SON DƏQİQƏ

PressDent.Info

Qatil qohumdursa, haqlıdır?

Qatil qohumdursa, haqlıdır?
11-08-2015, 14:52 20475 dəfə baxılıb

İllərdir bundan yazırıq - haqsızlıqdan, ədalətsizlikdən, ikili standartlardan, qeyri-səmimilikdən. Bu ölkənin ədalətdən ən çox danışan insanları da bir yerə qədər ədalətli olurlar, o yerdən sonra tərəzinin gözünü mütləq əyirlər.
Birisinin ədalət hissi üzvü olduğu partiyanın açıq-aşkar haqsız qərarına və addımına gəlincə sona yetir. O birinin ədalətinə mahalbazlıq, yerlibazlıq qalib gəlir.
Səhərdən axşama qədər xalqın marağından, demokratiyadan, prinsiplərə sədaqətdən danışan şəxs bir gün rüşvətxor və zorakı məmur qohumunun müdafiəsinə qalxaraq öz ədalətinə balta vurur.
Budur, günahsız bir jurnalist bir quru sözdən ötrü günün günorta çağı döyülərək öldürülüb. İndi onun qatillərini birbaşa və dolayısı ilə müdafiə edənlər var.
Eyni zamanda bəziləri günahı jurnalistdə axtarırlar və bu da mahiyyətcə qatilləri müdafiə etməkdir.
Özünə, şəxsiyyətinə, imzasına, reputasiyasına hörmət edən şəxslər belə məqamlarda yalnız bir mövqe tutmalıdırlar, nə “amma”dan əvvəl, nə də sonra qətlə bəraət qazandıracaq bir kəlmə işlətməməlidirlər. Qatilin ən əziz adamı belə onu mediada müdafiə etməməlidir, uzağı məhbəsə sovqat göndərməlidir.
Çünki ağır işdir, ortada qan var, gənc bir oğlan öldürülüb. O, nişanlıydı, ailə quracaqdı, üstəlik, ailənin tək oğluydu. Onun anasının sinəsinə dağ çəkilib, atasının qəddini əyilib, nişanlısının gözü yaşlı qalıb, bacısının bağrı yanıb. Bunun üstündən bəziləri də götürüb “jurnalistlər ağ ediblər” yazır.
“Ağ ediblər”, yəni xoşa gəlməyən şeylər yazırlar, demək, onları öldürmək lazımdır.
Elə şey ola bilməz axı. Hər qüsurun, səhvin, nöqsanın, yanlışın, böhtanın, iftiranın, qarayaxmanın, təhqirin uyğun cəzası var. Adama zəng edib “düz yazmamısan, üzr istəməlisən” deyərək problem həll etmək yerinə, üstünə hücum edib şillələmək belə düzgün deyil, o da qala təpikləyib öldürmək.
Başqa bir neçə nəfər sırf bir rayondandırlar deyə qətldə əli olan şəxsləri müdafiə edir və ya buna çalışırlar. Amma ölən jurnalist də həmin rayondandır axı, o necə olsun?
Ümumiyyətlə, qohumluğun, həmyerliliyin bu məsələyə dəxli yoxdur, ortada gizlədilməsi və bəraət qazandırılması mümkün olmayan cinayət var.
Belə situasiyalarda yalnız analar (çoxu) istəsələr belə heç vaxt ədalətli, obyektiv ola bilmirlər, övladı 5 nəfəri güllələyib öldürsə də, “oğlumun heç bir günahı yoxdur, günahın hamısı ölənlərdədir” deyə bilirlər.
Bu cür qalmaqallı qətllərdən həmişə başqa motivlərlə də istifadə edirlər. Hər kəs öz rəqibini, düşmənini birbaşa və dolayısıyla bu qətlə bağlamaq, onu suçlamaq, diskretisayia etməyə çalışır. Hamı hamını suçlayır. “Hamımız günahkarıq” kimi qeyri-səmimi ritorika da yer alır.
Rasim Əliyevin faciəsindən də yararlanmaq istəyənlər, qətl hadisəsini ora-bura çəkənlər, oliqarxlararası savaşın predmetinə çevirmək istəyənlər var. Belə olsa, bu cinayətin üstünün tam şəkildə açılmasına mane olacaq.
Bir də heç kəs unutmasın ki, Rasim tənqidi jurnalistikanı təmsil etmirdi. Onun indiyəcən dövlət rəhbərliyini, nazirləri, oliqarxları, federasiya prezidentlərini tənqid etmək adına bir yazısı yoxdur. Çünki o, vide-operator idi və adətən çəkilişlər aparırdı. Jurnalistin tənqid etdiyi ən böyük adam futbolçu olub və bu fikirlər də sosial şəbəkədə yer alıb. Mərhum Rasimin yerində eyni şeyləri yazan başqa bir sənət sahibi (dülgər, müəllim, ticarətçi) olsa, onun da başına bu iş gələ bilərdi. Belə çıxır ki, Rasim başqa bir peşənin yiyəsi olsaydı, biz bu qətlə bu qədər diqqət yetirməyəcəkdik.
Hər gün hansısa bir ağır sözə, ifadəyə görə ölkənin dörd bir yanında yüzlərlə gənc bir-birilə dalaşır, bıçaqlaşır, tutulurlar və bu barədə kiçik bir informasiya gedir.
Uzun illərin qəzetçilik təcrübəsi göstərir ki, tənqid olunan şəxslərin vəzifəsi, ranqı nə qədər kiçikdirsə, tənqid edəni gözləyən təhlükə o qədər böyük olur. Məsələn, təhsil nazirinin ünvanına deyilən tənqidə reaksiya olmaya bilər, amma eyni tənqidlə üzləşən məktəb direktorunun redaksiyaya 20-yə qədər bir-birinə aman vermədən çığıran müəllimə göndərməsini azı 10 dəfə görmüşük.
 
İstənilən naziri tənqid eləmək asandır, nəinki bir MİS rəisini. İkincilər adamın üstünə qoçu dəstəsi göndərə, ayırdetmə söhbətinə çağıra bilər.
Rasim Əliyevin qətli məhz kiçik adamların tənqidə dözümsüzlüyü müstəvisində baş verib. Ona görə də digər qətlə yetirilən yazarlardan fərqli olaraq, bu qətlin üstünün tezliklə və tamam-kamal açılacağına ümid bəsləmək olar.
Qoy bu qətldə rolu olan birinci, üçüncü, beşinci dərəcəli adamlar haqq-ədalət divanı qarşısında dayansın.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ