SON DƏQİQƏ

PressDent.Info

Cahangir Hacıyev Beynəlxalq Bankın “batmasına” münasibət bildirdi

Cahangir Hacıyev Beynəlxalq Bankın “batmasına” münasibət bildirdi
26-05-2017, 14:15 11919 dəfə baxılıb

“Beynəlxalq Bankın problemli kreditləri 12 milyardı keçib. Bunu necə izah edəcəklər?”

“Xarici borc 1,1 milyarddan çox ola bilməzdi, amma hazırda 3,3 milyard dollardır”

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin 15 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə mayın 25-də davam etdirilib. Cahangir Hacıyevlə yanaşı, Bakı Fındıq Zavodunun keçmiş rəhbəri Azad Cavadov, Beynəlxalq Bankın strukturlarının mühafizəsini həyata keçirən “İntersecurity” MMC-nin sabiq rəhbəri İbrahim Hüseynov və digər təqsirləndirilənlər də hökmdən narazı qalaraq, apellyasiya şikayəti verib.

Albaniyada 40 milyona iki zavod alınıb

Bugünkü məhkəmədə Cahangir Hacıyevin vəkili Aqil Layıcov bir sıra sənədlər təqdim edib. Müdafiəçi bildirib ki, bu sənədlərin bir qismi işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən də təqdim olunmuşdu, qalanı isə yenidir: “Sual oluna bilər ki, qalan sənədləri niyə Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim eləməmişdik? O vaxt bu sənədləri ittiham tərəfi ortaya qoymalı idi. Amma təəssüf ki, ittiham tərəfi heç bir iş görmədi. Sonradan biz özümüz onları əldə etdik. Ona görə də indi təqdim edirik. Sənədlərin bir hissəsi xarici ölkələrdən – Lüksemburqdan, Almaniyadan göndərilib. Arasında “AMİKA” layihəsinə aid sənədlər də var. Bu layihə ilə Albaniyada iki neftayırma zavodu alınmışdı. Bu layihə çərçivəsində zavodlara 40 milyon kredit ayrılıb. Bu kredit dövlət zəmanəti ilə ayrılıb. Zavodların səhmlərinin alınması üçün girov qoyulub. Həmin səhmlər indi də girovdur. İkinci layihə Dubayda həyata keçirilib. Orada tekstil fabriki və metal zavoduna xeyli vəsait ayrılıb. Ofşor şirkətlərin sənədlərində də bu məsələlər öz əksini tapıb”.

41 milyon nəyə xərclənib?

Aqil Layıcov Beynəlxalq Bankdan kartlar vasitəsilə götürülmüş kreditlərdən də danışıb: “Birinci instansiyada işə baxılarkən elə təqdim olundu ki, guya Cahangir Hacıyevin həyat yoldaşı, qızı 41 milyonu gözəllik salonlarına və s. xərcləyib. Düzdür, 41 milyon o kartlara daxil olub, amma o vəsait elə Beynəlxalq Bankın layihələrinə sərf olunub. Araşdırılsaydı, bank çıxarışlarıyla bu məsələ aydın olardı”.
Aqil Layıcovun sözlərinə görə, bu işdə 84 nəfər dindirilib, amma heç biri mənimsəmə ilə bağlı bircə kəlmə deməyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının ekspertlərinin rəyinin obyektiv olmadığını, onların ittiham mövqeyindən çıxış etdiyini deyən vəkil Cahangir Hacıyevə CM-nin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə irəli sürülən ittihamlara xitam verilməsini istəyib.

Vəsatətlər təmin olunsaydı, həqiqətlər üzə çıxardı

Digər vəkil Fəxrəddin Mehdiyev Cahangir Hacıyevin rəhbərliyi dövründə Beynəlxalq Bankın gəlirlə işlədiyini vurğulayıb. Bu işə birinci instansiya məhkəməsində baxılarkən obyektiv araşdırma üçün xeyli vəsatət qaldırıldığını, ancaq heç birinin təmin olunmadığını xatırladan vəkil bildirib ki, vəsatətlərdən biri də Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin dindirilməsi haqda idi: “Mais Piriyev bir sıra açıqlamalar verib Cahangir Hacıyevin təqsirsizlik prezumpsiyası hüququnu pozmuşdu. Ona görə də onun dindirilməsini istəmişdik. Əgər o dindirilsəydi, bir çox məsələlərə aydınlıq gələrdi. Biz həmçinin maliyyə nazirinin də əlavə şahid qismində dindirilməsini istəmişdik. Bu vəsatət də təmin olunmadı. Eyni zamanda, Vergilər Nazirliyinin 2010-2012-ci illərdə Beynəlxalq Bankla bağlı araşdırmalarda pozuntu aşkarlanmaması haqda aktın araşdırılması, nazirliyin əməkdaşlarının dindirilməsi barədə də vəsatət qaldırmışdıq. Bu vəsatət də təmin olunmadı. Əgər vəsatətlərimiz təmin olunsaydı, həqiqətlər üzə çıxardı”.

“Kredit vermək nə vaxtdan cinayət olub?”

Fəxrəddin Mehdiyev çıxışının sonunda Cahangir Hacıyev haqda hökmün qanunsuz və əsassız olduğunu vurğulayıb, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Cahangir Hacıyev özü də çıxış edərək bildirib ki, haqqındakı cinayət işi başdan-ayağa saxtadır: “Səksən nəfərdən çox adam dindirilib. Nəinki bir, heç yarım nəfər də mənimsəmə ilə bağlı fakt ortaya qoymayıb. Məni kredit verməyə görə ittiham edirlər. Kredit vermək nə vaxtdan cinayət olub?”

Beynəlxalq Bankın problemli kreditləri 12 milyardı keçib

Cahangir Hacıyevin sözlərinə görə, Beynəlxalq Bankın 6 milyard kredit portfeli olub, onun cəmi 30 faizi həcmində – 2 milyard kredit verilib: “Hazırda isə Beynəlxalq Bankın təkcə problemli kreditləri 12 milyardı keçib. Bunu necə izah edəcəklər?”
Bankir deyir ki, bu cinayət işində ən azı, üç qanunun tələbləri kobud şəkildə pozulub – Banklar haqqında qanun, Korrupsiyaya qarşı mübarizə haqqında qanun və Dövlət qulluğu haqqında qanun.
Beynəlxalq Bankın Müşahidə Şurasının üzvlərinin əksəriyyətinin Maliyyə Nazirliyinin işçiləri olduğunu deyən Cahangir Hacıyev hesab edir ki, onlar bu səbəbdən də maliyyə nazirinin əleyhinə ifadə verə bilməzdilər.

“Mənim dövrümdə bankın reytinqi həmişə yüksək olub”

“2010-2014-cü illərdə Vergilər Nazirliyi yoxlama aparıb, 80-ə qədər cinayət işi başlanıb. Amma sonradan onların hamısına sonradan xitam verilib. Prokurorluq xitam verib. İndi həmin prokurorluq zəhmət çəkib araşdırsaydı, görərdi ki, mən cinayət eləmişəm, yoxsa yox. Mən iyirmi il Beynəlxalq Bankda işləmişəm, bu müddətdə bankın reytinqi həmişə yüksək olub”, – Cahangir Hacıyev bildirib.
O, bankın müflişləşmə həddinə çatmasından da danışıb. Deyib ki, xarici borclar 1,1 milyarddan çox ola bilməzdi, amma hazırda bu rəqəm 3,3 milyard dollardan çoxdur: “Bankın belə aşağı səviyyəyə düşməsinə cavabdeh olan şəxslər gəlib burada izahat verməli idi”.
Məhkəmə prosesi mayın 31-də davam edəcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ