SON DƏQİQƏ

PressDent.Info

Qoduq cıdırıyla acıq vermək

Qoduq cıdırıyla acıq vermək
2-09-2015, 10:34 20380 dəfə baxılıb

Bu ermənilər gerçəkdən də qəribə millətdir, acığa düşüb nə desən edirlər. İndi də durub Şuşada, Cıdır düzündə qoduq yarışması təşkil ediblər.
Əvvəllər onlar bunu Xankəndinin yaxınlığındakı Vəng kəndində edərdilər, indi məkan dəyişdiriblər.
Şəkillərdən görünür ki, onlar builki ulaq cıdırının daha təntənəli təşkil olunmasına çalışıblar. Sanasan, mundial keçirirlər, beynəlxalq yarış təşkil edirlər. Yox bir qoduq olimpiadası...
Yekə-yekə bığlı-saqqallı kişilərdir, hərəsi özləri ağırlıqda bir qoduğa minib ötüşürlər. Finişi birinci keçənin ödülü nədir, görəsən, uduş fondu nə qədərdir ki, bunlar belə ciddi-cəhdlə ötüşürlər?
Heç bizdə olimpiyaçı süvarilərimiz yarışlara o qədər həvəslə qatılmırlar ki, ermənilər qoduq cıdırlarına elə həvəslə hazırlaşır, uzunqulaqlarının belində vüqarla oturaraq yarış meydanına daxil olurlar.
 
Baxarsınız, gün gələcək, onlar bu yarışı beynəlxalq miqyaslı birincilik etməyə çalışacaqlar, qonşu dövlətlərdən qoduq jokeyləri dəvət edəcəklər. Bir də görəcəyik, budu ha, qonşumuz İranın Həmədan şəhərindən idmançılar öz cins ulaqlarları ilə yarışa qatılıblar. Kutaisidən gürcülər, Süxumidən abxazlar, Sxinvalidən osetinlər də gəldimi, al sana beynəlxalq ulaq yarışı...
Hətta iş bununla da bitməyəcək, ermənilərin bu layihəsi bir qədər uğur qazansa, tələb edəcəklər ki, ulaq yarışları Yay Olimpiya Oyunlarının tərkibinə də daxil edilsin. Fransa, Rusiya kimi dövlətlərin olimpiya komitələri ideyanı dəstəkləyəcəklər, bir də görəcəyik, bay, məsələ dünya miqyasında müzakirə olunur.
Onu da deyək ki, Qarabağ ermənilərinin eşşək sevdasının qədim ənənələri var. Biz bu tərəfdə Qarabağ atları ilə fəxr etdiyimiz vaxt, onlar da Qarabağ eşşəyinin şöhrətini yayırdılar.  Bizimkilər Ağdamda at zavodu yaradanda, onlar da Vəngdə qeyri-rəsmi olaraq eşşək zavodu təsis etmişdilər və saf qanlı eşşək cinsi yaradırdılar.
Biz öz atımızla bir tərəfə çıxa bilmədik, süvarilərimiz beynəlxalq yarışmalarda uğur qazana bilmirlər, nəticədə at belində doğulan göy türklərin züryəti olduğumuz şübhə altına düşür. 
Amma, gördüyünüz kimi, ermənilər öz qoduqlarını gətirib başa keçiriblər. 
İki-üç gündür ki, milli patriotlarımız Cıdır düzündə keçirilən qoduq yarışmasına görə xeyli üzgün və qəzəblidirlər, deyirlər, ey gidi dünya, gör nə qədər mağmınıq, erməni Cıdır düzündə “toş-toş” deyə eşşək oynadır, finişə çatıb “toqquş” deyirlər, biz də qalmışıq baxa-baxa, yana-yana.
Biz gərək belə şeyləri ürəyimizə salmayaq. Zatən, ermənilər bu yarışları bizə yanıq vermək, bizi acıqlandırmaq üçün edirlər. Bundan bir neçə gün əvvəl Cıdır düzündə moda yarışması keçirmişdilər. Rus milyarder Sterliqovun arvadı bir dəstə axçi ilə Cıdır düzündə fotoqraflara poza vermişdi. (Yeri gəlmişkən, Sterliqovun özü Qarabağa gələndə ulaq minir - Qarabağ ermənilərinə hörmət əlaməti olaraq). Yenə də məqsəd bizim əsəblərimizlə oynamaq idi.
Hələ bu məsələ qoduq ötüşdürməklə bitməyəcək. Bir-iki həftədən sonra Cıdır düzündə dombalaqaşma yarışları, dolmabişirmə birinciliyi, “Sarıgəlin”oxuma  festivalı, qar yağanda qartopu oynama, qardanadamdüzəltmə turnirləri də təşkil edə bilərlər. Nələri olmasa da, fantaziyaları genişdir. 
8-9 il öncə İspaniyada təhsil alan yazıçı Nərmin Kamal yazmışdı ki, o ölkədə təxminən 550-dən artıq festival, bayram (öküzün qabağına düşüb qaçmaqdan tutmuş ta bir-birini al pomidor şirəsinə bulaq etməyə qədər) var və elə gün olur, bəzi bölgələrdə üst-üstə iki festival keçirilir və bayramsevər ispanlar kef eləyir. Amma təsəvvür edin ki, ispanlar bu qədər bayram icad etdikləri halda qoduq cıdırı təşkil etməyi unudublar. Hərçənd bilmək olmaz, bəlkə bu yarış da hardasa Kataloniya tərəflərdə icad olunub, ermənilər onlardan çırpışdırıblar. 
İndilikdə yalnız onu arzu etmək olar ki, bizim idman təsərrüfatının başbilənləri sırf ermənilərin acığına ulaqçılıq federasiyası yaratmasınlar. Son illər ermənilərlə bəhsləşməyə bir canıq axı. Qoy öz qoduqlarını minib rədd olsunlar...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ