SON DƏQİQƏ

PressDent.Info

Dollarla olan kreditlərin taleyi necə olacaq?

Dollarla olan kreditlərin taleyi necə olacaq?
12-09-2017, 19:44 5568 dəfə baxılıb

Milli Məclisin İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Azərbaycanda insanların banklara olan kredit borcunun 1,8 milyard manata yaxınlaşdığını deyib. Deputat bunu həddən artıq böyük məbləğ hesab edib: “Deyirlər ki, banklarda sağlamlaşdırma prosesi aparılır. Amma mən onu görmürəm. Çünki banklar bu gün də 28-30 faizlə kredit verirsə, hansı sağlamlaşdırmadan söhbət gedə bilər?” (Modern.az).
Deputat bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən işlər görür. Amma bunun effekti yox səviyyəsindədir: “Effekt o zaman olardı ki, keçmiş kreditlərin həcmi azalardı. Həmçinin, insanlar normal kredit ala bilərdilər. Banklar da insanlara müəyyən güzəştlərə gedə bilərdi. Düzdür, müəyyən banklar var ki, güzəştlər edirlər. Biz o vaxt bununla əlaqədar müəyyən təkliflər verdik. Bildirdik ki, dollarla olan kreditlərin qaytarılmasını 4 tərəf bölüşdürsün. Bununla da dollarla olan kreditlərin məsələsi həll edilsin. Çox təəssüflər olsun ki, təkliflərimiz qəbul edilmədi”.
V.Əhmədov deyib ki, insanların banklara kredit borcları azalmaq əvəzinə artır: “Bu rəqəm getdikcə azalmaq əvəzinə, artır. Bir il bundan əvvəl kredit borcu 1,6 milyard manat idisə, hazırda 1,8 milyard manatdır. Bu da maliyyə, kredit bazarına çox ciddi təsir göstərəcək. Hesab edirəm ki, dövlət orqanları, Maliyyə Bazarlarına Nəzarət Palatası, banklar bir araya gəlib, müəyyən addımlar atmalıdırlar. Banklarda ölmüş kreditlər var. Banklar da bilir ki, həmin kreditlər qaytarılmayacaq. Banklar insanları məhkəməyə verir, onların əmlaklarını əllərindən alırlar. Bu gün girov məsələsi çox ciddidir. Hesab edirəm ki, bu məsələlər dövlət səviyyəsində öz həllini tapmalıdır”.

İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, dollarla olan kreditlər problemini dövlət həll etmək istəmir. İqtisadçı hesab edir ki, bu məsələ xalqın xeyrinə həll olunmalıdır:
“Lakin bunu etmək istəmirlər. Çünki düşünürlər ki, dollarla olan kreditlərin məsələsi həll olunsa, xalq haqq etdiyi bir çox məsələni də tələb edə bilər. Necə deyərlər, problemin həll olunduğundan şirniklənərək digər problemlərini də qaldıra bilər. Məsələnin həll olunmamasının əsas səbəbi budur”.
İqtisadçı deyir ki, hökumət dollarla bağlı problemli kreditlər addımını bilərəkdən atıb. Bununla ölkədəki iqtisadi gərginliyi, bankların vəziyyətini xalqın hesabına yaxşılaşdırmaq nəzərdə tutulub:
“Baş verən iki devalvasiyada məqsəd milli valyutanı dəyərdən salmaq hesabına dəyən zərəri xalqın hesabına ödətdirmək olub. Bunun başqa adı yoxdur. Konstitusiya Məhkəməsinə də bu məsələni ona görə çıxardılar ki, qanunvericilik bazasında köhnə məzənnə məsələsini qabartsınlar. Bir sözlə, dollarla olan kredit probleminin həll edilməsi inandırıcı görünmür. Kreditləri əvvəlki şərtlərlə qaytarsalar, xalq əziyyət çəkdiyi başqa problemlərini də tələb edəcək. Ona görə də hakimiyyət bu problemin həllinə getməyəcək”.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ