SON DƏQİQƏ

PressDent.Info

Qan gölünün balıqçısı

Qan gölünün balıqçısı
21-08-2015, 00:05 37194 dəfə baxılıb

 

Respublika 1991-ci ildə bərpa olundu. Siyasi və hərbi vəziyyət kifayət qədər mürəkkəb olmaqla yanaşı həm də aydın idi. Rusiya imperiyadan iki ölkənin birini aşkar silahlandırır və münaqişənin dərinləşməsi üçün əlindən gələni edirdi. Xalq Cəbhəsi müstəqilliyin başlıca qarantı kimi müxalifətdə, Mütəllibov isə müstəqilliyə könülsüz könül vermiş hökumətin başında idi. Qarabağda davam edən müharibənin faktiki məsuliyyəti və ağırlığı Xalq Cəbhəsinin, formal siyasi məsuliyyəti isə Mütəllibovun üzərində idi.
 
Bunun başlıca səbəbi isə o idi ki, Mütəllibov SSRİ-nin təyin etdiyi şəxs kimi 20 yanvar olaylarından sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Əbdürrəhman Vəzirovu əvəz edirdi. Onun bu mövqeyi xalq arasında heç bir ciddi nüfuzunun olmamasını şərtləndirirdi. Bütün siyasi hadisələrin mərkəzində olan Xalq Cəbhəsi siyasi təşəbbüsə sahib təşkilat kimi, həm də sosial nüfuza sahib idi. Buna görə də peşəkar general Bərşadlı (Valeh Bərşadlı) müdafiə naziri təyin olunsa da, ordu quruculuğunda uğursuzluğa düçar oldu. Bunun əksinə, Xalq Cəbhəsinin çağırışı ilə az zamanda özünü müdafiə taburlarını formalaşdırmaq mümkün oldu. 1993-cü ildə bu taburların sayı 33-ə çatmışdı. (Bu hərbi bölmələrin gələcək taleyi barədə yazacam. Növbəti başlıqları izləyin S.H.)
 
Xalq Cəbhəsinin ölkəyə nəzarət etməsinin fonunda Mütəllibovun hökuməti rəsmi təmsilçi idi. Bu isə yeni müstəqil ölkədə sistemin boşluğu kimi görünürdü. Respublika öz qurucularının əlində deyildi. Hakimiyyət isə müstəqil idarəetmədən qorxurdu. Buna baxmayaraq Mütəllibov hakimiyyəti haqqında birmənalı və birtərəfli qaydada mənfi fikirlər irəli sürmək olmaz. Bir çox iştirakçıları ilə apardığım söhbətlərlə dəqiqləşdirə bildim ki, o zaman bu vəziyyətdən çıxış yolu axtaranlar var imiş.
 
Bu təşəbbüslərdən biri AXC ilə o zamanki iqtidarın koalisyon hökumətini qurmaq idi. O vaxt hakimiyyətdə bu ideyanı dəstəkləyənlərin sayı AXC-dəkitərəfdarlarından elə də çox deyildi.
 
AXC Ali Məclisində bu təşəbbbüs səsverməyə qoyulsa da, cəmi 6 səslə dəstək alır. Beləliklə respublikanın möhkəmləndirilməsi uğrunda ilk konsolidasiya cəhdi baş tutmur. Bu vəziyyətin yaranmasında kimlər niyə maraqlı idilər? O zaman hakimiyyətdə olanların bu koalisiya- konsolidasiyaya müqavimət göstərmələrinin başlıca səbəbi əlindəki hakimiyyəti bölüşməmək düşüncəsi idi.
 
Mütəllibov SSRİ-ni nomenklaturasının beyni ilə düşünürdü. Onun üçün ictimai rəy önəmli deyildi. Çünki SSRİ -də ictimai rəyin nə olduğunu anlamırdı. Xalq Cəbhəsində isə düşünürdülər ki, əli xalqın qanına batmış Sovet hökuməti varisləri ilə koalisiya onları da nüfuzdan salar. Belə, onsuz da hakimiyyətə gəlmək imkanları var. Bu arqumentlər onlara Mütəllibovla koalisiyanın əleyhinə səs toplamağa kömək etdi.
 
Müdriklik çatmırdı. Sadəcə, siyasi müdriklik. AXC elitası vətənpərvər və cəsur idi. Ultrasağçı mövqedən çıxış edirdi. Liberal qanad adlanan qrupun böyük kəsimi, hətta liderlərindən bəziləri bu gün də millətçi mövqeyindən çıxış edirlər. Amma bütün bunlar millət üçün optimal qərarlar verməyə bəs etmirdi. Ayaz Mütəllibovun komandasında da eyni problem hökm sürürdü. Bunu deməkdən çəkinmək lazım deyil.
 
Xainlər və kəmfürsətlər üçün məhz bu cür situasiyalar imkanlar yaradır. Heydər Əliyev də bu ziddiyyətin dərinləşməsində insan ağlına gəlməyən üsullardan və kommunist hökumətdəki adamlarından istifadə edirdi. AXC-də onun adamı yerləşdimi?
 
Bunu Nemət Pənahlı daha yaxşı bilər...
 
P.S. Bu məqalə Azərbaycanın 1991-2002, 2002-2014-cü illərindən bəhs edən “Antiqayıdış” sənədli filminin ssenarisidir. Ardı var... 
Seymur Həzi

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ