SON DƏQİQƏ

PressDent.Info

Arif Alışanovun torpaq biznesi: 340 hektar, 7 milyon manat, 98 alğı-satqı…

Arif Alışanovun torpaq biznesi: 340 hektar, 7 milyon manat, 98 alğı-satqı…
23-05-2018, 18:53 6177 dəfə baxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində A.Alışanovun sürücüsü Hacı Babayev təqsirləndirilən şəxsin vəkilinin ona verilən suallarını cavablandırıb.

Bildirib ki, torpaqların alqı-satqı işini təqsirləndirilən Ş.Əkbərov həyata keçirib: “Mən yalnız sənədlərə qol çəkmişəm. Torpaqların alınması üçün Arif Alışanov mənim adıma etibarnamə verməyib. Şücayət torpaqları Arif müəllimin pulu ilə alırdı. Torpaqların alınması məsələsini də Şücayətdən Arif Alışanovun özü xahiş edirdi”.

O söyləyib ki, təqsirləndirilən şəxslər tərəfindən sui-qəsd olunan zaman ona heç bir zərər dəyməyib.

Təqsirləndirilən Ş.Əkbərov zərərçəkmişə etiraz edib. O qeyd edib ki, A.Alışanov H.Babayevin adına 340 hektar torpaq alıb: “Həmin torpaqlara 7 milyon manat pul verib, 98 alqı-satqı olub”.

Daha sonra şahidlər dindirilib. Şahid qismində ifadə verən Vidadi Cəfərov bildirib ki, A.Alışanov onun qayınıdır: “Kənd təsərüfatı qurmaq üçün 200 min manat pul vermişəm. 2017-ci ildə Arif Alışanovun aldadıldığını eşitdim”.

Bu zaman şahid V.Cəfərov təqsirləndirilən şəxslərə “şərəfsiz” deyib. Bundan sonra təqsirləndirilən Ş.Əkbərovla şahidin arasında mübahisə yaranıb.

Hakim şahidi zaldan çıxardıb.

Digər şahid Etibar Bağırov dindirilən zaman A.Alışanova 1 milyon 800 min manat pul verdiyini vurğulayıb: “Arif müəllim də pulu Şucayətə verib. Belarusda biznesim var, özüm də idman müəllimiyəm”.

Şahid Kamal Nəbiyev AZTV-də çalışdığını, A.Alışanovun müəyyən işlərini gördüyünü bildirib. O, bir neçə torpaq alqı-satqısında iştirak etdiyini ifadə edib: “Arif müəllim pulu Şücayətə verirdi, o da sayıb götürürdü”.

Şahidin dindirilən zaman Ş.Əkbərovla onun arasında mübahisə düşüb. Ş.Əkbərov onu təhqir edib.

Məhkəmə təqsirləndirilən şəxslərin zaldan çıxarılması barədə qərar verib. Yalnız A.Hüseynov məhkəmə zalında saxlanılıb.

Proses onların iştirakı olnadan davam etdirilib.

Şahid qismində A.Alışanovun qardaşı Habil Alışanov da ifadə verib. O bildirib ki, 2012-ci ildən torpaq alınması ilə bağlı qardaşı A.Alışanovla məsləhətləşib: “200 min manat pul verdim. Özüm Şamaxıya getməmişəm”.

Qeyd edək ki(report), ittiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ