SON DƏQİQƏ

PressDent.Info

Ordenli-medallı korrupsionerlərimiz…

Ordenli-medallı korrupsionerlərimiz…
27-08-2015, 02:34 27346 dəfə baxılıb

 

Orden və medallar vətəndaşlara millət, dövlət qarşısında xidmətlərinə, hərbi qəhrəmanlığına, dövlət qulluğunda vəzifə borcunu ləyaqətlə yerinə yetirdiyinə, ölkənin mədəniyyətini, elmini dünya boyunca təmsil etdiyinə, elmi kəşflərinə, idman nailiyyətlərinə görə verilir və bu mənəvi dəyərləndirmələr qərbindən, şərqindən asılı olmayaraq istənilən dövlət üçün məqbul sayılır.

Təkcə bir fərq var. Demokratik ölkədə rüşvətdə, korrupsiyada adı keçən, ölkənin istiqlaliyyətində, adının dünyada tanınmasında rolu olmayan heç kəsə “İstiqlal” və ya “Şöhrət” ordenləri təqdim edilməz. Zatən bunlar ayıb bir iş və özünə hörmət edən heç bir dövlət, layiq olmayanları şan-çöhrət gətirən orden-medallarla mükafatlandırıb seçilmişlər sırasına daxil etməsini özünə yaraşdırmaz. Amma bu adlara haqq edənləri də uca tutarlar və hər kəsə örnək olsun deyə, onlara sayqı və ehtiram göstərilər.

Bəs bizdə vəziyyət necədir? Doğrudanmı, “Şöhrət”, “Şərəf”, “İstiqlal” orden-medalları ilə sinəsi bəzənənlər, milli qəhrəman səviyyəsinə qaldırılanlar, prezident təqaüdü alanlar, təqdim edilən bu təltiflərə, verilən uca adlara layiqdir? Təltiflər, adlar veriləndə vətəndaşın hansı partiyaya, hansı komandaya mənsub omasımı, yoxsa həqiqətən də onun millət və xalq qarşısında xidmətləri əsas götürülməlidir?

Müstəqillik dövründən sonra müxtəlif sahələr üzrə fəaliyyətlərinə görə orden və medal alanların siyahısına nəzər etsək, bu siyahıda yer alanların əksəriyyətinin hakim komandadan formalaşdığını və tək-tək şəxslərin verilən təltiflərə layiq olduğunu görmək olar. Təqdimatlar ayır-buyur siyasətinə, komanda mənsubluğu olduğuna görədir ki, kimsə onların verilən adlara layiq olmadığını dilə gətirmir və bu işdə, həkimlərin işbirliyinə girdiyi apteklərə reseptlər yazıb xəstələr göndərdiyi metoda üstünlük verirlər.

Çoxsaylı təltifçilər sırasında ilk diqqəti çəkən hörmətli Baş nazir Artur Rəsizadədir. Ayrı-ayrı vaxtlarda “İstiqlal”, “Şərəf”, “Şöhrət” ordenləri ilə təltif edilib. Nə deyək, hər halda Azərbaycan xalqı vəzifədə ömrünü başa vurmağa hazırlaşan, belə götürəndə digər həmkarlarından fərqli olaraq əyri işlərdə adı hallanmayan qoca Arturun təqdim olunduğu uca adların ağır yükünü daşımaq zorunda olmadığının fərqindədir.

“Şöhrət” ördenli Baş nazir müavini İsmət Abbasovun hansı kateqorya üzrə dəyərləndirlməsini çöküş dövrünü yaşayan aqrar sektorun vicdanlı əməkdaşlarının müzakirəsinə buraxsaq yaxşı olar. Amma hər dəfə məzlum, əzabkeş obrazında publika qarşısında poz verən Abid Şərifovun və bir yol tikintisindən yüz milyonlar qatlayan Ziya Məmmədovun “Şöhrət” ordeni ilə mükafatlanmaları sual doğurmaya bilməz.

Nə iş görüb, millət qarşısında hansı baş ucaldan xidmətlər göstərib ki, illərdir adı mətbuatın səhifələrində korrupsiyada hallandırılan Abid Şərifov “Şöhrət” ordeni ilə təltif edilsin? Tutduğu vəzifə, rüşvət və korrupsiya hesabına əldə etdiyi sərvət az idimi, yol-körpü tikintisi adı altında dövlət büdcəsini dədə malı kimi sağa-sola dağıdan nəqliyyat naziri Z.Məmmədova durub bir də “Şöhrət” ordeni təqdim etsinlər?

Vergilər naziri Fazil Məmədovun tutduğu vəzifədə həddini aşması o yerə çatdı ki, onun soyğunçu məmurlarının iş adamları ilə sərt rəftarı o qədər qabardı ki, dövlət başçısı azad bazar iqtisadiyyatının qəniminə kəsilən vergi məmurlarının bu hərəkətini vətənə xəyanət kimi dəyərləndirmə zorunda qaldı. Bəs elə isə iqtisadi sobatajla məşğul olan, vəzifəsindən sui-istifadə edib onlarla sahibkarı “vahid pəncərə” siyasətinin qurbanına çevirən və bütün bunlardan dolayı hərəkətləri vətənə xəyanət kimi dəyərləndirilən bir orqanın başında duran şəxsin “Şöhrət” ordeni ilə mükafatlanmasını necə başa düşmək olar?

Qapısı qaçqınlar üzünə bağlanmış, “Qaçqınkom”un sədri Əli Həsənov adamlarını, yaxınlarını qaçqınlar adına tikilən düşərgələrin trend qalibi elan edərək külli miqdarda vəsaitin dağıdılmasında, şəxsi büdcəsinə yönəldilməsində şöhrət qazandığınamı, “Şöhrət” ordeni ilə təltif edilməlidir? Bu günün siyasi dönükləri sırasına daxil edilən, himayəsinə sığındığı Rusiyadan güc alaraq Azərbaycandakı əlaltıları ilə çevriliş planlayan Baş Nazirin sabiq müavini Abbas Abbasov istiqlal adına nə yapdı ki, “İstiqlal” ordeninə layiq olanlar bir qıraqda qala-qala onu millət adına bu uca adla mükafatlandırdılar.

Milli Qəhəman adına layiq görülən Surət Hüseynovun ambisiyalarını həyata keçirmək üçün cəbhə xəttindəki qoşunları paytaxt Bakıya yeritməsi, ermənilərin torpağımızın işğalını sürətləndirən, rus təhlükəsini artıran, xalqı milli faciə ilə üz-üzə qoyan, hərəkətləri heç kəsin yadından çıxmayıb.

Demək təcrübə onu göstərir ki, kimə necə gəldi, ötəri qaydada, cari xidmətlərinə görə örden və medalların verilməsi praktikasına son qoyulmalıdır. Dəqiq ölçülər, kriteriyalar qoyulmalı, şəxsin millət, vətən qarşısında xidmətləri düzgün dəyərləndirilməli, ictimai nüfuzu, cəmiyyətdə tutduğu mövqeyi saf-çürük edilməli, dünəni və bu gününə işıq salan analizlər aparılmalıdır ki, sonradan “istiqlalçı”ların, “şöhrət”lilərin, “şərəfli”lərin, “milli qəhrəman”ların, anti-istiqlalçı, anti-milli hərəkətləri, şöhrətə, şərəfə layiq olmayan davranışları ilə qarşılaşmayaq.

Nurəddin İSMAYIL

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ