SON DƏQİQƏ

PressDent.Info

Əhalinin təbii artım göstəricisi sürətlə azalır

Əhalinin təbii artım göstəricisi sürətlə azalır
2-06-2017, 16:22 9918 dəfə baxılıb

Əgər hazırkı siyasətdən tezliklə imtina olunmazsa, əhalinin sayı azalmağa başlayacaq. Hazırkı şərtlər altında bu çox real görünür.

Bunu iqtisadçı-ekspert Nemət Əliyev deyib.

O, qeyd edir ki, 15-29 yaş qrupuna daxil gənclərin sıra sayı yalnız 2016-cı il ərzində 62 min 200 nəfər azalıb. Dövlət Statistika Komitəsinin müxtəlif yaş qruplarına daxil əhali sayı haqqında yeni məlumatlarından bunu görmək olur.

Hətta ermənilərlə müharibənin qızğın çağları hesab olunan 90-cı illərin əvvəllərində belə gənclərin ümumi sayının bu dərəcədə azalması halına rast gəlinməyib.

Buradakı azalmanın 50%-i 20-24 yaşlı gənclərin, 47%-i 15-19 yaşlı gənclərin, 3%-i isə 25-29 yaşlı gənclərin hesabınadır.

20-24 yaşlı cavanlarımızın sıra sayının son 6 ildə 104 min nəfər və ya 11% seyrəlməsindən də ibrətamiz nəticə çıxarılmalıdır.

Bundan başqa ötən il “0-4”, “10-14”, “45-49”, “50-54” yaş qrupları üzrə əhali sayında da azalma yaşanıb.

Nemət Əliyev bildirir ki, digər yaş qruplarının hesabına əhali sayında ümumi artım tempini ötən il qoruyub saxlamaq mümkün olub.

Lakin 2017-ci ilin I rübündə yaşananlar növbəti illərdə bu müsbət tempin saxlanacağına olan ümidləri sarsıdır. Belə ki, bu ilin birinci rübündə əhalinin təbii artım göstəricisi ötən ilə nəzərən 22% azalıb. Bu sonuncu rüsvayçı nisbi göstəriciyə ötən əsrin əllinci illərindən bu yana hələ rast gəlinməyib.

Sadə proqnoz hesablamaları göstərir ki, əgər I rübdə təbii artım göstəricisi üzrə müşahidə olunan mənfi tendensiya və miqrasiya saldosu sabit qalarsa, yəni dəyişməzsə, o zaman 2022-ci ildən sonra ölkə əhalisinin sayı azalmağa başlayacaq. Cari ildə müşahidə olunan mənfi proseslər sonrakı dövrlərdə sürətlənərsə, prosesin başlanması üçün gərəkən 5 illik müddət daha da qısalacaq.

Ekspert azalmanın ölkəmiz üçün ciddi fəasadlar doğuracağından narahatdır:

“Yağı düşmənlə üzə-üzə durmuşkən, buna heç bir halda yol vermək olmaz. Odur ki, təcili, təxirəsalınmaz tədbirlər görülməlidir. Görülməlidir ki, proses durdurulsun. Ölkənin ən yaxşı demoqrafiya mütəxəssisləri, sosioloqları, psixoloqları, iqtisadçıları, təbibləri, müəllimləri, siyasətçiləri bu prosesə cəlb olunmalıdır. Düşmən(lər)in sevinməsinə imkan verməməliyik! Fərqli düşüncə adamlarını, müxalifətçiləri, jurnalist vətəndaşları zindanlara doldurmaqla ölkədə repressiyaları böyüdən siyasi hakimiyyət illər uzunu yürüdülən siyasətin bu dərəcədə ciddi fəsadlar verməsinin fərqində olmalıdır.”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ