SON DƏQİQƏ

PressDent.Info

Əlzaman müəllimin Arzuman müəllimin oğlu ilə mücadiləsi

Əlzaman müəllimin Arzuman müəllimin oğlu ilə mücadiləsi
2-09-2015, 12:30 30837 dəfə baxılıb

“Yağış hey tökürdü. Ayaqqabılarıma da 
su keçirdi. Özüm də yamanca 
islanmışdım. Tir-tir titrəyirdim. 
Cavan bir oğlan mənə yaxınlaşdı.
- Bağışlayın, əmican! - dedi.
Mənə elə gəldi ki, o məndən vaxtı soruşacaq. O isə soruşdu:
- Dünənki futbol oyunundan xəbəriniz varmı? Deyə bilməzsinizmi?" 
(Əziz Nesin, “Uçuruma yuvarlanırıq”)
Dünən 1 sentyabr idi, o üzdən məktəb yadıma düşdü. Köhnə məktəbləri deyirəm, təzələrdə dərslər 15 sentyabrda başlanır. Yeri gəlmişkən, yapistlərin bütün mənasız, əlləm-qəlləm “islahatları” kimi məktəblərdə dərslərin başlanğıcının 15 sentyabra keçirilməsi də karikatur bir hərəkət idi. Nə iqlim, nə təhsil, nə siyasi, nə ictimai - heç bir baxımdan bunun önəmi yox idi. Bəs o zaman niyə belə elədilər? Bekarçılıqdan. Ad olsun ki, kişinin uşağı iş görür. Sovet lətifəsindəki kimi: yol sökülüb, paravoz işləmir, vaqonlar it günündədir, amma pərdələri yelləmək lazımdır ki, qıraqdan baxan elə bilsin harasa gedirik. Məncə bu axmaq qərarı ləğv edib “Bilik gününü”, tədris ilinin başlanmasını yenidən 1 sentyabra qaytarmaq lazımdır. Yoxsa adamlar uşaqlarına 1 sentyabr xatirələrini danışanda çətinlik yaranır, tarix qarışır. 
Bir haşiyə çıxaraq çoxdankı müşahidəmi bölüşmək istərdim. Yapistlərin Azərbaycana düşmənçiliyinin bir əlaməti də belə ənənələri, tarixi məhv eləməkləridir. Ölkədə elə bir məkan qalmayıb ki, onu heç olmazsa iki nəsil davamlı, tərpənməz, dəyişilməz şəkildə görmüş olsun. Tarixdə elə bir hadisə yoxdur ki, onu tərsə-məzhəb yazmasınlar, yozmasınlar. Nəticədə millət qalır çaş-baş, millət ola bilmir. İnsanların millət olmaq arzusu var, yoxdur - bu da ciddi bir sualdır. Yəqin dünyada ancaq bizim xarabada dükan-bazarda “sənə məsləhət deyil” tipli cümlə eşidərsən. Adamlar da buna sərbəst dözür. Mənim almağım üçün pisdirsə, başqalarına niyə satırsan, ay yaramaz?! Başqaları bizim qardaşlarımız, bacılarımız deyilmi? Bax, millət ilk növbədə belə məişət bağlarından yaranır. 
1 sentyabr məni təhsil sahəsinə yönəltdi, fikirləşdim, ey dadi-bidad, bu cür olmaz axı: gör neçə aydır məktəb direktorunun xadiməni döyməsi, müəllimin şagirdi budaması, şagirdlərin bir-birinə şıllaq atması tipli xəbərlərdən məhrum olmuşuq. Anladıq, tətildir, amma təhsil prosesi davamlı, arasıkəsilməz olmalıdır, bunu rəhmətlik Misir müəllimin nazirliyi dövründə biz kurrikulum söhbətlərindən də bilirdik. 
Hadisə yoxdursa, biz hansı gələcəyə ümid edək? Düzdür, yay aylarında bəzi deputatlar universitetə qəbul zamanı 750 bal toplayan bəzi uşaqları qutladılar, onlarla görüşüb sabun, YAP vəsiqəsi, çapan çalmaq üçün test kitabı, əyilən zaman belin sərpməsini önləyən maz və kremlər bağışladılar. Ancaq bu hadisə deyil, gündəlik tələbat mallarıdır. Biz bundan yaza bilmərik. Jurnalistə hadisə lazımdır. Yeri gəlmişkən, bunu ANS-in şeflərindən Mirşahin müəllim yaxşı düstur şəklində salmışdı. Deyir hadisə o deyil ki, qəzetdə yazasan: “Mirşahin ata oldu”. (Kimsə yazıbmış, hörmətli Mirşahin müəllim də buna əsəbləşmişdi). Hadisə o imiş ki, yazasan: “Mirşahin ana oldu”. Düzü bilmirəm korifey sənətçimiz bunu bacarıb, ya yox, hər halda, hadisənin modeli olaraq çox yaxşıdır, BDU-da keçmək olar. 
Belə kədərli, təhsilimizdən naümid düşüncələrlə kompüteri qapamaq istəyirdim ki, bir də gördüm “Cənub xəbərləri” qəzetinin redaktoru Zahir müəllimdən çox yaxşı bir məktub gəlibdir. Gəlin oxuyaq: 
“31 iyul 2015-ci il tarixdə Masallı Rayon Məhkəməsinin çıxartdığı hökmdən bəlli olur ki, məktəb direktoru ictimai yerdə dava salıb. Bu olay 20 noyabr 2014-cü ildə Masallı rayonunun Kürdəbaz kəndində (bu kənd Masallı rayonunun Qarğalıq Ərazi Vahidinə daxildir və Göytəpə-Qızılağac avtomobil yolunun kənarında yerləşir), gündüz saat 13 radələrində baş verib.
Hadisəni törədənlər Kürdəbaz kənd əsas məktəbinin direktoru Əlzaman Bədirov və həmin məktəbin sabiq direktoru Ərzuman Gözəlovun oğlu Gözəlov Valeh olmuşdur.
Təqsirləndirilən şəxs - Valeh Gözəlov (sabiq direktorun oğlu) məhkəmədəki ifadəsində bildirib ki, məktəb direktoru Əlzaman Bədirov günorta vaxtı maşını onların dükanı qarşısında saxlayıb. “Bu vaxt ona dedim ki, Əlzaman müəllim, noyabrın 18-də niyə maşını mənim üstümə sürürdün, az qalmışdı bizi öldürəcəkdin. Əlzaman isə uca səslə qışqıraraq: ...”
Ardı gələn nömrəmizdə. Açığı, belə gözəl məktubu, hadisəni bir yazıda vermək istəmirəm, maraqlı olmaz. Bizi izləyin!

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ