SON DƏQİQƏ

PressDent.Info

Demokratiya şəhidləri

Demokratiya şəhidləri
31-08-2015, 01:14 36313 dəfə baxılıb

Yaxud unudulmazlıq haqqı...

Şəhidlik yalnız Allah və ya vətən uğurunda fəda olmaq deyil. Şəhidlik həm də insanın öz ailəsi, şərəfi, namusu, ləyaqəti, haqqı, hüququ uğurunda ölməsidir. İnsanı şəhidlik zirvəsinə yüksəldən daha bir amil isə onun zülmə, haqsızlığa qarşı mübarizəsi və bu mübarizədə həyatını itirməsidir. Təsadüfi deyil ki, Məhəmməd peyğəmbər zülmə qarşı mübarizədə öldürülən şəxsin şəhid olduğunu bildirmiş, bu qəbildən olan şəxsləri cənnətlə müjdələmişdir. (Məhəmmədi Reyşəhri “Mizanul-Hikmət”  səh-486 Bakı-2009 “Nurlan” nəşriyyat-poliqrafiya mərkəzi-S.Ə).

Bu baxımdan Qarabağda, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğurunda mübarizədə həlak olan insanlarımızın şəhidliyi nə qədər uca və toxunulmazdırsa, Azərbaycanda demokratiya, insan haqları, söz və mətbuat azadlığı uğurunda mübarizədə həlak olan vətəndaşlarımızın şəhidliyi də bir o qədər ali və toxunulmazdır. Çünki hər iki qəbildən olan şəhidlər bizim uğurumuzda, vətənimizin və insanlarımızın azadlığı, gələcəyi naminə həlak olublar. Qarabağda həlak olan şəhidlərimiz torpaqlarımız və fiziki azadlığımız, demokratiya uğurunda şəhid olanlar isə ləyaqətimiz və mənəvi azadlığımız uğurunda mübarizə sonucunda əbədiyyə qovuşub. Hətta bir çox prametrlər baxımından demokratiya uğurunda şəhid olanların Qarabağ uğurunda şəhid olanlardan daha ağır şərtlər altında mübarizə apardığı iddia oluna bilər.

Məlum olduğu kimi, Qarabağ şəhidləri yad dildə, yad mundirdə olan düşmənlə mübarizə aparıb və onların bu mübarizəsinin nüvəsində dövlət və xalq faktoru dayanıb. Demokratiya uğrunda şəhid olanlar isə doğma dildə danışan, dövlətin və hakimiyyətin gücündən yararlanan “milli ünsürlər”lə mübarizə aparıb və onlara bu mübarizədə bir ovuc demokratdan başqa heç kim dəstək olmayıb. Qarabağ uğrunda şəhid olanlar apardıqları savaşın bədəlini yalnız öz canları ilə ödəyiblər. Demokratiya uğrunda mübarizədə şəhid olanların apardığı savaşın bədəlini isə yalnız bu şəxslər deyil, həm də onların doğmaları, ailə üzvləri və qohumları ödəyib. Qarabağ şəhidlərinin ailə üzvləri şəhid statusunun onlara verdiyi imtiyazdan az və ya çox dərəcədə istifadə edə bilir, bundan formal da olsa yararlanırlar. Demokratiya uğrunda şəhid olanların ailə üzvlərinin nəsibi isə təzyiq və mənəvi işgəncədən başqa bir şey deyil. Qarabağ uğrunda şəhid olanların ismi vətən uğrunda mübarizədə həlak olan şəxslər kimi tarixin yaddaşında əbəbdiləşib. Demokratiya uğrunda şəhid olanların xatirəsi isə yalnız demokrtik düşərgənin təmsilçiləri tərəfindən xatırlanmaqdadır və hələ ki, bu xatirə ümumxalq sərvətinə çevrilməyib. Məhz bu baxımdan Azərbaycanda demokratiya uğrunda mübarizədə şəhid olan şəxslərin siyahısının hazırlanması, onların xatirəsinin əbədiləşdirilməsinə ehtiyac var. Demokratiya şəhidlərinin siyahısına Azərbaycan müstəqillik qazandığı vaxtdan bu günə kimi söz və fikir azadlığı, demokratiya və insan haqları  uğrunda mübarizədə həlak olan, zülm və haqsızlıqla barışmadığı üçün öldürülən siyasilərin, media əməkdaşlarının, ziyalıların, hətta adi vətəndaşların belə adı daxil edilməli, onların xatirəsi tarix və gələcək nəsillər üçün qorunub saxlanılmalıdır. Bu, hamımızın mənəvi azadlığı, ləyaqəti, şərəfi uğrunda mübarizədə həlak olanlar qarşısındakı borcumuzdur. Bu, həm də gələcək nəsillər üçün bir örnək, bir mübarizə və zəfər dərsi olar. Təbii, biz bu zaman demokratiya uğrunda mübarizədə həyatını itirməsə də fiziki-mənəvi işgəncələrlə üzləşən, ruhi-mənəvi terrora məruz qalan, həbs edilən, ölkədən didərgin salınan insanlarımızın fədakarlıqlarını, əzab və iztirablarını da unutmamalı, bu yöndə ümumiləşmiş formada da olsa müəyyən iş görməliyik.

Əgər bir gün bu xalq sözün həqiqi mənasında azadlıq və demokratiyaya qovuşarsa, o zaman kimlərə borclu olduğunu unutmamalıdır. Gələcək nəsillər bilməlidir ki, onların azad və demokratik bir dövlətdə yaşaması üçün fövqəladə şərtlər altında mübarizə aparan, öz mətinliyi və dəyanəti ilə ölümə meydan oxuyan, ölümdən ucada dayanna kimlərdir. Gələcək nəsillər bunu bilməli və həmin insanların xatirəsi qarşısında ehtiramla baş əyməlidir.

 

Seymur Əliyev

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ