SON DƏQİQƏ

PressDent.Info

Biz küknar ağaci deyilik ki...

Biz küknar ağaci deyilik ki...
1-09-2015, 02:50 27012 dəfə baxılıb

Seçkinin sərəncamı verildi. İndi partiyalar tədricən işə başlaya bilərlər. Düşünəndə elə bir iş də yoxdur. Ona görə ki, bu seçkini əvvəlkilərdən fərqli edə biləcək elə bir iş görülməyib...
Elə bu səbəbdən bir azacıq çaşqınlıq var. Müxalifət partiyaları bu çaşqınlığı  aradan qaldırmağa cəhd etsələr də, onların fikirlərini oxuyanda adam bir sualı verməkdən özünü zorla saxlayır: düşünürsən ki, əcəba, bunlar nədən danışır, məgər bu ölkədə yaşamırlarmı?..
Amma heç də hamı süni nikbinliyi bölüşmür. Elə bu yaxınlarda müxalifətçilərdən biri demişdi ki, Məlik Məmməd kimi quyuya düşümüşük. Ola bilsin, kimsə seçki ərəfəsində bədbinliyi təqdir etmir. Amma həqiqət həqiqətdir – doğrudan da bu, elə bir quyudur ki, hətta dibi də görünmür, düz 93-cü ildən bu tərəfə hələ də aşağı düşməkdəyik...
Başqa nə demək olar? Əslində deyilənlər hamısı deyilib qurtarıb, indi sadəcə, nəticə çıxarmaq lazımdır, nəticə isə o qədər də ürəkaçan deyil...
Bəli, uduzmuşuq. Təsəlli odur ki, biz bu neçə ildə hakimiyəti dəyişə bilmədiyimiz kimi hakimiyyət də bizi dəyişə bilmədi. Ən azı bunu təsəlli kimi yaşaya bilərik...
Bəli, artıq siyasət adamları kimi demək olar ki, yoxuq, hərə özünə bir məşğuliyyət tapıb, heç kim özünün siyasətçi adlanmasını istəmir. Amma maraqlısı bilirsiniz nədir? Bu hakimiyyət bizim meyitimizə də qailb gələ bilmir. Bəli, biz qalib ola bilmədik. Amma onlar da bacarmadılar, heç olmasa, bircə dəfə həqiqi qələbənin nə demək olduğunu bilmədilər, bircə dəfə belə olsun, əsl qələbə hissini duymadılar...
Görünür, bu il də belə olacaq. Doğrusu, mən bir qədər başqa cür düşünürdüm. 
Fikirləşirdim ki, bəlkə bu il hakimiyyət bir qədər cürətli olar. Ona görə ki, müxalifət ictimai diqqətdən tamam mərhum olub, o, tamam küncə sıxışdırılıb. 
Amma hakimiyyət haqqında bunun yalnız tərsini demək olar – bütün il boyu bunların təbliğatı gedir, bütün il boyu bunlar göz önündədirlər...
Amma yenə də qorxurlar. Yenə də düzgün seçki keçirməyə cəsarət etmirlər və böyük 
ehtimalla bu seçkini də “ənənəvi” üsullarla keçirəcəklər...
Niyə belə olur? Məsələ bundadır ki, nə qədər çalışırlar, cəmiyyətin inkişafının qarşısını ala bilmirlər, həqiqət, düzgün məlumat, doğru - dürüst fikir çətinliklə də olsa, insanlara çatır və onlar bundan nəticə çıxara bilirlər...
Bilirsiniz, bir-iki siyasi qüvvəni tədric etmək mümkündür, amma cəmiyyəti, xalqı zamandan tədric etmək mümkün deyil, zaman işini görür... Bəli, cəmiyyət bunların təqdim etdiklərinə, bir çox hallarda isə bunların özlərinə və yaxın tərəfdaşlarına səs vermir...
Bu da onları qeyzləndirir, acıqlandırır və onlar daha da qəzəbli olurlar. Bəlkə də hakimiyyət düşünürdü ki, əsl legitimliyə aparan yolda bunların qarşısında duran yeganə maneə müxalifətdir və mətbuatdır. Bunları nə qədər bacardılarsa budadılar, amma tamam legitim də ola bilmədilər...
Fəqət, bunları yazmaq və demək məni bezikdirib. Həm də məni başqa məsələ narahat edir. Fikirləşirəm ki, bu “nakam müxalifət” “saray müxalifətçiliyi”ndən bezmədimi? Açığı, biz bir az yorulmuşuq. Düşünürdüm ki, müxalifət sıralarında bunu dərk edənlərin və yerini gənclərə vermək istəyənlərin sayı artar. Düzdür, biz vaxtından əvvəl qocaldıq. Daha doğrusu, o qüvvə ilə, o hakimiyyətlə ki, çarpışmağa məcbur olduq, onlar bizi vaxtından əvvəl qocalmağa məcbur etdilər... 
İndi deyirəm ki, uduzmuşuq və hətta qocalmışıq, amma o biri tərəfdən də düşünürəm ki, axı 50-55 yaş nədir ki?!.
Əslində bu, siyasətlə məşğul olmaq üçün əsl vaxtdır. Amma tükənmişik, daha nəfəs qalmayıb, “ikinci nəfəsi” açmağa isə güc yox...
Bəli, yolu gənclərə vermək lazımdır. Biz isə yazı-pozu ilə məşğul olar, əgər gənclik ehtiyac duyarsa, onlara kömək edə və məsləhət verə bilərik... Başa düşürəm, belə deyəndə çoxunun xoşuna gəlmir. Amma reallıq da reallıqdır və biz küknar ağacı deyilik ki, həmişə yaşıl olaq, həmişə yaşıl qalaq... 
Həm də küknar ağacı deyilik ki, qol- budağımızdan bər-bəzək asıb ətrafımızda atılıb-düşsünlər. Elə bu səbəbdən də gəncliyə yol vermək gərəkdi. Bəlkə onlar nəsə edə bildilər...
Gəncliyin gücünü etiraf etmək lazımdır, çünki bu, həyatın labüd qanunudur və hamı gec-tez bununla barışmağa məhkumdur...
Bir daha deyirəm ki, küknar ağacı deyilik ki, həmişə yaşıl olaq... Hətta bir vaxt B.Yeltsin özündə güc tapıb Rusiyanın yeni min illiyə yeni siyasətçilərlə getməsinin vacib olduğunu başa düşdü...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ