SON DƏQİQƏ

PressDent.Info

Həyəcanlı həftə sovuşdumu?

Həyəcanlı həftə sovuşdumu?
30-08-2015, 03:43 36220 dəfə baxılıb

Hökumət nə qədər vəd versə də, mütəxəssislər nə qədər arxayınlaşdırmağa çalışsa da, insanların diqqəti yenə də manatın kursunda, malların və xidmətlərin dayanmadan artan qiymətlərində, bir də dünya birjalarında neftin qiymətinin “rəqs”lərindədir...
Təsadüfi deyil ki, təhlilçilər də ötməkdə olan həftəni kritik hesab edirlər. Ona görə ki, məhz bundan bir azacıq öncə qiymətlər hiss olunacaq dərəcədə artmışdı. Hökumət həmin bu artıma dərhal reaksiya verib narahatlıq üçün əsas olmadığını bildirsə də, artımlar aradan qaldırılımadı, hətta dolların satışı ilə bağlı valyuta dəyişmə məntəqələrində problemlər də yaşandı...
Amma bir həftə ötəndən sonra nisbətən sabit, tənzimlənmiş vəziyyət yarandı və hətta elə gün oldu ki, manat qismən bahalaşmağa da başladı.  Di gəl ki, insanlar hələ də gözləmə vəziyyətindədir. Əslində onlar hələ Avropa oyunları başlamamışdan öncə belə halla rastlaşacaqlarını düşünürdülər. Hətta o vaxt belə şaiyələr yayılmışdı ki, oyunlar bitəndən dərhal sonra bahalaşma başlayacaq. Təsadüfi deyil ki, indi belə bir fikir də dolaşır ki, manatın birinci ucazlaşma dalğasında qiymətləri qaldıra bilməyən iş adamları bunun əvəzini  çıxmağa cəhd edirlər...  
Amma məsələ təkcə iş adamlarının tamahında və onların daha çox qazanmağa can atmasında deyil. Elə neft də dayanmır, elə hey hamını həyəcanlandırmaqda davam edir. İndi onun qiyməti lap kritik hədd – 40 dollar ətrafında “rəqs” edir... 
Milli valyutaların kritik ucuzlaşması ilə bağlı artıq bütün ehtimallar səsləndirilib. Rus rublu və Qazaxıstan milli valyutası ilə bağlı yaşananlar da hamıya bəllidir... 
Düzdür, indi Çin iqtisadiyyatı ilə bağlı əvvəl deyilənlərdən bir qədər fərqli qiymətləndirmələr səslənir. Bir çox mütəxəssislər belə hesab edir ki, Çindəki iqtisadi böhran bir qədər şişirdilir və vəziyyət heç də iddia olunan qədər dramatik deyil. Burada Çini ona görə bir qədər xüsusi, əlahiddə hal kimi qeyd edirik ki, bu ölkə böyük neft istehlakçısıdır və onun istehlak həcmləri dünya bazarında çox ciddi təsirə və diqtəyə malikdir...
Amma narahatlıq çəkilmədiyindən hamı manatın kursu ilə bağlı fövqəladə açıqlama gözləyir. Fəqət, belə proseslər baş versə belə, onlar adətən qəfil olur. Elə bu da narahatlığı artıran əsas məsələ hesab olunur. İqtisadçı mütəxəssislər buna “psixoloji inflyasiya” deyirlər – insanlar panikaya düşərək dərhal öz ehtiyatlarını sabit valyutaya, dollara çevirməyə cəhd edir və hətta mağaza və dükanlardan çoxlu alış-veriş edirlər, sanki bu yolla özlərini həmişəlik təmin edəcəklərini düşünürlər. Nəticədə isə bazarda valyuta və mal qıtlığı yaranır...
Onlar hətta belə bir məqamı nəzərə almırlar ki, indi nə qədər alış - veriş edirsənsə et, yenə də bununla özünü uzun müddətə təmin edə bilməyəcəksən...
Bəli, hökumətin reaksiyası haqqında bir az əvvəldə yazdıq. Amma birinci bahalaşma dalğası zamanı da hökumət insanları sakitləşdirməyə çalışmış və elə bir dəyişikliyin olmayacağını demişdi. Amma oldu...
Bir az əvvəldə qeyd etdiyimiz kimi, indi neftin qiyməti hökumətin son, kritik  hədd kimi müəyyən etdiyi həddən xeyli aşağı düşüb. Hətta iqtisadçı olmayanlara belə aydındır ki, ciddi tədbirlər görülməsə, büdcədə böyük kəsir yarana bilər...
Amma hökumətin bir neçə həftə bundan əvvəl keçirilmiş iclasında indiki proseslələ bağlı bircə kəlmə də deyilməmişdi. Təbii ki, əgər Azərbaycanda normal və ədalətli seçkilər keçirilsəydi, parlament seçkisi ərəfəsində kəskin bahalaşmanı istisna etmək olardı. Fəqət, bu ölkədə nə belə seçkilər keçirilir, nə də ki, hökumətin ictimai rəydən asılılığı var...
Bəlkə də indi daha doğrusu bu, olardı ki, hökumətin özü üçün lazımı vaxtda manatın kursuna yenə dəyişiklik edəcəyini düşünəsən...
O da hamıya bəllidir ki, manatın indiki qiyməti bazar qiyməti deyil və hökumət bu qiyməti saxlamaq üçün bazara təsir edir. Amma bu, böyük xərclər tələb edir və bir o qədər də effektli hesab edilmir. Üstəlik, dollar ehtiyatı da tükənməz deyil və ciddi şəkildə neftin qiymətindən asılıdı – neftin qiyməti isə düşməkdə davam edir...
Elə məhz bu səbəbdən Qazaxıstan öz milli valyutasını sərbəstləşdirdi. Rus rublunun isə aqibəti hamıya məlumdur – o, da son vaxtlar üçün rekord həddə ucuzlaşıb...
Ona görə də bu payızın maliyyə baxımından gərgin keçəcəyini proqnozalşdırmaq mümkündür. Düzdür, bəzi təhlilçilər diqqəti elə hey 94-cü ildəki qiymətlərə yönəltmək istəyirlər... 
Fəqət, indi hətta Azərbaycan üçün 94 - cü il deyil. Nə büdcə həmin büdcədir, nə maaşlar həmin maaşlardır, nə də ki, xərclər həmin xərclərdir...
Elə bu səbəbdən də 94 - cü illə müqayisə ciddi məna kəsb etmir. Həm də perspektiv proqnozlaşdırma həvəskarları da neftin qiymətinin hətta artacağı təqdirdə belə onun 60 dolları aşmayacağıanı bildirirlər. Onların dediklərinə inanmamaq və şübhə etmək üçün isə elə bir əsas yoxdur – indi neftin qiymətinin aşağı düşməsinə təkan verən amillər daha çox sadalanır, nəinki əks amillər...
Hələ İran öz növbəsini gözləyir. Bu ölkənin rəsmiləri dəfələrlə bildiriblər ki, sanksiyaların götürürləcəyi təqdirdə bazardakı qiymətlərə baxmayaraq neftin hasilatını bir neçə dəfə artıracaqlar...
Bura ABŞ – ın da hər an bazara çıxarıla biləcək böyük neft ehtiyatlarını əlavə etsək, onda dünya neft bazarlarının məhsul qıtlığı yaşamayacaqlarını birmənalı şəkildə demək olar...  
Azərbaycanda perspektiv proqnozlaşdırma aydın dərk edilir. Bu yaxınlarda ən yüksək səviyyədə deyildi ki, nefti və qazı bir növ “unutmaq” və başqa sahələr haqqında düşünmək lazımdır, çünki bunlar həm tükənən məhsullardır, həm də ki, onların qiymətləri durmadan aşağı düşür...
Bunları dərk edərək hökumət iqtisadiyyatın ağırlıq mərkəzini turizmə və digər sahələrə tərəf sürüşdürməyə cəhd edilir. Amma bir məsələ var ki, bunun üçün də vaxt lazımdır. Qeyri-neft sektorunun bir xüsusiyyəti də onun bir az ətalətliyidir və burada neftin satışından olduğu kimi dərhal nəticə əldə etmək olmur. Amma başqa bir yol da yoxdur, Azərbaycan da nə vaxtsa neftə “əlvida” demək məcburiyyətindədir...
Fəqət, bu, çox da asan vidalaşma olamayacaq. Hər şey bir tərəfə, ölkə uzun müddət neft hasilatı üzrə ixtisaslaşıb, büdcənin 60-70 faizi neftdən gələn gəlir hesabına formalaşır, turizmə nə qədər vurğu edilsə də, hətta daxili turizmin vəziyyəti bir o qədər də nikbin qiymətləndirmələrə əsas vermir... 
Amma nə etmək olar? Rusiyalı politoloq Qleb Pavlovski demişkən, o şey ki, baş verməlidir, onun qarşısını almağa dəyməz. Düzdür, o, bu fikri Ukrayna ilə bağlı demişdi. Amma onu elə Azərbaycandakı proseslərə də şamil etmək olar – neftlə vidalşama labüd prosesdir, həyat isə davam edir... 
Onun daha maraqlı və daha cəlbedici davam etməsi üçün isə işləmək və yeni imkanlar axtarmaq lazımdır...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ