SON DƏQİQƏ

PressDent.Info

Stalinin qızı üçün ən çətin sual nə idi?

Stalinin qızı üçün ən çətin sual nə idi?
18-08-2015, 15:18 24736 dəfə baxılıb

Məndən soruşsaydılar ki, cəhənnəm haradadır, düşünmədən deyərdim ki, o, Suriyadadır. Burada indi hamı döyüşür və demək olar ki, heç kim də bilmir ki, kimə qarşı vuruşur, necə deyərlər, ara qarışıb, məssəb itib...

Ən maraqlısı isə budur ki, bu yaxınlarda Moskva da Suriya müxalifətinin daha bir radikal qanadının təmsilçilərini qəbul etdi...
Düzdür, hamı əsas hədəf kimi guya İŞİD-i görür. Amma Bəşər Əsədin də artıq keçmiş olduğunu heç kim inkar etmir... 
Çox güman ki, İŞİD ram ediləndən sonra B. Əsədin hakimiyyətdən getməsi, necə deyərlər, bir texniki məsələ olacaq. Amma İŞİD ram ediləcəkmi? Buna tezliklə nail olmaq mümkün olacaqmı? Doğrusu, hamı kimi biz də bu sualların cavabını bilmirik...
Bir vaxt Yaxın Şərqdən danışmaq siyasətdən baş çıxarmağın göstəricisi kimi başa düşülürdü. İndisə Yaxın Şərqdən danışılası bir şey qalmayıb...
Nə gizlədək, “ərəb baharları” bizim ümidlərimizi doğrultmadı. Görünür, lap əvvəldən bilmək lazım imiş ki, səhrada baharlar da özünəməxsus olur, burada əsl baharı, gül-çiçəyi gözləməyə dəyməz...
Bilirsiniz, ən qəribəsi nədir? Bu yaxınlarda bir tanışım dincəlmək üçün bir neçə günlüyə Gürcüstana getmişdi. Deyir ki, təmizlikdir, amma aclıqdır, elə bil ölkə təzəcə müharibədən çıxıb, heç bir yerdə tikinti-filan gözə çarpmır... 
Mən doğrusu, Gürcüstanda olmamışam. Amma başqalarından eşitdiklərim də elə bu sözləri təsdiqləyir... 
Səbəb nədir? Odur ki, Gürcüstanın resursu yoxdur və bu ölkə nə qədər siyasi fəallıq göstərsə də, adamlar sayıq olsalar da, problemlər həll olunmur, ölkə çiçəklənə bilmir...
Amma Allah Yaxın Şərqə hər şey verib, bircə insanlarına ağıl verməyib. Ona görə də burada da heç nə alınmır...
Bəzisi ərəb passionarlığının artmasından yazır. Amma Allah kəssin belə passionarlığı... Bir passionarlıq ki, kreativliyə xidmət etmir, qurub-yaratmağa gətirib çıxarmır, o, kimə və nəyə lazımdır?..
Yazının əvvəlində Moskvanın B.Əsəddən imtina etməsi ehtimalını dilə gətirdik. Nə demək olar? Əlbəttə ki, imtina edəcək, bunun da geci - tezi var, necə ki, bir vaxt hamı soruşurdu ki, görən, Moskva Qəzzafidən imtina edəcəkmi? Bəli, o vaxt prezident olan D.Medvedyev ondan imtina etdi. İndi də V.Putin çalışır ki, onun haqqında da “Bəşər Əsəddən imtina etdi!” sözlərini deməsinlər. Həm də bir az İrandan ehtiyat edir, çünki bu ölkə hələ də Əsədi müdafiə edir...
Amma gec-tez imtina etməli olacaq. Başqa yol yoxdur. Hələ bir neçə ay, bəlkə də bir il bundan əvvəl idarə olunan xaoslar haqqında yazmışdıq. İndi bu ölkədə də - Suriyada da idarə olunan xaos bərqərar olub...
Təsəvvür edin, ABŞ və ona dəstək verən koalisiya Suriyada B.Əsədə və İŞİD-ə qarşı vuruşur. Türkiyə PKK-ya və İŞİD-ə qarşı vuruşur, B.Əsədi də yaddan çıxarmır. Rusiya hələlik səylərin İŞİD-ə qarşı birləşdirilməsinə çalışır, amma o da belə hesab edir ki, Əsəd artıq oynanılmış kartdır...
Beləcə, dövrə qapanır, cəhənnəmin konturları cızılır. Ən böyük günah kimdədir? Birmənalı şəkildə demək olar ki, B.Əsəddə və onun komandasında. 
Ona görə ki, siyasətçi hakimiyyətə gəldiyi kimi, getməyi də bacarmalıdır. Bəzisi deyirdi ki, Əsəd ona görə hakimiyyəti vermirdi ki, onun getməyə yeri yox idi. Amma biz buna inanmırıq. Hər halda, ərəb ölkələrindən biri onu qəbul edərdi... Həm də bir ölkəni nə qədər fövqəladə vəziyyət şəraitində idarə etmək olar?..
Çox təəssüf ki, diktatorlar reallıq hissini itirirlər. Onlara elə gəlir ki, hakimiyyətləri əbədi olacaq. Amma dünyada əbədi heç nə yoxdur, hətta onun - dünyanın özü belə əbədi deyil...
Nədən diktatorlar uzağı görmürlər? Halbuki onların hamısını “böyük strateqlər” adlandırırlar! Bilmirəm. Doğrusu, bu sualın cavabını indi heç kim bilmir...
Bəzən diktatorlarda da “Məndən sovuşdu!” psixologiyasını təzahürlərini hiss etmək olur. Baxın. Hafiz Əsəd Suriyanı otuz il idarə etdi. Sonra da hakimiyyəti oğluna ötürdü. Amma öğlu həm özünün, həm də atasının əməlinə cavab verməli oldu. Hətta M.Qəzzafinin, S.Hüseynin nəinki uşaqları, ən yaxın qohumları da onların əməllərinin hesabını verməli oldular...
İ.Stalini kimsə xoşbəxt diktator hesab edə bilərdi. Amma onun uşaqları xoşbəxtlik nə olduğunu bilmədilər. Qızı o vaxt yazırdı ki, onun üçün ən çətin iş “Kimin qızısınız” sualına cavab vermək idi...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ