SON DƏQİQƏ

PressDent.Info

Torba dolusu təlaş

Torba dolusu təlaş
27-08-2015, 03:52 32572 dəfə baxılıb

Biz soyuqqanlı camaat deyilik, türkün sözü, “panik atak” insanlarıq. Bir şey oldumu, təlaşlanır, təşvişə düşür, böyüzm olur, vahimələnir, vay-nöfsə qoparır, haray-həşir salırıq.  Tam əminliklə deyə bilərəm ki, 1993-cü ildə Qarabağın rayonları sırf yersiz yerə vahiməyə düşməyimizin güdazına getdi.  
Başqa rayonları demirəm, o gün işğalının 22-ci ildönümünü qeyd etdiyimiz Cəbrayıl  və Füzuli kütləvi vahimənin qurbanı oldu. Gözümün şahidiyəm, özü də o vaxt camaatı hərbçilər panikaya saldı. Səngərə girib əliyalın camaatı müdafiə edəcəkləri yerdə, özləri “Qaz-66"ların banına doluşub ”qaçın, qaçın, gəlirlər!" deyə paytaxta sarı götürülmüşdülər, camaat da pay-piyada qalmışdı dərə-təpənin arasında. Ağlaşma, şivən qopmuşdu. Uşaqların qorxudan gözü böyümüşdü. Əsir düşməmək üçün özünü xan Araza vuranlar vardı. 
Sonradan məlum oldu ki, o boyda təlaşlanmağa ehtiyac yox imiş. Vahiməyə düşüb qaçan alaylardan biri qayıdıb düşmənə müqavimət göstərsə rayonları qorumaq olarmış. 
Şəxsən mən o silah-sursatlı moto-atıcı alaylardan birini Kərimbəyli kəndinin yaxınlığında üzü Beyləqana tərəf nizami addımlarla hərəkət edən gördüm. Onlar gedib Beyləqan camaatını da panikaya salmışdılar, ordan da qaçanlar vardı. İmişli sakinləri də artıq yır-yığışa başlamaq üzrəydilər, xəbər gəldi ki, müharibə 100 kilometr geridə gedir, buralar üçün qorxu yoxdur.
Sonralar biz heç nədən təlaşlanmağa vərdiş elədik. Böyrümüzdən yel ötən kimi təşvişə düşürdük. 1994-cü ilin payız aylarında bir-iki ay çörək qıtlığı yaranmışdı, növbə olurdu. Aclıq olacağı qorxusundan insanlar kütləvi şəkildə un, buğda tədarükü görmüşdülər. Elə adam vardı, 3 ilə yetəcək qədər un alıb evinə yığmışdı. Hamısı kifləndi getdi. 
Hazırda məsələ belədir: neft ucuzlaşıb, Çin yuanı dəyərdən düşüb, rus rublu ölüb və biz öz manatımızın dəyərsizləşəcəyi qorxusundan kütləvi şəkildə panikaya düşmüş durumdayıq, əlimizdə olan manatları təcili şəkildə dollara dəyişməyə çalışırıq. 
Dünən həmkarlarımız sosial şəbəkədə bankların, valyuta mübadiləsi məntəqələrinin qarşısında növbəyə duran əlitorbalı adamların fotolarını paylaşmışdı. Bunlar o adamlardır ki, bir neçə gün öncə borc istəyən qohum-qardaşına “sən öl, atamın goru haqqı, evdə çörəkpulundan başqa pulumuz yoxdur” deyən adamlardır, indi hərəyə yeddi kilo milli əskinas götürüb növbəyə durublar ki, 6 kilo dollar alsınlar. 
Bir nəfər yazmışdı ki, dolları qıtlaşdıran bunlardır. Düzgün müşahidədir. Elədir. Yoxsa cibində cəmi 300 manatı olan adam nə qıtlıq yaradasıdır ki... Uzağı gedib 284 dollarını alıb qoyacaq cibinə ki, manat ucuzlaşsa, sabitləşsə, bu təzədən o pulu manata çevirib xərcləsin, 15-20 manat qabağa düşsün.
Paradoksun ən yekəsi elə budur: bir “Şagman” dolusu manatı olan da panikaya düşüb, cəmi 100 manatı olan da. Birinci müflis ola, milyarderliyindən geriləyib milyonçu ola bilər, ikincisi isə ən çoxu 20 manat itirəcək.
Əslində, kasıb adamların devalvasiyadan qorxması daha təbiidir. Ataların belə bir misalı var, deyir, kök arıqlayana qədər arığın canı çıxacaq. Kasıblar da ondan qorxur ki, milyonçulara bir şey olası deyil, amma bu tərəfdə çörəkpulu problemi yarana bilər.
Neçə gündür tanınmış iqtisadçılar milli valyutanın bərəkətinə and içib, aman edirlər ki, manatın devalvasiyası gözlənilmir, təlaşa, təşvişə ehtiyac yoxdur, amma yenə də qədirbilən xalqımızı inandıra bilmirlər. Bilməyəcəklər də. Hər kəs əlindəki bir torba pulu dollarla dəyişdirməyincə dincəlməyəcək. 
 
Əlbəttə, əldə dilənçi torbası gəzdirməkdənsə pulla dolu torba gəzdirmək yaxşıdır və arzulayaq ki, manatımız Zimbabve dollarının gününə düşməsin (bildiyiniz kimi, 1 çuval Zimbabve dollarına bir yumurta verirlər).
Manatın dəyərinə münasibətdə soyuqqanlı olan adamlar da var, amma azdırlar. Manat-dollar söhbəti onların vecinə də deyil. Sadəcə, onlar səmimi qəlbdən istəyirlər ki, vəziyyət daha da pis olsun, bəlkə onda Siyavuş Novruzovun dili bir az gödələ...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ