SON DƏQİQƏ

PressDent.Info

Xoruzdöyüşdürmə yarışından canlı reportaj da olsa...

Xoruzdöyüşdürmə yarışından canlı reportaj da olsa...
1-09-2015, 01:53 29259 dəfə baxılıb

Dünən işə gələndə eşitdim. Milli radiolarımızdan birinin aparıcısı dinləyicilərə belə bir sual ünvanlamışdı: “Nədən yorulursunuz?” Radio dinləyiciləri ya studiyaya zəng edir, ya da verilən telefon nömrələrinə SMS yazaraq nədən yorulduqlarını bildirirdilər.
Çox orijinal, unikal cavablar vardı, biri də beləydi: “Öz televiziyalarımızın toyxana verilişlərindən yorulmuşuq”.
Aparıcı da dərhal o mesaja öz əlavəsini etdi: “Toyxana verilişlərdən yorulan təkcə siz deyilsiniz”.
Bununla da o, işarə verdi ki, o cür verilişlərdən hamı yorulub və bunu artıq dilə gətirib danışanlar çoxdur. 
Gerçəkdən də istər sosial şəbəkədə, istər peşəkar mediada, istərsə də camaat arasında o cür bayağı, şit, yüngül verilişlərdən dad-həzər eləyənlər çoxdur. Əvvəllər bu işə “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov baxırdı, telekanallarımızın səfeh verilişlərinin monitorinqini aparır, silsilə yazılar yazırdı. 
Son vaxtlar onun da başı seçkiyə qarışıb-nədi, əttökən, beyin cırmaqlayan televiziya verilişləri barədə yazılar yazmır. Deyilənə görə, o cür verilişlərin sayı artıb.
Ona görə “deyilənə görə” deyirəm ki, əsəblərinin qədrini bilən minlərlə başqaları kimi mən də o cür verilişlərlə bağlı problemi çoxdan həll etmişəm: baxmıram, görmürəm, hiddətlənmirəm. 
Hərçənd çay süzmək üçün redaksiyanın mətbəxinə gedəndə orda mütləq “nay-na-nanay” qrafasına girən verilişlərin üstünə çıxıram - həm də günün müxtəlif vaxtlarında. Baxırsan, yekə-yekə, 120 kiloluq, bığlı-saqqallı kişilər, o boyda xalalar, bibilər düşüblər ortalığa, hansısa bir diringinin sədaları altında qol götürüb oynayırlar. 
Amma zövqlər müxtəlifdir, nə deyəsən. Tərs kimi, mətbəxdəki televizorumuzun anteni qoşabuynuz ev antenlərindəndir, Azərbaycan telekanallarından başqa heç yeri tutmur, ona görə də variant yoxdur. 
Bu cür verilişlərdən gileylənənlərin isə, güman ki, seçim variantları var, baxmaya bilərlər. Bassınlar pultdakı ixtiyari bir rəqəmi, çevirsinlər başqa yerə, 500 kanalın içində nəsə maraqlı bir şey çıxacaq, oturub baxsınlar.
Görürsünüz ki, bu qədər yazırıq, danışırıq, andır düzəlmir ki, düzəlmir, ta neyləyək. Bayağı verilişlərə görə beynimizi xarab edəkmi, ürəyimizə salıb xəstə düşəkmi, ya “Koroğlu” körpüsünə çıxıb MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin hadisə yerinə gəlməsini istəyəkmi?
Camaatda da az yoxdur, oturub maraqla o diringilərə baxırlar, hələ ictimai yerlərdə müzakirə-zad da açırlar, sonra da deyirlər, telekanalların zayı çıxıb, bayağı verilişlər verirlər. 
Televizyonçular da görür ki, o səfeh verilişlərə görə onları nə qədər söysələr də, izləyiciləri azalmır, auditoriyaları genişlənir, reytinqləri qalxır. Belə olandan sonra hansı telekanal rəhbəri aktual problemlərin həlli yollarına dair tok-şou təşkil edib ağrımayan başına dəsmal bağlayar? Heç kim. Üstəlik, əllərində arqumentləri də var: “Xalq belə verilişləri sevir, sevə-sevə baxır”.
Budur, Milli Məclisin üzvü Nizami Cəfərov çox yerində deyir: “Bəziləri ola bilər ki, narkotik vasitələrdən də ləzzət alır, ona meyli var. Amma bu o demək deyil ki, kiminsə meyli varsa, narkotiki təbliğ edən verilişlər efirə verilməlidir”.
Gerçəkdən də, əgər meyxana deyişmələri, yaxud da xoruzdöyüşdürmə, itboğuşdurma yarışları camaata xoş gəlirsə, televiziyalar səyyar kamera və mikrofonlarını həmin yarışmaların keçirildiyi məkanda quraşdırıb canlı yayıma başlamalı deyillər. Orası da var ki, MTRŞ icazə versə, telekanalların bəziləri bu yola da əl atarlar.
Bir şeyi bilmək lazımdır ki, yuxarılarda televiziya işlədənlərə tapşırıq verilib ki, siyasətə burun soxmasınlar, eyzən manıslardan, idmançılardan danışsınlar. Onlar da elə edirlər.
Baxın, 60 gündən sonra seçkidir, guya ki, ölkənin gələcək taleyi həll olunacaq, amma görək, telekanallar bu mövzuda bir şey göstərirlərmi? 
P.S. Durub keçirəm mətbəxə, görüm, yenə studiyaya hansı manıslar dəvət olunub və onlar hansı diringinin sədasına oynaşırlar.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ