SON DƏQİQƏ

PressDent.Info

Rusiya bəxtini Asiyada arayır?

Rusiya bəxtini Asiyada arayır?
2-09-2015, 13:38 22736 dəfə baxılıb

Asiya Rusiya üçün heç də təzə məsələ olmasa da, adam V.Putinin necə vurnuxmasına baxanda özünə də məlum olmayan səbəblərdən bir məmnunluq hissi duyur...
Budur, bu gün Rusiya prezidenti İkinci Dünya müharibəsinin başa çatmasının yetmiş illiyi münasibətilə Pekinə səfər edəcək... 
Məsələ təkcə 2-ci Dünya müharibəsi ilə bağlı olsaydı bunu sıradan bir səfər hesab edərdik. Amma V.Putin Asiyada nəsə axtarır. Bu “nəsə”nin nə demək olduğunu bilmək isə o qədər də çətin məsələ deyil - Rusiya Asiyada möhkəmlənməyə cəhd edir...
Əslində “Asiya, yoxsa Avropa?” kimi çoxəsrlik mübahisələr, dilemmalar  Rusiyada artıq 300 ildir ki, davam edir. İndi isə zamanın özü hər şeyi yerbəyer etməyə cəhd göstərir - Avropadan qovulan Rusiya nəzərlərini Asiyanın ənginliklərinə, onun hələ tam açılmamış demoqrafik, təbii və geosiyasi resurslarına dikir və əksər müşahidəçilər də bunun heç də səmərəsiz olmadığı qənaətindədirlər...
Əgər hamını təşvişə salan bu son iqtisadi böhranı nəzərə almasaq və iqtisadçıların bu xüsusda dediklərini bircə anlığa unutsaq, Çin dünyanın iqtisadi və maliyyə nəhənglərindən biri hesab edilir. O da maraqlıdır ki, bu ölkə son vaxtlar özünün ikinci dünya müharibəsindəki qələbəyə töhfəsinin yetərincə dəyərləndirmədiyini iddia edir... 
Güman edirik ki, V.Putinin Çinə bu günə nəzərdə tutulan səfəri həm də “səmaaltı nəhəng”in bu məsələ ilə bağlı “kaprizlər”ini da aradan götürmək və ona lazımi diqqəti bəxş etmək məqsədi güdür...
Düzdür, indi dünya növbəti məchulluq ərəfəsindədir. İnsanların qayğılarına daha bir qayğı da əlavə olunub - çox adam Çindəki iqtisadi prosesləri izləyir. Əvvəlcə belə deyildi ki, böyük ölkənin böyük iqtisadiyyatı böyük problemlər yaşayır...
Amma sonradan bildirildi ki, bu xəbərlər bir qədər şişirdilib, böhran düşünülən qədər də ciddi deyil. Amma bütün bunlara baxmayaraq indi Çinin iqtisadi durumu televiziya verilişlərinin iqtisadi blokunun əsas hissəsini təşkil edir -bunları bir az əvvəldə qeyd etdiyimizdən bir daha bu məsələlərin üstündə dayanmaq istəməzdik...
Rusiyanın da Çinə və bütövlükdə Asiyaya marağı iki aspektdən doğur. Bunlardan biri mövcud qlobal iqtisadi konyunktura ilə bağlıdır - ikinci soyuq savaş haqdakı xəbərlər bir tərəfə, son vaxtlar hətta ikinci depressiyadan danışmağa başlayıblar. Hələ o da deyilir ki, birinci depressiya bununla müqayisədə lap uşaq oyunu olacaq. Ona görə də hamı, o cümlədən də Rusiya öz iqtisadiyyatı üçün çıxış axtarır...
Digər səbəbsə geosiyasi məzmun kəsb edir. Düzdür, Avropa hələ də böyük iqtisadi nəhəng olaraq qalır. Amma Asiya da son vaxtlar özünü daha çox diqqətə gətirməyə başlayıb. Həm də Asiya təkcə Çin demək deyil, bu, həm də Yaponiya, Koreya və Cənub-Şərqi Asiya ölkələri deməkdir...
Burada həqiqətən də indiyə qədər istifadə olunmamış böyük geosiyasi və geoiqtisadi resurslar var. Avropa ilə fərq ondadır ki, Asiya ölkələri yetərincə təşkil olunmayıb, onların siyasi işbirliyi zəifdir... 
Ona görə də zamanı qabaqlamaq istəmirik. Asiya ölkələrinin nə qədər dərin inteqrasiyaya hazır olduğunu hələ deyə bilmərik. Həm də onların geosiyasi və geoiqtisadi maraqlarının, simpatiyalarının fərqinə varmaq istəyirik. Məsələn, Çin ABŞ-la Rusiyanın yaşadığı siyasi və geosiyasi problemləri bölüşmək iqtidarındadırmı? Bu prosesdə Çin hansı ölkəni özünə daha yaxın hesab edir?
Bu suallar cavabını gözləyir. Elə digər suallar da az aktual görünmür. Amma getdikcə bir məsələ daha çox qabarır - bəzi Avropa ölkələri bu xüsusda hələki tərəddüd etsələr də, Rusiya üçün bu region yadlaşmağa başlayıb...
Sözsüz, Rusiya siyasəti və diplomatiyası bunu biruzə verməməyə çalışır - ona görə ki, heç bir ölkə bazarlarını asanlıqla əldən vermir...
Avropa da Rusiya üçün enerji bazarıdır. ABŞ və Avropa ölkələri bu bazarda Rusiyanın çəkisini nə qədər azaltmağa çalışsalar da, hələki Rusiya oradan çəkilmək niyyətində deyil. Amma siyasi cəhətdən Rusiya Avropadan qovulub - bu ölkənin NATO çərçivəsində fəaliyyəti dondurulub, hətta Avropa Şurası onu mandatdan məhrum edib...
Belə olan halda Rusiya nə edə bilər? O, təbii ki, ikibaşlı qartalın o biri başının göstərdiyi istiqamətə - Asiyaya tərəf üz tutacaq...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ