SON DƏQİQƏ

PressDent.Info

Qarşıdan gələn mərhələ nə vəd edir?

Qarşıdan gələn mərhələ nə vəd edir?
1-08-2015, 15:06 27515 dəfə baxılıb

Qızmar yay davam edir. Parlament seçkilərinə hazırlıq isə hiss edilmir. Sanki hamı seçkiləri yola verməyə hazırlaşır. Lakin müxalifət bu dəfə də ağır məğlubiyyətə uğrasa, protest elektoratının alternativ axtarışı daha da intensivləşə bilər. İqtidar opponentlərinə verilmiş limit bitmək üzrədir. Siyasi mübarizənin sonsuza qədər uğursuzluğa düçar olmasının heç bir bəraəti ola bilməz.
Müxalifət seçkilərdə hansısa əməli addımları atmalı və dəyişikliyə nail olmağa məhkumdur. 
Əks təqdirdə, parlament seçkilərindən sonra situasiyanı dəyişdirmək çətin olacaq. Bütün ümidləri neftin ucuzlaşmasına, Rusiyanın iqtisadi baxımdan çökməsinə bəsləmək düzgün deyil. Kənardan görünən budur ki, hazırda şərtlər müxalifətin xeyrinə deyil. Proqnozlar onu göstərir ki, parlament seçkilərinə qədər vəziyyət mənfi yöndə dəyişə bilər. Neftin ucuzlaşması rəsmi Bakıya önəmli təsir göstərə bilməsə, hakimiyyət enerji daşıyıcılarından gələn gəlirlərlə seçki qabağı maaşları, pensiyaları artırmaqla əhalinin narazılığını cilovlamağa çalışa bilər. 
Bütün resurslardan məhrum edilən müxalifətin söz deməsi üçün yalnız mətbu orqanlar olduqca azdır. Ehtimal edə bilərik ki, müxalifət mediası seçkilərə qədər tam sıradan çıxardıla bilər. Artıq bunun işartıları da var.  
İstisna deyil ki, iqtidar seçkiyə qədər müxalifətin özünü də sıradan çıxartmağa səy göstərəcək. Ən acınacaqlısı isə odur ki, insanların qələbəyə inamı azalır.
Öncəki seçkilər zamanı müxalifət heç olmasa birlik nümayiş etdirə keçirə bilirdi, bu gün isə müxalifətdaxili didişmələr əsas amilə çevrilib.  Belə davam edərsə, parlament seçkiləri öncəsi müxalifətin müqaviməti də effektli olmaya bilər.
Son prezident seçkisi Azərbaycanda siyasi müstəvini tamamilə dağıtdı. Bu, qarşıdan gələn parlament seçkisi üçün müstəvini də daraldır. Görünən budur ki, ki, Azərbaycanda bir partiyalı sistemi yaradılır. Artıq  seçki yolu ilə siyasi dəyişikliyə nail olmağa inam sadəlövhlük kimi qəbul edilir.  
Son prezident seçkisi və post-seçki dövrü Azərbaycanın siyasi sistemində ciddi dəyişikliklərin labüdlüyünü göstərdi. Artıq kardinal dəyişikliyə nail olmaq lazımdır. Bunlar olmayacaqsa, qarşıdan gələn parlament seçkisi də passiv keçə bilər, mütləq qələbəsini elan etmiş hakim elita isə təhlükə hiss eləmədiyinə görə hegemonluğunu davam etdirməyə daha da həvəslənə bilər.  
Bu isə o anlama gəlir ki, iqtidar iqtisadi və sosial problemlərin həllinə yönələn addımlar atmayacaq. 
Durğunluğun nəticəsi olaraq müxalifət, elə hakimiyyət daxilində də ziddiyyətlərin artması mümkündür. 
Müxalifət düşərgəsindəki insanlar məğlubiyyətdən beziblər və həyatlarında bircə dəfə qələbə qazanmaq istəyirlər. 
İnsanların yoxsulluq içində yaşadığı, onların səsinin eşidilmədiyi cəmiyyətdə sosial partlayışlar da qaçılmaz görünür. 
Proseslər elə bir mərhələyə qədəm basa bilər ki, bu dəfə narazılıq yaradan müxalifət partiyaları deyil, alçaldılan, təhqir olunan, mülklərindən məhrum olunan xalqın özü ola bilər. Proseslərin gedişi belə bir ehtimal irəli sürməyə əsas verir ki, Azərbaycanı kataklizmlər də bürüyə bilər. Xalqı məyusluğa düçar etmək, siyasətdən iyrəndirmək üçün müxalifəti daxili savaşlara sövq etmək iqtidara sərf eləyir. Hazırda elə bu baş verir. İqtidar gözəl anlayır ki, xarici təzyiqlər artarsa, müxalifət amili ön plana çıxa bilər. Odur ki,  müxalifəti parçalamaq planını həyata keçirir. Hər seçki ərəfəsində sınaqdan keçən metodlar bu gün də effektlidir...

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ