SON DƏQİQƏ

PressDent.Info

“İlham Əliyevin sadaladığı rəqəmlər inandırıcı deyil”

“İlham Əliyevin sadaladığı rəqəmlər inandırıcı deyil”
9-10-2017, 16:28 3915 dəfə baxılıb

“2017-ci ilin 9 aylıq göstəriciləri ilə bağlı açıqlanan rəqəmlər inandırıcı deyil. Çünki bu ilin başlanğıcından ölkədə iqtisadi durumun pisləşməsi davam edib”.

İqtisadçı Nemət Əliyev bunu oktyabrın 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi rəqəmlərlə bağlı Azadlıq Radiosuna deyib.

N.Əliyev bildirib ki, bu ilin ilk 3-4 ayında ümumi daxili məhsulda (ÜDM) cüzi artım olub, 5-ci aydan etibarən ÜDM azalmağa başlayıb və bu tendensiya indi də davam edir.

N.Əliyev qeyd edib ki, xarici ticarət dövriyyəsində də vəziyyət yaxşı deyil: “Bu ilin 7-ci, 8-ci aylarından xarici ticarət dövriyyəsi də azalıb. İyulda bu azalma 7 faiz olub. Avqustda isə 9 faizi keçib. Ən narahatlıq doğuranı isə budur ki, xarici ticarətdə xalis xarici valyuta gəliri 30 faiz azalıb”.

İqtisadçı hesab edir ki, qeyri -neft sektorunun inkişafı ilə bağlı səslənən rəqəmlər də inandırıcı deyil. İqtisadçının fikrincə, bundan ötrü yerli iş adamları və yaxud xarici iş adamları ölkəyə sərmayə qoymalıdır:

“Amma aydındır ki, yerli iş adamları zəmanət olmadığı üçün sərmayəni xarici ölkələrə yatırır. Xarici iş adamları isə ölkə bazarını tərk edirlər”.

N.Əliyev vurğulayıb ki, ölkədə pambıqçılığın inkişafı adı altında heyvandarlığa ziyan vurulub. İqtisadçi deyib ki, əhalinin həyat səviyyəsi də pisləşməkdə davam edir:

“Bütün rəsmi rəqəmlərdə deyilir ki, inflyasiya ortalama 14 faizdir. Əhalinin gəlirlərinin artımi isə 6-7 faizdən çox deyil. Hələ, rəsmi rəqəmlər qazancın 7 faiz aşağı düşdüyünü təsdiqləyir”.

Dövlət başçısı isə Nazirlər Kabinetinin iclasındakı çıxışında deyib ki, ilin doqquz ayında qeyri-neft iqtisadiyyatı 2.5 faiz artıb, qeyri-neft sektorunun sənaye hissəsində artım 3.1 faiz, kənd təsərrüfatında 2.8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb, 226 min yeni iş yeri açılıb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ