SON DƏQİQƏ

PressDent.Info

Planetar hasarlama

Planetar hasarlama
31-08-2015, 13:46 33533 dəfə baxılıb

“Əgər mən cavan olsaydım insan axmaqlığının tarixini yazardım, Makkeyb dağına dırmaşıb orda arxası üstdə uzanardım, başımın altına da bu əlyazmanı qoyardım. Sonra insanları heykələ çevirən ağ-göyümtül zəhərdən götürərdim. Mən də heykələ çevrilərdim, kürəyi üstdə uzanardım və dişlərimi qorxunc şəkildə ağardıb uzun burnumu göstərərdim - ÖZÜNÜZ BİLİRSİNİZ KİMƏ!”
(Kurt Vonnehut, “Pişik beşiyi”)
***
Şərqin hər yeri cürbəcür hasarlarla doludur. Bunların sırasında Böyük Çin Səddindən tutmuş, Bakıdakı yapist hasarlarına qədər min cür qurğu var. Amma biz buna keçmişin qalığı kimi baxırdıq. Almaniyanı ortadan bölən hasar uçanda biz Quzey Azərbaycan türklərinin də ümidi artmışdı. Hətta bəzi yerlərdə qalxıb Güney Azərbaycanla aramızdakı tikanlı hasarları sökmüşdük. Axırı heç yaxşı olmadı. Bir gün ayıldıq ki, Ağdamdan Tərtərə, Qazaxa qədər çox yerlərdə hasar tikməyə məcburuq - düşmən gülləsi uşaqları öldürməsin deyə.
Orta Doğuda, İsrailin Qəzzada tikdiyi hasar “uzanıb” Avropaya da çatdı. İndi Avropanın bir çox yerlərində əsasən müsəlman miqrantların axınının qarşısını almaq üçün hasarlar tikməyə başlayıblar. Macarıstan, Makedoniya, Estoniya - şərq sərhədlərinə hasar çəkəcəyini bəyan edən dövlətlərdən yadıma düşən bunlardır. Yaddaş yazdım, bir hasar da yadıma düşdü: ABŞ-la Meksika arasında əcaib hündürlükdə, uzun sərhəd hasarı var. İlk dəfə bunun fotolarını görəndə mədəni şok keçirmişdim.
Beləcə, planetdə şəffaflıq, azadlıq siyasəti tragikomik şəkil alır. Biz hasar çəkən azərbaycanlılara lağ edirdik, açıqlıqda yaşayan avropalıları, Qərbi tərifləyirdik. İndi belə çıxır uca millətimiz uzaqgörən olmuşdur, əvvəl-axır hər kəsin, bütün insanların bir-birindən uca hasarlar arxasında gizlənəcəyini bilmişdir.
Qloballaşmanın paradoksu da deyə bilərik buna. Örnək üçün, indiki internet, mobil texnologiyalar, nə bilim, “skayp”-zad əsrində insanlar arasında sərhədlər götürülmüş kimidir. Hətta bir çox dövlət arasında viza yoxdur. Amma hasar tikirlər! Elə bil bəşəriyyət ağlını itirmişdir. Virtual azadlıq real dustaqlıqla paralel gedir. Barama qurdu kimi hər kəs özünə bir hasar hörüb içinə köçübdür, ətrafında baş verənləri kameralar, ekranlar vasitəsiylə izləyir.
Şərqliləri də anlamaq olmur. Onları faktiki cəhalətdə, rəzalətdə, min cür zülmdə saxlayan təlimlərdən qaçıb Avropada elə həmin təlimləri yaşatmaq, yaymaq istəyirlər. Ta anlamırlar ki, ölkələrində yaranan xaosun, diktatura rejimlərinin, yüz illərdir axan qanın səbəbi elə bu irticaçı təlimlərdir. “Öldürün, kəsin, doğrayın” - göstəriş belə verilir, bunlar da ona uyğun yaşayırlar. Yoxsa hələ heç kim sambo öyrədən kitabı oxuyub şeir yazmayıb.
Bəzi sadəlövhlər Qərbə, demokratiyaya, liberal bazara guya alternativ tapmışdılar, “Çin nəhəngi”ndən dəm vururdular. Baş-beynimiz getmişdi, hara baxırdın cızmaqara görürdün: “Çin Amerikanı yıxacaq”, “Şərq əjdahası Qərbin çürüyən iqtisadiyyatına dayaq olacaq” və sairə. Hətta bu avtoritar sistemin Şanxay Əməkdaşlıq Təşkilatı adlı alternativini də qayırıb Rusiya, Qazaxıstan kimilərini içinə soxmuşdular. Bəs nə oldu? Heç nə. Sabun köpüyü. Çin iqtisadiyyatı bir ayda 3 dəfə devalvasiya yaşadı. Palçıq ayaqlı divlər hamısı yıxılır.
Uzun sözün qısası, belə miflərlə, nağıllarla yaşamaqdansa öz ölkəndə azadlığın genişlənməsinə, insan haqlarına hörmət qoyulmasına nail olmalısan. İndiki virtuallıq və reallığın qarışdığı dövrdə əslində milli məsələnin, dövlətçilik-zad kimi əfsanələrin də önəmi qalmır. İnsan önə çıxır. Milliyətindən, inancından asılı olmayaraq bütün insanların həyatı, təhlükəsizliyi önəm daşıyır.
Ya sən daxili aləmindəki hasarları yıxıb azadlıq duyğusunun mənasını anlayacaqsan, ya da hardasa sənin qabağını almaq üçün hasar qayıracaqlar. Əsas məsələ budur - Şekspir demişkən.
Lap axırda planetin xilası üçün bir azərbaycanlı liderin dəvət ediləcəyinə ümidvar olduğumu yazıram. Zarafat eləmirəm. Nə paxıllıqdır, biz bir dəfə qurtulmuşuq, indi planetlə birgə qurtulaq.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ