SON DƏQİQƏ

PressDent.Info

Niyə məhz əyalətlər?

Niyə məhz əyalətlər?
26-08-2015, 18:40 32133 dəfə baxılıb

 

Hətta hiss olunacaq bahalaşma belə medianın və sadə insanların diqqətini Mingəçevirdə baş vermiş hadisədən ayıra bilmədi… Səhv etmiriksə, bu, üçüncü böyük əyalət etirazıdır – birincisi Qubada, ikincisi İsmayıllıda, üçüncüsü də Mingəçevirdə oldu…

Əslində etirazların nədən qaynaqlandığını, onların nədən mərkəzdə deyil, məhz əyalətlərdə baş verməsi xüsusi bir izah tələb etmir…

Bakı mərkəzdir. Burada hər şey fərqlidir. Yerli hakimiyyətin davranışı da, sosial durum da, insanlar arasındakı kommunikasiya imkanları da… Amma gəl ki, əyalət belə deyil…
Düzdür, 90-cı illərlə müqayisədə bir xeyli dəyişiklik var, indi hətta əyalət də həmin keçmiş əyalət deyil – şəhərlər və qəsəbələr tikilir-qurulur, əhalinin minimal da olsa, öz sosial immuniteti var, işsizlik daha əvvəlki illərdəki kimi kəllə-çarxa vurmur…

Amma bütün bunlarla belə, əyalət Bakı deyil, onlar daha çox xırda xanlıqlara bənzəyirlər. Həm də son vaxtlarda böyük layihələrin dayandırılması ucbatından işsizlik yenə də bir nömrəli problemə çevrilib. İşsizlik qədər sosial problemləri qabardan, vəziyyəti gərginləşdirən ikinci amil isə tapmaq çətindir…

Amma sözüm bunda deyil. Məni bu etirazların başqa tərəfi maraqlandırır. Bu vaxta qədər baş vermiş əyalət etirazlarının demək olar ki, hamısında yerli hakimiyyətlərin təqsiri etiraf olunub. Amma bununla bahəm az qala kütləvi həbs dalğası olmadan da keçinmək mümkün olmayıb – çoxlu sayda insan həbs olunub, incidilib…

Demirik ki, əyalətdə baş vermiş hər hadisə orada böyük sosial partlayışa səbəb olmalıdır. Yox. Amma insanları başa düşmək lazımdır. Etiraz etmək də bir növ bu insanların hüququdur. Mingəçevirdə baş vermiş hadisənin təfərrüatları bizə tam aydın deyil. Amma yerli strukturların təqsiri dərhal etiraf olundu. Bu isə o deməkdir ki, etiraz üçün zəmin olub…
Bir az əvvəldə dedik ki, yerli strukturlar özlərini kiçik xanlıqlar kimi aparırlar.
Bu da insanların səbrini daşdırır… Onları etiraz etməyə sövq edir…

Bunu həm də avtoritar idarəçiliyin xüsusiyyətlərilə izah edərdik. Bilirsiniz, bu qədər neqativ enerji ki, insanlarda toplanır, onun da azad edilməsinin yolları olmalıdır…

İndi guya qarşıdan parlament seçkiləri gəlir. Əslində insanlar etiraz edəndə ilk növbədə onların qarşısına deputatları – onları parlamentdə təmsil edən adam çıxmalıdır. Amma əksər hallarda insanlar hətta onları tanımırlar…

Məgər bu, problem deyilmi? Təsəvvür edin, illərlə acıq, etiraz insanların içində toplanır və öz ifadəsini tapa bilmir. İnsanlar nə etsin? Demirik ki, olay və proseslər o qədər gərgindir ki, yalnız neqativ enerjiə çıxış verir…

Amma bu, da var. Ən qəribəsi isə bilirsiniz nədir? Bu yaxınlarda götürüb Lev Tolstoyun “Anna Karenina” romanını təkrar oxudum və məni bir daha təəccüb etməyə bilirsiniz nə vadar etdi?..

Əşi, bu çarın vaxtında əməlli-başlı iş görülürmüş, əməlli-başlı demokratiya və sərbəstlik varmış…

İndi biz də qəbul edirik ki, Azərbaycanda ən azı yaxın vaxtlarda arzuladığımız demokratik sistem olmyacaq. Amma heç olmasa, bəzi işləri görmək olardı axı!..

Təsəvvür edin, rus çarının dövründə insanlar seçkidə saxtakarlığın nə olduğunu bilmirlərmiş. Bəli, bəzi seçkilər məhdudiyyətlərlə keçirilirmiş, gəl ki, insanlar saxtakarlığın nə olduğundan xəbərsiz imiş…

Məgər bu azdırmı? İnanın, azad seçki olsa, insanlar özlərini azad şəkildə ifadə etsələr, məhkəmələr normallaşsa, bir çox problemlər sadələşə bilər…

Həmin bu əyalət etirazlarının hamısına hansısa narazılıq təkan verib. İnsanlar bu narazılığı məhkəmə yolu ilə də həll edə bilərdilər. Amma görünür ki, ya bizim məhkəmələr qaydasında deyil, ya da insanlarda onlara qarşı inamsızlıq mövcuddur…

İndi də qarşıdan parlament seçikisi gəlir. Elə bir əhəmiyyəti olmasa da, bunu bir daha qeyd etmək zorundayıq…

Nə demək istəyirik? İnsanlara seçmək imkanı verin. Qoy onlar istədikləri insanları seçsinlər, öz istədiklərinə səs versinlər. Bu, ən azı sizin də, yəni hakimiyyətin də rahatlığı üçündür, siz onlara seçim imkanı versəniz, onlar da sizi seçim qarşısında qoymazlar…

Hüseynbala SƏLİMOV

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ