SON DƏQİQƏ

PressDent.Info

Universitet- strateji dəyər və ya… (Qaldırılan ballar nəyi dəyişəcək…)

Universitet- strateji dəyər və ya… (Qaldırılan ballar nəyi dəyişəcək…)
1-09-2015, 13:34 32651 dəfə baxılıb

 

Bir çox nüfuzlu tədqiqatçıların fikrincə, rəqabət qabiliyyətinə malik olan universitetlərin yaranması ölkələrin innovasiya inkişafının təkanverici quvvəsidir. Bu universitetlər öz və ümummilli intellektual potensialı cəmləşdirə və onun  artırılmasını təmin edə bilirlər. O cümlədən universitetlər tədqiqat potensialı ilə təhsilin, elmin sistemli inteqrasiyasına və texnologiyaların istehsala transferinə  kömək edirlər. Necə deyərlər,  universitetləri ilə böyük tədqiqat potensialına malik olan millətlər, biliklər iqtisadiyyatında öz talelərini daha yaxşı idarə edə bilirlər.
Yəni  rəqabətə davamlı ali təhsil, ölkələrin firavanlıq,  insanların sosial nüfuza nail olmaq və layiqli gəlir əldə etmək yollarını təmin edir. Bu dairəni dünyada  universitelər yaradır.
Yazının giriş hissəsi nə qədər akademik görünsə də, mətləb o qədər sadədir. Keyfiyyətli ali təhsil və mütəxəssis hazırlığı. Bu məsələyə cari ilin ali təhsil müəssisələrinə qəbul prizmasından baxaq. Bu il Prezident yanında Təhsil Komissiyası  Təhsil Nazirliyinin təklifi ilə çox mühüm qərar qəbul edib ki, qəbulda minimal keçid balı 200-dən aşağı endirilməsin. Təhsil Nazirliyinin bu təklifi İqtisadiyyat və Sənaye, Ədliyyə, Maliyyə nazirlikləri, TQDK tərəfindən də dəstəklənib  və  ümumi qərar bundan ibarət olub ki, bu və gələcək illərdə elan olunmuş ballar saxlanılacaqdır. Nəticədə universitetlərimizi əvvəlki illərə nisbətən daha keyfiyyətli məhsulla təmin edəcəyik.
Məsələnin strateji əhəmiyyəti ondan ibarətdir ki, uzun müddət ərzində ölkəmizdə  aşağı bal istehlakçısı olan  universitetlər korpusu formalaşıb. Həmin təhsil müəssisələri əsasən tələbə qəbulunda ikinci yerləşdirmədə öz kontingentini formalaşdırıblar.
Sadəcə 150 və bir az artıq balla qəbul olunan tələbə qəbul olduğu ali təhsil müəssisəsində  elə bu balın ətrafında oxuyaraq məzun olurdu. Əmək bazarına sadəcə kağız-karton diplomla qədəm basan məzunun taleyini oxuduğu 150 ballıq universitet biliyi müəyyən edirdi. Yəni təhsil sosial lift funksiyasını itirir, universiteti məzun etdiyi şəxsin taleyi maraqlandırmır və “diplomlu” işsizlər ordusu sosial problemə çevrilir. Beləliklə, bumeranq prinsipi cəmiyyətin ali təhsildən gözləntilərini geri atır, universitet təhsili prestijini itirir.
İndi də aşağıda təqdim olunan cədvəldə  builki qəbulda  universitetlərdə mövcud olan vakant yerlərə nəzər yetirək. Qeyd edək ki, qəbul planında nəzərdə tutulmuş 38,831 yerin 86%-i üzrə qəbul aparılmış, 15,4%-i (5982 yer) vakant qalmışdır.

1CC

Bu cədvəldən göründüyü kimi, I-IV qruplarda vakant yerlərin 67% 10 ali təhsil müəssisəsinin payına düşür. Bu göstərici təkcə bu ilin deyil, ən azı son 10 ilin göstəricisidir desək, yanılmarıq. Yəni vakant yerlər obrazlı desək, bir çox universitetlərin “çörək ağaçına çevrilib. Əgər aşağı bal toplayan tələbənin 4 ildən sonra məzun olduğu vaxt göstəricilərini təhlil etsək, nəticənin heç də ürəkaçan olmadığını görərik. Burada sadəcə olaraq əlavə vaxt və resurs itkisi, əmək bazarına yönələn çoxsaylı “kadr” axını təhsilin ali olduğunu şübhə altına alır.
Statistikadan görünən daha bir nəticə də ondan ibarətdir ki, insanlar seçdikləri ali təhsil müəssisələrini daha diqqətlə arayırlar. Təki aldığın təhsil ali olsun. Qeyd olunan  tablo yeni universitet düşüncəsinin və idarəetməsinin zəruri olduğunu şərtləndirir.
Uğurlu universitet- keyfiyyətli tələbə, rasional, çevik idarəetmə və müəllim heyəti deməkdir. Sadəcə aşağı balın ümidinə qalan təhsil müəssisəsi perspektivi görə bilmir və ümumiyyətlə, sərt reallıqda universitet kimi qala biləcəkmi?
Aşağıda təqdim olunan digər diaqramdan görünən odur ki, bu ilki tələbə qəbulunda  ən çox vakant yer II ixtisas qrupundadır. Bu ixtisas qrupunda yerlərin  20,46% və ya 2388 vakant qalıb. Universitetlərin  ümumi vakant qalan yerlərinin təxminən yarısın təşkil edən  bu rəqəm  düşünmək üçün əsas verir.

2CC

Diaqramdan göründüyü kimi, II ixtisas qrupu üzrə boş qalan yerlərin 87% 9 ali təhsil müəssisəsinin payına düşür. Bu o deməkdir ki, ölkə üzrə bu ixtisaslara üz tutan abituriyentlərin seçimində həmin universitetlər yer almır. Əgər əvvəlki illərdəki kimi keçid balı aşağı salınsa idi, o zaman 87% boş qalan bu yerlər dolmalı idi. Məntiqlə, dünya təcrübəsinə istinad etsək, özəl sərmayəli universitetlər bu siyahıda olmamalı idi, ya da ki çox az  faizlə olmalı idi. Belə ki, dünya universitetlərinin reytinq sıralamalarında ilk yüzlükdə özəl universitetləri daha çox görürük və sair. Digər tərəfdən, orta statistik azərbaycanlı ailəsi hətta nisbətən yüksək ödənişə belə hazırdır ki, övladı normal ali təhsil ala bilsin. Bunu ölkəmizdə fəaliyyət göstərən digər universitetlərin nümunəsində görmək olar. Yəni məntiqlə burada boş qalan yerlər heç də ödənişlə bağlı deyil. Bu daha çox illər uzunu aşağı ballı abituriyentlərin yerləri olub. Deməli, bu təkcə həmin abituriyentlərin deyil, həm də həmin universitetlərin seçimi olub. Aşağı bal toplayan tələbə isə təhsil aldığı dövrdə yuxarıya doğru təhsil mühiti görmədikdə,  universiteti də öz ardınca aşağıya doğru aparır. Sonda oxuyan tələbə də, bacrıqsız məzunu qəbul edən əmək bazarı da əziyyət çəkib. Məzun işsizlikdən (bilik, bacarıq sarıdan!), cəmiyyət isə qeyri-peşəkarlıqdan. Və beləcə dövrə qapanır.
Beləliklə, gəlinən nəticə hansılardır?   Bugünkü minimal biliyə malik olmayan şəxsi 1-ci kursa qəbul etməklə, bizim 4 ildən sonra əmək bazarı üçün peşəkar mütəxəssis buraxmaq şansımız kifayət qədər azdır. Ona görə də keyfiyyətə üstünlük verməliyik. Bu il qəbul olunan gənclər əmək bazarına 4 il sonra gedəcəklər. O toxumlar bu gün əkilməlidir ki, biz onların bəhrəsini orta müddətdə görə bilək.

Cəsarət VALEHLİ

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ