SON DƏQİQƏ

PressDent.Info

Qəfil sual: «Mən nə üçün yəhudi deyiləm»?

Qəfil sual: «Mən nə üçün yəhudi deyiləm»?
3-09-2015, 11:50 31957 dəfə baxılıb

ÖLƏ BİLƏRİK – OLA BİLMƏRİK!

Bu günlərdə eşitdiyim iki xəbərin «pressinq»i altında «var-gəl» etdiyim bir vaxtda, olduqca maraqlı bir yazıya tuş gəldim. Qulaq asın, növbə ilə «nağıl eləyim»…

Xəbərin biri rusiyalı müğənni, Duma deputatı İosif Kobzonun mualicə üçün Avropa İttifaqına (İtaliyaya) üz tutması barədə idi. Xəbər verilirdi ki, Kobzon müəllimin adı Avropa İttifaqının sanksiya siyahısında olduğu üçün, onun müalicə vizasının alınması əvvəlcə əngələ çevrilib, amma sonra prezident Putinin bilavasitə işə qarışması nəticəsində müsbət həllini tapıb. Rusiya «politoloq»ları Putinin bu «xidməti»ni göylərə qaldıraraq, onu «möcüzə» adlandırmaqdan çəkinmədilər. Fəqət, onların «təbliğatı»ndan aydın olmadı ki, Putinin məhz hansı xidməti möcüzə kimi təqdim olunur: «müalicə vizası»nın alınması məsələsindəki xidməti, yoxsa vəziyyəti elə bir həddə gətirib çıxarmağı və nəticədə daha bu ölkənin avantüristlərinin azad Avropaya buraxılmasının mümkünsüzlüyə yüksəlməsi istiqamətindəki xidmətləri?

ATR» Krım-tatar telekanalının baş direktor müavini Aydər Müjdəbayev isə yazdı ki, Putinin İosif müəllimə viza alması möcüzə-filan deyil. Möcüzə o zaman baş verərdi ki, cənab Putin heç olmasa bircə nəfər avropalı xərçəng xəstəsini dilə tutub, müalicə üçün Rusiyaya gəlməyə razı sala biləydi…

İkinci xəbər bu günlərdə Bakı şəhərində – 1 saylı Klinik xəstəxanasının doğum şöbəsində baş vermiş ana və uşaq ölümü barədədir. Doğuş vaxtı uşaq, sonradan isə ana dünyasını dəyişib, amma bizim «əllamə səhiyyəçilərimiz» utanmadan-çəkinmədən deyirlər ki, guya ölən ana ürək xəstəsi imiş və ümumiyyətlə, ona doğmaq olmazmış. Səhiyyə Nazirliyinin bu «şərhi» məni xeyli düşündürdü – elə hey, bir sual ətrafında «azıb qalmışdım»: Görəsən, doğulan körpə də ürək xəstəsi imiş?! Bəs, səhiyyə naziri deyirdi ki, onun rəhbərlik etdiyi Azərbaycan səhiyyəsi də Amerika səhiyyəsi səviyyəsinə yüksələcək…

Önə çəkdiyim bu iki xəbərdən açıq-aydın görünür ki, Rusiya səhiyyəsi də, Azərbaycanın səhiyyəsi də bərbad gündə olduğu kimi, hər iki ölkənin əhalisi total tibbi köməksizlik aqibəti yaşamağa məhkum edilib!

Elə bu nəticəyə gəlmişdim ki, daha bir rusiyalı jurnalistin – Viktor Şenderoviçin «Qəfil sual» məqaləsinə rast gəldim. İbrətamizliyi ilə diqqətimi çəkdiyi üçün onu dilimizə çevirib, hörmətli oxucularımızın diqqətinə çatdırmaq qərarına gəldim…

«Taksi sürücüsü – ziyalı görkəmli yaşlı kişi – aramla və demək olar ki, heç bir emosiyaya varmadan mənə öz həyatından danışırdı. Arvadı xərçəng xəstəsidir, burada həkimlər axmaq-mənasız işlərlə məşğul olub və ondan pul çəkirmişlər. Sonradan arvadını İsrailə aparır – orda həkimlər prosesi dayandırır və hətta «əməliyyat göstərişli» («operabelnıy») hala gətirirlər. Amma hələ bir kurs müalicə də keçilməli idi. Bu, orada xeyli bahadır – 32-dən başladıq, indi isə 70-dir.

İsrailli həkimlər Moskvada daha bir kurs müalicə keçmək üçün onun arvadına bir ampul dərman verib və xəbərdarlıq ediblər: Qoy, xəstəxanada ampulu sizin iştirakınızla açsınlar, yoxsa dərmanı oğurlayıb, əvəzinə xəstənin venasına əllərinə keçən zir-zibili yeridərlər…

Xəstəxanaya gəlirlər və deyirlər ki, ampulu bizim iştirakımızla açacaqsınız. Həkimlər, «problem yoxdur – 5 min verəcəksiniz» – deyirlər! Nə üçün? Ona görə ki, ampulu sizin iştirakınızla açırıq (Oxu: ona görə ki, oğurlamırıq və sizin arvadınızın venasına dərman əvəzinə, zir-zibil yeritmirik).

O da 5 mini ödəyir – başqa yolumuz yox idi, deyir. Oğlumuz futbol oynayır, İkinci liqada. Anasına pulla kömək elədi…

Taksist bir qədər ara verir və sona soruşur: Nə üçün mən də yəhudi deyiləm?!

Mən, bu suala cavab verə bilmədim. Bir-iki başqa suala cavab verə bilərdim, amma o, həmin sualları vermədi…».

Bu yazını oxuyandan sonra bəzi mətləbləri anlamağa başladım. Məsələn, Kobzon nə üçün xərçəng xəstəsi olub? Ona görə ki, Rusiyada yaşayır. Bəs, necə olur ki, «sanksiyaaltı» olduğu halda, onu Avropa İttifaqına müalicə olunmağa buraxırlar? Çünki o, yəhudidir…

Bəs, nə üçün Azərbaycanlı ana və uşağı doğuş vaxtı ölür – həkimlər onların həyatını xilas edə bilmirlər? Çünki onlar Azərbaycanda yaşayırlar və yəhudi deyillər!!!

Deyirəm, bəlkə xilas olmaq üçün hamımız birdən – «xorla» dönüb yəhudi olaq? YOX, ÖLƏ BİLƏRİK – OLA BİLMƏRİK!


Mirzə AĞ

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ