz yaxşı görürük... 

Yuxarıda seçkiyə qatılmaq istəyənlərin yüzdə doxsanı məsələsini boşuna qeyd etmədim. O vəkil adına iddia edənlərin arasında beş-on nəfər saf adam da olmamış deyil. Ancaq onların həmin saxta yığnağa düşüb gözmuncuğu kimi şər qüvvələrə təsir edə biləcəyi də real görünmür. Biri Molla Nəsrəddindən “evimizin qapısına at nalı assaq, bizə uğur gətirərmi?” deyə soruşur. Molla da “heç düşünmürəm, o nallardan hər atın ayağında dördü var, amma yazıqlar səhərdən-axşama qədər qamçı yeməkdən qurtula bilmirlər”- deyir. Bəli, bizim dərdimiz gözmuncuğundan keçib artıq, qamçıdan qurtulmağın yolunu tapmaq lazımdır.

SƏADƏT CAHANGIR

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ