SON DƏQİQƏ

PressDent.Info

Ləkə götürməyən cəbhə!

Ləkə götürməyən cəbhə!
15-07-2015, 14:04 32907 dəfə baxılıb

Bu cümləni işlətməyə nə dərəcədə haqqım var, bilmirəm. Bir onu bilirəm ki, ürəkdən gələn söz deyilməlidir və süni də alınmaz. "Bu günlərdə 26 yaşımız tamam olur" Xoşbəxt o insandır ki, cəbhənin yaşını öz yaşı bilə. Biz də bu xoşbəxtlər arasındayıq. İllər sübut edib ki, bu partiya, doğrudan da Azərbaycan Xalqının Cəbhəsidir. Xalqı vətəndaş müharibəsindən azad edən də bu partiya olub, xalqa görə hakimiyyətindən keçən də bu partiya olub. Doğrudur, illər keçdi və AXC dəyişib AXCP oldu. Dəyişən yalnız və yalnız bir hərf oldu. Mövqe və amal dəyişmədi. Fikir versək, Partiya qurucusu rəhmətlik Əbülfəz Elçibəy bu gün də günahlandırılmaqda davam edir. Çoxlarından fərqli olaraq, Elçibəy vicdanlı və şərəfli olmaqda günahlandırılır. Mən dəfələrlə eşitmişəm, bu gün zülm və zillət içində qıvrılan xalq deyir ki, " Elçibəy gərək xalq qırğınından qorxmayaydı, beş nəfər artıq ölərdik, amma bu günlərə qalmazdıq". Elçibəyi yaxından tanımayanlar belə deyə bilərlər. Onu azacıq tanıyan hər kəs yaxşı bilir ki, hakimiyyətdə qalmaq bahasına bir insanın ölümünə belə razı olmazdı o. Bunun bariz nümunəsidir ki, AXC hakimiyyətə gələndə bir nəfərin belə burnu qanamamışdı. Bunları hər biriniz yaxşı bilirsiniz. Bunları ona görə yazıram ki, AXCP adı çəkilirsə, Əbülfəz bəyin adı mütləq çəkilməlidir. Onu tərif etmək niyyətində deyiləm və heç edə də bilmərəm. Mən kiməm ki, belə insanların tərifçisi tarix özüdür.
 
Bir cəbhəçi Azərbaycan xalqına və əqidədaşlarına nə arzu edə bilər ki? Azadlıq, azadlıq, yenə də azadlıq! İnsan birinci azad olmalı, sonra həyatını onun üzərində qurmalıdır. Azadlıq olmayan yerdə xoşbəxtlik də ola bilməz. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli başda olmaqla, bütün cəbhəçiləri təbrik edirəm. Siz bu 26 ildə çox şeylər gördünüz və çox əziyyətlər çəkdiniz. İnanıram ki, Allah sizlərin əziyyətini hədər etməz və etməyəcək də. Ona görə ki, zülmlə mübarizə aparanın müjdəsini Allah özü verəcək. Allah haqq yolundan dönməyənlərin, bu yolda ölüm bahasına olsa belə,
 
zülmə boyun əyməyənlərin mükafatını verir bir gün mütləq. Sizə ölümün gözünə dik baxmağı və əqidənizdən dönməməyi arzu edirəm. Doğum günün mübarək, ləkə götürməyən cəbhə!...
Orxan Valehli
 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ