SON DƏQİQƏ

PressDent.Info

İcazəli vəfadarlıq

İcazəli vəfadarlıq
18-08-2015, 14:42 22575 dəfə baxılıb

Dosta, yoldaşa qarşı vəfadar olmaq yaxşı şeydir, adamın vicdanına rahatlıq gətirir, bəzən hətta bir çoxlarını kövrəldir də. Bu təkcə insana xas özəllik deyil, türkün sözü. Elə heyvanlar var ki, bu xüsusda insanlardan da üstündürlər - məsələn, itlər və atlar. Tez-tez internet resurslarında itlərin və atların vəfadarlığına aid şəkillər, videolar paylaşırlar. Bir də görürsən, bir vəfalı köpək vəfat etmiş sahibinin məzarı üstündən ayrılmır, ya da onu hər gün ziyarət edir. Adam baxır, gözü yaşarır. 
Bu baxımdan insan olan kəs gərək bu məsələdə, heç kəsin xətrinə dəyməsin, ən azı it qədər vəfalı olsun. 
O da məlumdur ki, müasir dünyada insanlar çox etibarsızdır, qırdı-qaçdıdır, işləri düzələndən sonra ona N qədər yaxşılığı keçmiş adamı ilk və yeganə fürsətdəcə tərk edir, unudur, daha pisi, çox ucuz qiymətə satırlar.
Ona görə də dara düşmüş dostuna, yoldaşına vəfalı olan, vəfadarlıq nümunəsi göstərən hər bir şəxs bir qayda olaraq təqdir olunur. 
Heç demə, gün gələcəkmiş, vəfalı itin hərəkətinə biganə qala bilməyən adamlar insanların vəfadarlıq nümayişini təqdir edə bilməyəcəklərmiş, əksinə, tənbeh edəcəklərmiş.
Bu istisna hal srağagün bizim ölkəmizdə yaşandı. 
Futbol üzrə milli çempionat çərçivəsində keçirilən AZAL-"Qəbələ" oyununda rəqiblərinin qapısına iki qol vuran qəbələlilər hər qoldan sonra keçmiş kapitanlarının formasını qaldıraraq, qolu onu həsr etdiklərini, onu unutmadıqlarını gözlər önünə sərdilər və alqış qazandılar.
Hamınız bilirsiniz, Cavid Hüseynov bu gün 31 yaşını özü olmadan tamamlayan jurnalist Rasim Əliyevin ölümündə adı keçən, bu səbəbdən həbsə alınan bir futbolçudur. 
Əslində, dostlarının onu unutmaması, ondan imtina etməməsi qayət normaldır, vəfadarlıq nümunəsidir.
Ancaq dostlar bəzi şeyləri qarışdırıblar. Bu, vəfadarlıq nümunəsindən çox, acıq verməyə oxşayır, vaxtsız və nakam ölmüş jurnalistin ruhuna sayğısızlıqdır. 
Əgər Cavid Hüseynov hakimiyyətə, yaxud hansısa oliqarxa qarşı bir söz demiş olsaydı və bunun üstündə şərlənərək tutulsaydı, o zaman “Qələbə” komandasının üzvlərinin qol vurandan sonra belə bir hərəkət etməsini hamı alqışlayardı.
Hərçənd elə bir şey olsaydı, güman ki, “Qəbələ” komandasının üzvləri nəinki öz kapitanlarını müdafiə edər, formasını tribunalar önündə qaldırardılar, tam əksinə, yığışıb toplantı keçirər, onu söyüb-yamanlayar, ona daha ağır cəza verilməsini tələb edərdilər.
Bir adam çıxıb desin ki, belə etməzdilər. Bal kimi edərdilər.
Ancaq işin altında siyasi dissidentlik yox, öldürülmüş jurnalist varsa, meydanda forma qaldırmaq, “səni unutmadıq, sonuna qədər arxandayıq” mənası verən hərəkətlər etmək asandır.
Bu isə icazəli vəfadarlıqdır. Üstəlik, daha pisi, gənc insanın qətlinə haqq qazandırmaqdır. 
Futbolçular bu qədər haqq-ədalət tərəfdarıdırlarsa, Kürdəxanı təcridxanası günahsız həbs olunanlarla doludur, bir dəfə də onlara bir qol həsr etsinlər.
Amma etməzlər. Onlarda bu cürət yoxdur. 
Bu ölkədə hər kəs haqq-nahaq öz dostunun, yoldaşının tərəfini tutur. Bəlkə də avqustun 8-də baş verən dava-dalaşda jurnalistlər tökülüşüb futbolçunu təkləyib döysəydilər, döyüb-öldürsəydilər, rollar dəyişmiş olacaqdı. O zaman yəqin ki, bir qrup jurnalist yığılıb tədbir keçirəcək, qatil jurnalistlərə hansısa cür haqq qazandıracaqdılar, onlara qarşı haqsızlıq olduğunu bildirəcəkdilər. Futbolçular isə o zaman vurduqları qolu “vaxtsız və nakam ölmüş futbolçu”ya ərməğan edərək, vəfa nümayiş etdirəcəkdilər. 
Bax, bu daha səmimi vəfadarlıq göstərisi olardı. 
Belə görünür ki, AZAL komandasının üzvləri ya daha az vəfadardırlar, ya da vəfadarlıq nümayiş etdirməyə imkanları olmayıb, qolları çatmayıb. Bəlkə onlar da bir qol vursalar, jurnalisti döyüb-öldürənlərə başçılıq etmiş keçmiş komanda yoldaşlarının - Elşən İsmayılovun 49 nömrəli formasını yellədəcəkdilər, kim bilir. Ancaq AZAL-dan yayılan bəyanatlar göstərir ki, komanda beş qol da vursa onlar belə etməyəcəkdilər, çünki onların vəfadarlıq göstərmələrinə yuxarılardan icazə yoxdur.
Qoy indən belə “Qəbələ” klubunun qolçuları qol vuranda futbolçular bu cür səy hərəkət eləməsinlər, ortada nahaq qan var, ölüm işi var. Jurnalistlər də birləşib vəfadarlıq eləsələr, “futbolçu-jurnalist” davası düşər.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ