SON DƏQİQƏ

PressDent.Info

Avropa Oyunlarından sonra Azərbaycanda nə baş verəcək?

Avropa Oyunlarından sonra Azərbaycanda nə baş verəcək?
19-06-2015, 00:11 20820 dəfə baxılıb

 

 

 Azərbaycanda siyasi sistem bütün nöqsanları ilə özünü qabarıq şəkildə büruzə verir. Paradiqmal dəyişikliklər qaçılmaz görünür. Mövcud status-kvo kataklizmlərin xəbərçisidir. Ölkədə ciddi proseslərin başlana biləcəyi də istisna edilmir. Siyasi düşərgələri bürümüş cılız intriqalar fonunda yalnız çevik müşahidəçinin sezə bildiyi koordinal dəyişikliklər qaçılmaz görünür.

 

 Odur ki, belə bir sual yaranır - Avropa Oyunlarından sonra ölkədə nə baş verəcək? Artıq indidən ehtimal etmək mümkündür ki, bir sıra məmurlar hakimiyyət dəhlizlərindən qovulacaqlar və bu proses bir tragikomik çalar alacaq. Bütün bunlar yalnız ictimai rəyi ovsunlamaq üçün edilməyəcək. Məsələ ondadır ki, hakim siyasi elita “yeni məmur ordusu və yeni parlament” formalaşdırmaqda israrlı görünür. İcra strukturlarında, nazirlik və komitələrdə kadr dəyişikliyi qaçılmazdır. Ayrı-ayrı monopolistlər bölgələrə nəzarəti itirmək  ərəfəsindədirlər. Bu səbəbə iqtidar daxilində olan ayrı-ayrı qruplar olduqca amansız savaşa başlaylblar və bu müharibə hakimiyyət dəhlizlərində təsirsiz ötüşməyəcək.  Görünən budur ki, artıq bir-biriləri ilə mübarizə aparan qrupların liderləri səngərdən çıxaraq, “açıq kart”larla oynamağa başlayıblar. Bir sözlə, siyasi müstəvidə yeni mübarizə başlayıb və bu savaşda hər kəs öz adı ilə döyüşə atılır. Əslində iqtidardaxili savaşın açıq müstəviyə keçəcəyi bəlli idi. Bu gün bu savaşın növbəti mərhələsi başlamaq üzrədir. Öncədən də  proqnozlaşdırıldığı kimi, belə savaşın elan olunması elə Avropa Oyunlarından dərhal sonra baş verə bilər.

 

 Bu gün hakimiyyətin yetişdirməsi olan səfir Arif Məmmədov dövlət başçısının ətrafını hədəf seçir və ölkənin baş korrupsioneri adlandırdığı məmurlara açıq hücuma keçir. Burada da iqtidardaxili qruplaşmaların kölgəsi görünməkdədir.

 

Maraqlısı odur ki, Azərbaycan hakimiyyətinə xarici və daxili təzyiqlərin artdığı bir zamanda, iqtidarın ən önəmli simalarının da savaş baltalarını havada yelləməsi, artıq bu savaşın ölüm-dirim məsəlinə çevrildiyinin göstəricisi kimi dəyərləndirilə bilər. Şübhə yoxdur ki, hakimiyyət dəhlizlərindəki savaşı dərinləşdirənlər bütün bu proseslərin mərkəzi hakimiyyəti laxlatdığını gözəl dərk edirlər. Lakin  sağlam məntiq onu deməyə əsas verir ki, heç kəs əyləşdiyi ağacın budağını kəsmək istəməz.

 

Deməli, hədəfdə daha böyük məqsədlər var. Ehtimal etmək olar ki, bu hədəf qarşıdan gələn parlament seçkilərində təsir dairəsini genişləndirməkdən ibarətdir. Buna nail olmaq üçün iqtidar daxilində kimlərsə vertikal  sui-qəsd planı həyata  keçirir.  İstisna  deyil ki, hakimiyyətdəki müəyyən qrupun yeni parlament sədrliyi postuna öz namizədi ola bilər. Dərinləşməkdə olan savaşın daha  bir səbəbi də məhz budur. Onu da vurğulamaq lazım gəlir ki, iqtidar üçün ciddi problemlər yaradan  “6 milyardlıq maxinasiya“da iştirak edənlər də siyasi elitanın ən yaxın nümayəndələri idilər. Belə xəyanətlər isə sərt idarəçilikdə bağışlanılmır.

 

İstənilən halda, bu gün bu savaş dərinləşib və artıq qarşılıqlı güzəştlərə yer yoxdur. Söhbət “kim kimi” müstəvisinə qalxıb və bu savaşda barışıq perspektivi görünmür.

 

Dövlət başçısının qarşısında elə də asan olmayan məqsədlər dayanıb. O, ətrafını darmadağın etməlidir. Lakin bu amansız savaşda ona yardım lazım olacaq. Qərb faktiki olaraq Azərbaycan hakimiyyətindən üz çevirib. Rusiyaya isə marionet bir iqtidar lazımdır. Bu baxımdan, Bakı Qərblə yanmış körpüləri bərpa etmək niyyətindədir. İstisna deyil ki, yaxın zamanlarda siyasi məhbusların önəmli hissəsi həbsdən azad oluna bilər. Nəzərə alsaq ki, bəzi məmurların öz kabinetlərini həbsxana künçlərinə dəyişmək perspektivi var, siyasi məhbusların azad ediləcəyi ehtimalı da yüksəlir. Düzdür, o da istisna deyil ki, məmurlarla yanaşı bir sıra müxalifətçilər də cəmiyyətdən təcrid edilə bilərlər. Lakin Qərb təsisatları ilə bağlı olan “iriçəkili” siyasi məhbusların azad olunacağı da istisna edilmir. Ölkədə son dərəcə ciddi proseslər başlamaqdadır...

 

Azər Rəşidoğlu 

 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ