SON DƏQİQƏ

PressDent.Info

Mikayıl Cabbarova açıq məktub

Mikayıl Cabbarova açıq məktub
23-08-2015, 03:13 31104 dəfə baxılıb

“Aşağıdakılardan hansı çömçəquyruqda yoxdur?
A) yan xətt orqanı    B) qəlsəmələr    
C) 2 kameralı ürək     D) 2 qan dövranı    
E)  quyruq” 
(Ali məktəbə qəbulda biologiyadan test sualı)
İlk növbədə üzümü təzə təhsil nazirimiz Mikayıl müəllimə tutub bir xırda iradımı bildirmək istəyirəm. Ümid edirəm hələ dərs başlamayıb, uşaqlara “Lenin baba yolunda” şeiri əzbərlətmir, şikayətimizə baxacaqdır. 
 
Şikayətimin məzmunu 1-ci siniflərə şagirdlərin qəbulu prosesi ilə bağlıdır. Mənim öz uşağım da bu il 1-ci sinifə gedəcək, amma yaşı çatmırdı, o üzdən Təhsil Nazirliyinin “xüsusi istedadlı uşaqlar üçün vaxtından qabaq məktəbə qəbul imtahanı” prosesindən keçməli olubdur. O imtahan haqda xoş sözlərimi artıq “Yeni Müsavat”da, 28 iyul sayında “Birinci imtahan” adıyla yazmışam, istəsəniz tapıb oxuya bilərsiniz. 
Yoldaş Cabbarov, deyə bilərsiniz bəs sənə ayrı nə lazımdır, uşaq imtahan verib, 1-ci sinifə girib, get “Sədərək”dən paltar-palazını al, şəllə belinə, getsin haqqın yolunu öyrənsin da bə. Deyin. Amma şikayətim elə bu imtahandan sonrakı prosedura aiddir. 
Uşaqların qəbul olunması haqda sənədi Bakı şəhər təhsil idarəsinin saytından çıxarıb məktəb seçdik, lazım olan sənədləri (tibbi arayış, şəkil-məkil) toplayıb üz qoydum yaxınlıqdakı məktəbə. Mikayıl müəllim, Allahdan gizli deyil, sizdən nə gizli olsun, biz məktəbi ancaq evə yaxınlığına görə seçirik, çünki bir-iki babat məktəbə pulumuz çatmır, qalanları da hamısı eyni kökdədir. Onsuz da hamısında dovğa qazanı bulayan zənənlər laqqırtı vurub gün keçirirlər, evdə repetitor tutmalı olursan, bir də məktəblərimiz potensial cinayətkarlıq yuvasıdır – seçkiləri orda saxtalaşdırırlar. Ancaq bu, ayrı mövzudur, sizə dəxli yoxdur. 
Uzun sözün qısası, sənədləri məktəbə təqdim edəndə direktor dedi ki, gərək uşaq da gəlsin, imtahan versin. Təəccübləndim, dedim bəs o biri imtahan nə üçün idi. Hətta imtahan otağını da mənə göstərdilər, burda masanın üstünə beş-altı oyuncaq da tökmüşdülər, guya uşaqlar tülkü ilə dovşanın fərqini tapıb məktəbə girirdilər. Nəsə, uzun çək-çevirdən sonra direktor sağ olsun, anlayışlı adam çıxdı, sənədləri qəbul elədi. 
Amma məsələ ondadır ki, istəsə qəbul eləməyə bilərdi! Çünki sizin o Bakı təhsil idarəsi adlı karikatur obyektin valideynlərə verdiyi buraxılış vərəqəsinin altında belə bir əcaib cümlə var: “Məktəbdə yaradılan işçi qrup səbəbini göstərməklə uşağı məktəbə qəbul eləməkdən imtina edə bilər. Qəbulundan imtina edilmiş uşaqların valideynləri filan məktəbdəki şikayət qrupuna müraciət etsin”. Bu ona bənzəyir ki, misal üçün, sən imtahan verib BDU-ya girirsən, sentyabr ayında gələndə Abel müəllim səni girişdə saxlayır, deyir ki, təzədən işçi qrupa imtahan verməlisən. “Səbəbini göstərmək” nə deməkdir? Burada hansı səbəb ola bilər? Təhsil Nazirliyinin keçirdiyi qəbul imtahanı o xəyali səbəbləri də yoxlaya bilməzdimi? 
Fikrimcə, bunlar hamısı rüşvətxorluq üçün şərait yaratmaq, valideynləri, uşaqları incitmək üçün mənasız bir şeydir. Mən bir az dirəşdim, direktor da anlayışlı çıxdı, amma hamı belə deyil axı. Sizi inandırım ki, TN-in qəbul imtahanından keçmiş uşaqların çoxunu məktəblərdə bu cür incidirlər. Əgər mümkündürsə bu biabırçı prosedura son qoyun. 
Sonda bir daha sizə hörmətimi bildirirəm və imkan düşəndə Türk Hava Yollarının Tiflisdən Barselonaya uçan reysi ilə gedib ordan zati-alilərinizə soyuducu maqniti gətirməyə söz verirəm. Bütün hallarda siz biz jurnalistlər, valideynlər və sairə burnufırtıqlı şagirdlər üçün Misir Mərdanov deyilsiniz, daha müsbət xarakterə maliksiniz. 
Misir müəllimin vaxtında məktəblərə heç sənəd vermək olmurdu, daha doğrusu, ancaq üstündə Bencamin müəllimin şəkli olan sənədləri qəbul edirdilər. Yeri gəlmişkən, mən yüz minlərlə valideynlər adından Mərkəzi Banka da təşəkkür etmək istəyirəm, çünki 50 manatlığın üzərini məktəb mövzusuna həsr ediblər: iki uşaq bir dənə kişi müəllimin (axırıncı kişi müəllim olub, onu da pula çəkiblər, o vaxtdan ancaq qadınlar dərs deyir) dalıyca düşüb məktəbə gedirlər. Əgər bu şəkli 100 manatlığa çəksəydilər biz lap lüt-üryan qalardıq. Belədə 50 manatla yola vermək olur. Sağ olun, Elman müəllim. 
 
Mikayıl müəllim, bir də mümkün olsa epiqraf verdiyim test sualının düzgün cavabını tapardınız. Öncədən minnətdaram. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ