SON DƏQİQƏ

PressDent.Info

Cavid Hüseynovun forması - zorakılığın bayrağı kimi

Cavid Hüseynovun forması - zorakılığın bayrağı kimi
16-08-2015, 15:12 24741 dəfə baxılıb

“Qəbələ” futbol klubunun “Azal”la oyunda Cavid Hüseynovun formasını qaldırması sadəcə biabırçılıqdır. Normal klub belə məsələyə görə utanmalı, jurnalistin və ya hər hansı bir insanın ölümündə bu və ya digər formada əli olan hər hansı bir şəxsə dəstək verməkdən çəkinməli idi. Əgər mənim dostum və ya yaxınım belə, bu cür bir hərəkət etsəydi, bir insanın, ailələrin faciəsinə səbəb olsaydı heç bir halda onu etdiyini dəstəkləməz, onunla fəxr eləməz, onun adını ucaltmazdım. Bu hadisə göstərir ki, biz millət və cəmiyyət olaraq hansı səviyyəyə sahibik, nə qədər geridə qalmışıq. 
Belə baxanda, məsələ o qədər də təəccüblü deyil, belə şeyləri insanlarımızdan gözləmək olar. Bunu iki səbəbdən edirlər. Birincisi odur ki, bizdə hər kəsdə dava, “razborka”, söhbət eşqi var, həyatı bunsuz təsəvvür eləyə bilmirlər. Qadınından tutmuş kişisinə qədər, bu ölkədə hər kəs aqressivdir. Qatarda yol gedirsən, baxırsan ki, oğlanlar bir-birinə əsəbi-əsəbi baxır. Elə bil fürsət gəzirlər ki, kimsə səhv bir şey eləsin, o saat dalaşsınlar. Hərəsi bir obraza girib. Biri məsələn hesab eləyir ki, o Poladdır, digəri barondur, bir başqası Ezeldir, o birisi Ramiz dayıdır. Qərəz hərəsi bir türk serialındakı obraza bürünüb gəzirlər. Bu səbəbdən bizdə heç kim anlamır ki, normal və mədəni insan başqasını hətta təhqirə görə döyməyə çağırmaz. Bu aktdan başqa nə eləyəcəyi hər kəsin öz işidir, fikir verməyə də bilər, məsələni hüquqi yolla tənzimləmək istəyə də bilər. Elə bu səbəbdən də bir də görürsən balaca bir məsələdən böyük dava çıxdı, biri digərini ya məqsədli şəkildə, ya da bilmədən öldürdü. Belə şeylər o qədər adidir, o qədər sıradandır ki, insanlarımız artıq bunu belə qəbul eləyib, belə yaşayırlar. Fikirləşirlər ki, normaldır, jurnalist bunun haqqında nəsə yazıb, bu da onu söhbətə çağırıb. 
İkinci səbəb isə məsuliyyətin şişirtməsi ilə bağlıdır. Bunu təkcə futbolçulara eləmirlər. Azca normal işləyən, vəzifəsini doğru-düzgün yerinə yetirən biri olanda hər kəs onu qaldırıb dağın başına qoyur. Məsələn bəs filan general vuruşub, filan müəllim yaxşı adamdır, çünki dərs keçir, filankəs möhtəşəmdir, çünki qol vurub. Halbuki hərənin bir işi var, jurnalist göstərməli, hərbçi vuruşmalı, müəllim dərs deməli, futbolçu da qol vurmalıdır. Hər şeyin yolunda getməsinə öyrəşməmişik, normal gedən bir şeylər olanda ona qeyri-adi bir hadisə kimi baxırıq.
Azərbaycanlılar bəzən o qədər böyük məsələyə fikir vermirlər, adam laqeydlikdən əsəbləşir; bəzən də elə xırda şeyi böyüdüb problem eləyirlər adam məəttəl qalır. Kimsə yaxşı oğlan ola bilər, kimsə coşub-kükrəyə bilər, emosional davrana bilər, amma bir adamın ölümünə, hətta döyülməsinə bu və ya digər şəkildə səbəb olubsa onda həbsi normal qarşılamaq lazımdır. Bu ifadəni Azərbaycanda demək nə qədər qəribə səslənsə də, hər kəs qanun qarşısında bərabərdir. 
O gün fikirləşirdim ki, görəsən Rasim Əliyevin ölümündən sonra heç olmasa kimsə ya qorxaraq, ya bəzi şeyləri anlayaraq düşünəcək ki, jurnalistləri döymək, söhbətə çağırmaq, “filan şeyi filan yazmısan, bu nömrəm, kişisənsə gəl görüşək”, -  demək pisdir? Hətta bunun acı nəticələri də ola bilər.
Belə görünür ki, yox, hələ forma qaldırırlar. Şəxsən o forma mənə indi zorakılığın bayrağı kimi görünür. Elə bil kimsə deyir ki, sevinməyin, zorakılıq edənlər cəzalansa da zorakılığın bayrağı həmişə yüksəklərdə olacaq. Dəhşətdir. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ