SON DƏQİQƏ

PressDent.Info

Gənclərin yeri - Tamilla Qulami yazır

Gənclərin yeri - Tamilla Qulami yazır
2-08-2015, 15:15 41527 dəfə baxılıb

Bu günümüzün gəncliyi yetkin siyasi güc halına gəlməmişsə, iqtidar-müxalifət mübarizəsində cəmiyyət arasında kifayət qədər söz sahibi deyilsə, bunun başlıca nədənlərindən biri kiçik-burjua fikirli siyasi axımlara yönlənməkdir. Təəssüf ki, bəzi “lider”-lərin burjua düşüncələri, dövlətdən qoparacaqları bir-iki qırıntı uğruna gəncləri meydana salıb quru gurultunun yaratdığı tozu gəncliyin gözünə atmaqdan başqa bir işə yaramadı.
Ümumi gedişata baxırsan ki, gənclərdən çoxu problemlərin həllini, yaşamın yaxşılaşmasının çarəsini sosial şəbəkələrdə status və rəylər yazmaqla, ölkədə baş verən bütün proseslərə radikal yanaşmaqla düzələcəyini düşünür. Proseslərə qatılmamaqlarının, ölkənin, millətin, öz talelərinə biganə qalmanın nədənlərindən biri də meydanlarda inandıqları liderlər tərəfindən yalnız qalmaları, gəncliyi sadəcə demokratiya üçün vitrin olaraq görənlər, “Bunu ancaq mən edə bilərəm!” iddiasıyla özündən sonra gələnləri görməyənlərin sayəsində oldu. Bu səbəbdən də yanlış bünövrə üzərində cəmiyyət inşa edilir. Dəfələrlə cəmiyyəti uçuruma sürükləməklərinə baxmayaraq bəzi “lider”lər hələ də ölkədə siyasət zəminində önəmli bir yer tutmaq arzusundadırlar. Kobud dillə desək, gənclər ya istifadə edilir, ya dışlanır, ya çoxusu köməkçi güc olaraq tanıdılır, ya ikinci işlərlə görəvləndirilir. Yetərincə dəyərləndirilmədikləri üçün get-gedə siyasət də maraqsızlaşır və onlar üçün siyasətin maraqsız olması, siyasəti cəmiyyətin çözüm sahəsi kimi görməməkləri də “peşəkar siyasətçilər”in işinə yarayır, ən azından ayaq bağları əksik olur. Halbuki gənclərlə işləmək hər zaman yenilikdir, enerjidir. Vuran, yıxan, yağmalayan deyil, fikirləri, düşüncələriylə ölkəmizin, millətimizin gələcəyinə yön verən bir gənclik hər zaman qazanmaq iqtidarındadır.
Əksikliklərimiz əlbət ki, çoxdur. Amma gec deyil. Gənclərin gerçək doğru və yanlışı yüksək səslə səsləndirdiyi bir qrup olaraq, birlikdə cəmiyyətə bərabərlik, demokratiklik gətirmək, kürsü davası edənlərə dur demək, mövcud iqtidarın yanlışlarını qabartmaq, dövlətçilik yolunda yeni-yeni layihələr həyata keçirmək və xalqın iqtidarına gedən yolda atdığı addımlarla cəmiyyətdə tək siyasətçilərə deyil, gənclərə də güvən artacaq. Çünki doğrunu, yanlışı ayırd edə bilən gənclik toplumun həssasiyyətinə diqqət edəcək qədər təmkinli, bilgili, problemləri həll etməyə gücü olacaq qədər enerjilidir.
Cəmiyyətin dəyişməsi, demokratikləşməsi, maarifləsnməsinin yolu tək kadrların güclü olması deyil, gənclər dərnəklərinin, layihələrinin hazırlanması, həyata keçirilməsindən keçir. Mübarizəmiz məmləkəti bu hala gətirən zehniyyətlədir.
Gənclərimizin Azərbaycanın idarə edilməsində iştirakı maksimum təmin edilməli, onların siyasi seçim etməsini və siyasi institutlarda iştirakına şərait yaradılmalıdır.
İctimai institutlarda, vətəndaş cəmiyyətlərində gənclərin iştirakına təminat verilməli və həvəsləndirilməli, dövlət idarəçiliyi üzərində gənclərin ictimai nəzarəti həyata keçirməsinə yardım edilməlidir.
Biz bütün Azərbaycanı birləşdirmək üçün birləşməliyik. Təəssüflər olsun ki, ölkəmizin 20 faizi işğal altındadır, azad cəmiyyət quruculuğunda, şəffaf seçkilərin keçirilməsində hələ də problemlər yaşanır. Bütün bunları nəzərdən keçirərkən bir daha fərqinə varırıq ki, qarşımızda dayanan problemlərin həlli üçün daha çox gəncin proseslərə cəlb olunmasına, ölkədə baş verən hadisələrin mərkəzində yer almasına, ictimai nəzarət mexanizminin hərəkətə gətirilməsinə böyük ehtiyac var. Bütün bunları nəzərə alaraq gənclərimizin Azərbaycanın idarə edilməsində iştirakı maksimum təmin edilməli, siyasi seçimlər edə bilməsi və siyasi institutlarda iştirakına şərait yaradılmalıdır. Hüquqi dövlət quruculuğu prosesində nə qədər çox fəal vətəndaşlarımız, əsasən də gənclərimiz iştirak etsə, uğurlarımız o qədər çox olar. Zehniyyətli, vətən üçün, öz bu günü, gələcəyi üçün birləşən gəncliyi əngəlləmək ölkənin, millətin gələcəyə gedən yollarını əngəlləməkdir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ