SON DƏQİQƏ

PressDent.Info

Bilik günü bazara düşmüşdü

Bilik günü bazara düşmüşdü
1-09-2015, 23:40 35354 dəfə baxılıb

Mən birinci sinfə gedəndə 1 sentyabr bazar gününə düşmüşdü. Ona görə də, sırf həmin günlə bağlı xatirəm sonrakı illərə aiddir. 
Amma ailədə, təhsildə təsadüflərlə və qəribəliklərlə ən az rastlaşan mən olmuşam. Ortancıl qardaşım dörd dəfə birinci sinfə gedib. Çünki onun birinci sinfi müharibəyə düşüb, tez-tez bir yerdən başqa yerə köçmüşük. Getdiyimiz yerlərdə ya məktəbdə birinci sinif müəllimi olmayıb, ya ümumiyyətlə, birinci sinif olmayıb, ya da yerli-dibli məktəb olmayıb. Dördüncü dəfə uşağa birinci sinif təklif olunanda, deyib, axı nə qədər birinci sinfə getmək olar?
O dövrdə ətrafda hər kəsin məktəb həyatı bu cür idi, qarışıqlığa düşmüşdü. AzTV-nin dediyi kimi idi, evdən bayıra çıxa bilmirdik. Hər yerdə müvəqqəti yaşayan insanlar idik, bəziləri başqa yerə gedəcəyini düşünürdü, bəziləri isə torpaqların qaytarılacağını. Hər kəs elə davranırdı, elə bil, yeni yerdə möhkəmlənəndə köhnə əlimizdən çıxacaqdı.
Mən orta məktəbə Gəncə şəhərində getdim. Çünki gəzə-gəzə axırda orda qərar tutduq. Bilmirəm necə oldusa, gecikdim, birinci gün dərsə gedəndə artıq siniflər müəyyən olunmuşdu. İlk getdiyim sinifdə cəmi bir neçə gün qala bildim. Çünki valideynlərim hardansa öyrəndilər ki, özünü həddindən artıq mehriban göstərən müəlliməm əslində pul dəlisidir, ona 8 martda pul gətirməyən uşağı ayağa qaldırır, pul gətirənə deyir ki, bunun üzünə tüpür. Mən də bu dəhşətli faktı bilmədiyimdən sinifdən ayrılmaq mənim üçün çətin oldu. Müəlliməm valideynləri qorxutmamaq üçün bizimlə elə davranırdı, elə bilirdim, mələkdir.
İbtidai təhsilim elə də anormal keçmədi. Yeni müəlliməm mənimlə normal rəftar eləyirdi, çünki valideynlərim tapşırmışdılar ki, məni döyməsin. İndinin gözüylə qəribədir, müəllimə tapşırırsan ki, uşağı döymə. O rəhmətlik də məni döymürdü. Amma məndən başqa uşaqların heç birinə aman vermirdi. Maraqlıdır ki, onların valideynləri bundan qətiyyən narahat olmurdular. İndi soruşsan, heç biri bunu pis bir xatirə kimi yada salmaz, deyərlər, yaxşı eləyib, bizi döyə-döyə adam eləyib.
Bu cür döyülməməyə öyrəşmək səbəb oldu ki, elə ibtidai təhsili başa vurduğum il sinfimi dəyişim. Çünki yeni müəlliməm uşaqları əvvəlkindən də pis döyürdü və bu "qayda" mənə də şamil edilməyə başlanmışdı.
"Döyə-döyə adam eləmək" o dövr adamlarına görə tərbiyələndirmə şəkli idi. Çətin tərbiyələnən uşaqlar üçün bu işə yarayırdı, yəni onlar sadəcə bununla sakitləşirdilər. Bu üsul həm də ona görə geniş tətbiq olunurdu ki, müəllimlərin özünü də belə tərbiyələndirmişdilər. Halbuki normal təhsil sistemində bu tamamilə qəbulolunmazdır.
Orta məktəbin sonlarına yaxın məktəbimizdə qumbara partladı. Bildiyimiz qumbara, döyüşdə istifadə ediləndən. Dərsdə oturmuşduq, güclü partlayış səsi eşitdik. Getdik, gördük ki, ən yuxarı sinfin uşaqları bədənlərindən qan axa-axa özlərini sinifdən bayıra atırlar. Terror kimi bir hadisə idi, heç kim baş verənə inana bilmirdi, uşaqların hamısının üzündən dəhşət oxunurdu. Mənim üçün o qədər də yeni deyildi, müharibənin yadımda dumanlı şəkildə qalan xatirələrindən bomba səsinə və ölüm-itimə az da olsa öyrəşmişdim. Amma ordakı uşaqlar üçün yeni idi, hər kəs ağlayırdı. 
Xülasə, orta məktəbi bitirdim və universitetə qəbul oldum. Oranın isə sosiallaşma xaricində hər hansı bir faydasını görmədim. 
İndi yadıma düşəndə düşünürəm ki, 1996-cı ilin 1 sentyabrında mənim başıma gələn təsadüf, yəni həmin günün bazar olması müstəqillikdən bu yana Azərbaycan təhsilinin taleyidir. 
Bizim ölkəmizdə təhsil bazara düşüb, gözləyirik bazar ertəsi gəlsin. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ