SON DƏQİQƏ

PressDent.Info

Sərəncamla alınan bala

Sərəncamla alınan bala
28-08-2015, 19:18 39093 dəfə baxılıb

Və... «Kənd təsərrüfatı ili»ndə dizə çıxan problemlər

 

Bu il “Kənd təsərrüfatı ili” elan olunduqdan sonra kənd təsərrüfatı ilə bağlı çoxlu sayda qərar, fərman və sərəncamlar verilib. Son bir həftədə prezident Ilham Əliyev heyvandarlığın inkişaf etdirilməsilə bağlı üç sərəncam imzalayıb. Birinci sərəncam ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının davam etdirilməsi məqsədilə 15 milyon manat ayrılması barədədir.

Əvvəla, hələ keçən əsrin 30-cu illərindən respublikamıza şvis və simmental heyvan cinslərinin gətirilməsinə başlanıb. Keçən 80 il ərzində damazlıq təsərrüfatları ilə yanaşı, fərdi təsərrüfat sahibləri də qonşu ölkələrdən müxtəlif yollarla çoxlu sayda damazlıq cins heyvanlar gətiriblər. Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi məlumatlara inansaq, ölkədə inək naxırının 46,5 faizi cins və cinsi yaxşılaşmış heyvanlardır. Onların 19,9 faizi təmizqanlı, 26,6 faizi cinsi yaxşılaşmış mal-qaradır. Verilən məlumata görə, respublikadakı iribuynuzlu mal-qaranın 70 faizə qədəri cins heyvanlardır. Bunların 24,9 faizi qonur qafqaz; 21,6 faizi qara-ala; 11,8 faizi holştin-friz; 6,2 faizi simmental; 5 faizi isə şvis cinsləridir.

Hətta Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi statistikanı nəzərə almasaq da, müşahidələr göstərir ki, ölkədə cins mal-qaranın sayı ifrat dərəcədə artır. Paradoks da odur ki, Azərbaycana çoxlu sayda cins mal-qara gətirilməsinə baxmayaraq, daha çox süd məhsulları, ət məhsulları idxal olunur. Hətta 2002-ci ildə - bu sahəyə dövlətin bir o qədər diqqəti olmayan zamanda əsas heyvandarlıq məhsullarının idxalı indikindən xeyli az idi. Həmin ildə 15 milyon ABŞ dolları dəyərində 16,6 min ton süd, qaymaq, kərə yağı və digər süd məhsulları idxal olunmuşdu. Sonrakı 2003-cü ildə bu mallar qrupu üzrə təxminən bir o qədər - 15,9 milyon dollarlıq 15,8 min ton məhsul idxal olundu.

Yem problemi

2002-ci ildən bəri dövlət büdcəsindən bu sahənin inkişafı adı altında külli miqdarda maliyyə xərclənsə də, 13 il sonra xaricdən süd məhsulları idxalının həcmi 2 dəfə artaraq 32 min tona çatıb. Dəyər ifadədə isə 3 dəfədən çox artaraq 47,9 milyon ABŞ dolları təşkil edib. Hətta 2013-cü illə müqayisədə 2014-cü ildə ölkəyə süd məhsullarının idxalı 3 milyon dollar dəyərində artmışdı.

Kərə yağının, pendirin, qaymağın, quru südün idxal qiyməti dünya bazarında təklif olunan məhsulların qiymətlərindən 4-5 dəfə aşağı sənədləşdirilir. Bunu nəzərə alaraq hesablamalar aparsaq, ölkəmizə gətirilən südün çəkisinin 1 milyon tondan çox olduğu ortaya çıxar.

Yaranmış vəziyyət göstərir ki, bu il də heyvandarlıq məhsullarının idxalı artacaq. Bu ilin ötən 7 ayı ərzində kəsim üçün ölkəyə gətirilən diri heyvanların idxalı 9 faizə yaxın artıb.

Bu yay başqa bir problem də yaranıb. Havalar isti keçdiyi üçün fermerlər heyvanlarını otlağa çıxara bilmədilər, qış mövsümü üçün topladıqları yem ehtiyatından yayda istifadə etməli oldular. Suvarma suyu ilə bağlı yaranmış süni problemlər yonca sahələrinin suvarılmasını əngəllədi, nəticədə bu sahədə məhsuldarlıq kəskin aşağı düşdü. Qarşıdan isə qış gəlir, yem çatışmazlığı süd, ət istehsalının azalmasına, heyvanların zəifləməsinə səbəb olacaq. Ona görə də növbəti mərhələdə süd, ət məhsullarının idxalının artımı gözlənilir.

Ispaniya nümunəsi

Nümunə üçün qeyd etməliyəm ki, Azərbaycanda 1 milyon 300 min baş sağılan iribuynuzlu mal-qaradan 1,7 milyon ton süd əldə edildiyi halda, Ispaniyada 800 min baş sağılan heyvandan 5,9 milyon ton süd istehsal olunur.

Son səkkiz ildə dövlət büdcəsindən milyonlarla manat maliyyə vəsaiti xərcləyərək xaricdən 10 min başdan çox südlük cins mal-qara gətirilib. Nəzərə alaq ki, onların baş sayı günbəgün artmalı idi. Çünki gətirilən heyvanlar mayalandırılmış, bala verəcək düyələr olub. Bu gün həmin heyvanların ümumi sayı 30 min başdan yuxarı olmalı idi. Əlbəttə, bu qədər say artımı ilə yanaşı, artım özünü məhsulda da göstərməli idi. Məhsul artımı isə görünmür. Belə olan halda, ölkəyə mütəmadi olaraq baha qiymətə cins heyvanların gətirilməsinə nə ehtiyac var? Süd istehsalı artmalıdır, bu mümkün olmursa, onda problemin kökünü axtarıb tapmaq lazımdır. Mal-qaranın baş sayının artması avtomatik olaraq məhsul artımı demək deyil. Belə düşünənlər çox ciddi yanlışlığa yol verirlər.

Məhsuldarlığı artırmaq üçün öncə möhkəm yem bazası yaradılmalıdır. Ölkənin yem potensialı çox zəifdir, maldarlığı ekstensiv yolla inkişaf eitdirmək üçün yetərli deyil. Digər tərəfdən, ilbəil yem istehsalı azalır və belə olan halda, xaricdən cins mal-qara gətirmək tamamilə məntiqdən uzaqdır. Cins mal-qaranın ölkəyə gətirilərək az yem şəraitində saxlanılması onların fiziki cəhətdən zəifləməsinə, xəstələnməsinə, tələfatına səbəb olacaq.

Ölkədə yem bazasının zəif olması ilə yanaşı, cins heyvanlar üçün yaradılan mühit, şərait də qənaətbəxş deyil. Ümumiyyətlə, həm bitkiçilikdə, həm də heyvandarlıqda problemlər öz həllini tapmır. Bu problemlər həll olunmadan xaricdən baha qiymətə cins mal-qara gətirilməsi olduqca riskli, təhlükəli və yolverilməzdir. Hökumət isə buna yol verməklə, görünür, başqa məqsəd güdür. Bizim fermerə 50 faiz güzəştlə verilən, 2500 avroya başa gələn inəkləri heç də güzəştli hesab etmək olmaz. Məsələn, Avropa Birliyinin təşkil etdiyi tədbir çərçivəsində Latviyaya səfər zamanı bir fermerin heyvandarlıq kompleksində olduq. Latviya fermeri orta hesabla ildə 9-10 ton süd verən cins inəkləri Almaniya və Avstriyadan 1300 avroya aldığını söylədi. Bizim ölkəyə gətirilən damazlıq heyvanların isə idxal dəyəri 2-3 dəfə yüksək olduğu halda, məhsuldarlığı da bir o qədər aşağıdır.

Prezidentin ikinci sərəncamı süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilməsi haqda olub.

Məmur-heyvandar

Ölkədə heyvandarlıqla məşğul olan iki qrup sahibkar var. Bir qrup kifayət qədər imkanlı dövlət məmurları və onların yaxın qohum-əqrəbalarıdır. Hətta vaxtilə müdafiə naziri vəzifəsində işləmiş şəxs də indi heyvandarlıqla məşğuldur. Bu qrupa daxil olan sahibkar-məmurlar vəzifələrindən sui-istifadə edərək, vaxtında torpaq sahəsi, ferma, texnika, avadanlıqlar, cins mal-qara alıblar və süni mayalandırma işlərini də təşkil ediblər. Onlar özləri süni mayalanma yolu ilə mal-qaralarının cins tərkibini yaxşılaşdırmaqda maraqlıdılar və bunun üçün geniş imkanları var. Bu qrupa aid olan sahibkarların dövlət büdcəsi hesabına heyvandarlığa marağını gücləndirməyə heç bir ehtiyac yoxdur.

Ikinci qrup isə təsərrüfatlarında az sayda mal-qara saxlayan, imkanları məhdud olan sahibkarlardır. Bu qrupa aid sahibkarların zoobaytar qaydada qulluqla, örüş sahəsi, yem tədarükü və təsərrüfatlarında olan mal-qaralarının cins tərkibinin qeyri-müəyyənliyi ilə bağlı ciddi problemləri var. Bu qrupa aid sahibkarların mövcud problemlərini həll etmədən, 100 manatla onları şirnikdirmək sonda inəklərin doğuşu zamanı ürək ağrıdan qanlı mənzərə yaradacaq. Olmuş hadisədir. Çoban bir tərəfi traktora bağlı olan ipin digər tərəfini buzovun ana bətnindən çölə çıxmaqda olan iki ayaqlarına möhkəm-möhkəm bağlayıb traktorçuya qışqırdı: ayə, davay sür, sür. Traktor hərəkət etdi. Bir anda ürək ağrıdan, qanlı mənzərə yarandı. Məftil kimi möhkəm, ülgüc kimi kəsərli olan ip dartıldı və buzovun ayaqlarını iki hissəyə parçaladı...

Sahibkarları pulla şirnikdirmənin digər acı nəticələri artıq ortadadır. Son günlər tez-tez taxıl sahələrində samanın yandırılması və bunun nəticəsində alovun digər əkin sahələrinə, meşə massivlərinə keçməsilə bağlı məlumatlar verilir.

Avropalı inəklər niyə ölür?

Yeri gəlmişkən, son bir neçə ildə əkin sahələrinin yandırılmasının qarşısı alınmışdı. Lakin bu ildən başlayaraq hökumətin fermerləri təkrar əkinə şirnikləndirmək üçün hər hektara 50 manat subsidiya və digər güzəştlər vəd etməsi nəticədə əkin sahələrinin yandırılmasına səbəb olub. Şum qaldırmağa tələsən fermerlər sahədə qalmış samanı, bitki qalıqlarını yandırmaqla prosesi sürətləndirməyə çalışıblar. Fənd işlədib 50 manatla kəndliləri şirnikdirən məmurların torpağa vurduqları zərəri pulla hesablamaq mümkün deyil. Yandırılmış əraziləri bərpa edib, əvvəlki vəziyyətinə qaytarmaq üçün uzun illər və külli miqdarda maliyyə resursları lazım olacaq.

Ölkəyə gətirilən cins mal-qara arasında tələfat hallarının olması haqda məlumatlara mətbuatda tez-tez rast gəlinir. Biz də rayonlara səfər zamanı belə hallar müşahidə etmişik. Heyvanların ölüm səbəbləri müxtəlif olsa da, əsas odur ki, cins mal-qaraya qulluq səviyyəsi çox aşağıdır. Cins mal-qaranın tələf olmasının bir səbəbi də doğuşun çətin olmasıdır. Müşahidələr göstərir ki, süni mayalanma yolu ilə əmələ gəlmiş buzovların da ana bətnindən çıxışı problemli olur. Belə hallar xüsusən çanaq sümüyü ensiz, yerli cır heyvanlarda, daimi bağlı saxlanan və fiziki cəhətdən zəifləmiş, cılız hala düşmüş inəklərdə özünü göstərir. Belə hallarda isə həm inək, həm də buzov tələf olur.

Prezidentin üçüncü sərəncamı heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlıdır. Bu sərəncamda Respublika Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üzrə işlərin başa çatdırılması və mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 2,8 milyon manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

Ölkədə mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə uzun müddətdir Respublika Süni Mayalanma Mərkəzinin inşası həyata keçirilir. Hər dəfə də müasir tələblərə uyğun yenidən qurulması adı ilə dövlət büdcəsindən külli miqdarda maliyyə vasaiti ayrılır. Düz 9 il əvvəl bu sahəyə büdcədən 4 milyon 140 min manat vəsait ayrılmışdı. Kənd Təsərrüfatı Nazirliyinin 3 il əvvəl sayta yerləşdirdiyi materialı diqqətinizə çatdırıram:

“Nazirlər Kabinetinin ”Azərbaycan Respublikasında heyvandarlığın inkişaf etdirilməsinə dair əlavə tədbirlər haqqında" 2006-cı il 14 fevral tarixli 46 nömrəli qərarı qəbul olunmuş və bu qərarı yerinə yetirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı heyvanlarının Süni Mayalama Mərkəzinin yaradılması və regionlarda süni mayalama şəbəkəsinin genişləndirilməsi” layihəsi hazırlanmış və təsdiq edilmişdir.

Layihəni yerinə yetirmək məqsədi ilə dövlət büdcəsindən ayrılmış 4140,9 min manat vəsaitin müqabilində layihəyə əsasən aşağıdakı işlər görülmüşdür. Ilk növbədə Göygöl rayonunun ərazisində beynəlxalq tələblərə cavab verən Respublika Süni Mayalama Mərkəzi yaradılmışdır. Bu işdə Türkiyə modelindən istifadə olunmuş və Mərkəz üçün bina tikilib istifadəyə verilmişdir. Mərkəz üç hissədən ibarətdir: törədici heyvanların saxlandığı tövlə, törədici heyvanlardan toxum almaq üçün manej və hazır toxumu saxlamaq üçün bank. Mərkəzin laboratoriyası Fransadan alınıb gətirilmiş müasir avadanlıqlarla təchiz olunmuşdur. Mərkəzə Rusiyadan, Almaniyadan və Avstriyadan 21 baş törədici buğa və 6 baş damazlıq düyə alınmışdır. Damazlıq düyələrdən alınan erkək balalardan damazlıq buğalar yetişdirilir".

Sayta yerləşdirilən materialda çoxlu sayda digər işlərdən də bəhs olunur. O zaman keçmiş kənd təsərrüfatı naziri Ismət Abbasov Göygöl rayonunda yerləşən Respublika Süni Mayalandırma Mərkəzinin istifadəyə verildiyini bəyan etmişdi. Lakin bir müddət əvvəl bu sahəyə əlavə olaraq 2 milyon manat vəsait ayrıldı və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri bu sahədə ilin sonuna qədər işlərin aparılacağını bildirdilər. Indi yenidən bu sahəyə vəsait ayrılır, bu dəfə 2,8 milyon manat...

Ümumiyyətlə, araşdırmalar göstərir ki, digər ölkələrdə bu kimi və bundan da böyük mərkəzlərin inşasına bizdəki qədər vəsait ayrılmayıb. Məsələn, Özbəkistanda bu kimi mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 700 min avro xərclənib və təxminən bir o qədər də vəsait mərkəzin tikintisinə sərf olunub. Özbəkistanda artıq mərkəz fəaliyyətdədir və regionun ən böyük Süni Mayalama Mərkəzi hesab olunur. Yaxşı olar ki, hökumət ayrılan bu qədər maliyyə vəsaitinin nəyə xərcləndiyi haqda ictimaiyyətə məlumat versin.

Son zamanlar hökumətin “Kənd təsərrüfatı ili” ilə bağlı qəbul etdiyi çoxlu sayda qərarlar, verilən fərmanlar, sərəncamlar, nəzərdə tutulan tədbirlər kampaniya xarakteri daşıyır. Bu, açıq-aydın görünür. Belə yanaşma ilə kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Bu sahə mürəkkəb olduğu üçün daha ciddi düşüncə və fəaliyyət tələb edir.

Vahid Məhərrəmov

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ