SON DƏQİQƏ

PressDent.Info

“Fors-major” ehtimalı

“Fors-major” ehtimalı
18-08-2015, 15:03 22394 dəfə baxılıb

Parlament seçkilərinə ciddi bir hazırlıq getməsə də, sayılı  günlərdən sonra ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklər olacaq. Seçkilərə qədər iqtidarın seçəcəyi taktika bəllidir. Ehtimal etmək olar ki, kadr siyasətində müəyyən korrektələr olacaq.
Hakimiyyət kadr dəyişiklikləri həyata keçirməklə xarici və daxili təzyiqlərdən xilas olmaq istəyir. Lakin siyasi idarəetmədə iqtidarın yeritdiyi xətt o dərəcədə sərtdir ki, artıq cəmiyyət tamamilə çökdürülüb. Müxalifət, mətbuat, qeyri-hökumət təşkilatları demək olar ki, sıradan çıxardılıb. Sağdan-soldan bütün rəqiblərindən “xilas” olan hakimiyyət düşmən axtarışına o qədər aludə olub ki, artıq iqtidar dəhlizlərində “əcinnə ovu” başlayıb. 
Müxalifətin, vətəndaş cəmiyyətinin, mətbuatın sıradan çıxardılması iqtidar dəhlizlərində mərkəzdənqaçma tendensiyalarına səbəb olub. Artıq iqtidarın monolit komandasından danışmaq mümkün deyil. Hakim komanda ən azı iki barışmaz düşərgəyə bölünüb.
Azərbaycanda  hazırda baş verənlər yalnız analitik təfəkkür cılızlığına dəlalət etmir, eyni zamanda ətalət qanununa uyğun həyata keçirilir. 
2015-ci il seçkilərinə hazırlaşan siyasi qüvvələrin ilk növbədə məqsədi cəmiyyəti ətalətdən çıxartmaq olmalıdır. Azərbaycan cəmiyyətinə Qərb tərəfindən kifayət qədər “qıcıq siqnalları” ötürüldü. Lakin Qərb mətbuatının ifşaedici məqalələri durğunluğu aradan qaldıra və cəmiyyəti skeptik düşüncələrdən azad edə bilmədi. 
Cəmiyyətin ifrat zəifliyi, maliyyə resurslarının məhdudiyyəti qeyri-bərabər mübarizə meydançası yaradır. Deməli, standart metodlarla siyasi prosesləri dəyişmək olduqca qəliz olacaq.
Siyasi araşdırmaçıları belə bir sual düşündürür: 2015-ci ildə müxalifət namizədləri kifayət qədər səs toplayacağı halda zorakılıqla etirazların yatırılmasının qarşısını almaqdan ötrü beynəlxalq dəstəyə malikdirmi?
İqtidar hakimiyyətdən gedəcəyi təqdirdə radikal qüvvələrin meydana çıxacağı ilə hədələyir. Bu baxımdan, müxalifət daxilində daha radikal qanadın mövcudluğuna ehtiyac yaranır. Radikalların atacağı addımlar istər-istəməz mötədil qruplarla danışıqlar masasında oturmağı istər hakimiyyət, istərsə də Qərb üçün qaçılmaz edəcək.
Digər tərəfdən, müxalifətin Azərbaycanda özünə dəstək axtaran Rusiya və İranla yaxınlaşması Qərbi düşünməyə vadar edərdi. 
Hakimiyyət Qərbin təzyiqlərinin artacağı təqdirdə İran və Rusiya ilə daima qorxudub, bu amil də müxalifətə dəstəyin yaranmasına səbəb olmayıb, əksinə, iqtidarla işləməyin zəruriliyi fikrini yaradıb. Bu metoddan da bəhrələnməyə dəyər.
Vurğulayaq ki, Qərbi və elə hakimiyyətin özünü də ehtiyatlı olmağa vadar edən başlıca amillərdən biri sabitliyin pozula biləcəyi, fors-majorun yaranma ehtimalıdır. Deməli, bu müstəvidə manevr etməyə dəyər. 
Sivil mübarizə metodlarından  məhrum edilmiş cəmiyyətlərdə radikallaşmaq qaçılmaz olur. 
Lakin bu halda da iqtidar  2003-cü ilin taktikasından istifadə edərək, zorakılığa əl ata bilər. Belə bir təhlükə daima mövcuddur. Bunun qarşısını almağın tək yolu beynəlxalq təzyiqlərdir. Lakin pərakəndə şəkildə olan, qarşılıqlı savaşlarda zəifləyən müxalifətə belə bir dəstəyin gələ biləcəyi inandırıcı deyil.
Deyilənlərdən çıxan nəticə budur ki, mövcud şəraitin dəyişməsinə nail olmadan atılan heç bir addım məğlubiyyətdən sığortalanmayıb. Deməli, əsas məqsəd mənasız mübahisələr deyil, vəziyyətin dəyişdirilməsinə nail olmaq və beynəlxalq dəstəyi qazana bilməkdir. Bu istiqamətdə isə bir durğunluq hökm sürməkdədir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ