SON DƏQİQƏ

PressDent.Info

Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması məsələləri müzakirə olunub

Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması məsələləri müzakirə olunub
11-10-2015, 01:06 25686 dəfə baxılıb

Oktyabrın 9-da Azərbaycanın Astara şəhərində Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar məsələlər üzrə birgə komissiyasının həmsədrləri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin iştirakı ilə Azərbaycan və İran nümayəndə heyətinin geniş tərkibli görüşü keçirilib.
 
Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin ilkin mərhələsindən sonra birgə komissiyanın həmsədrləri Şahin Mustafayev və  Mahmud Vaezi jurnalistlərə müsahibə veriblər.
 
İqtisadiyyat və sənaye naziri Azərbaycan-İran əlaqələri çox yüksək templə, böyük uğurla inkişaf etdiyini, bu uğurların təməlində  isə Azərbaycan və İran prezidentlərinin siyasi iradəsinin dayandığını söyləyib.  Nazir bildirib ki, əlaqələrimiz çoxşaxəlidir, siyasi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan-İran əlaqələri energetika, nəqliyyat, maliyyə, ticarət və digər sahələrdə inkişaf edir: "Bugünkü iclasın əsas məqsədi Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması ilə bağlı danışıqların aparılması, birgə layihələrin hazırlanması və bu istiqamətdə işlərin görülməsidir. Hər iki ölkənin yüksək rəsmilərinin iştirakı ilə çox məhsuldar görüş oldu".
 
Şahin Mustafayevin fikrincə, bu dəhlizin səmərəliliyinin artırılması hər iki ölkənin tranzit imkanlarının artmasına gətirib çıxaracaq və hər iki ölkəyə siyasi və iqtisadi baxımdan dividentlər gətirəcək: "Bugünkü müzakirələrin nəticəsi olaraq müvafiq işçi qruplarının yaradılması qərara alındı. Əməkdaşlarımız sabah da (oktyabrın 10-da) danışıqlar aparacaqlar. Danışıqların nəticəsi olaraq razılaşdırdığımız layihələrlə bağlı müvafiq qərarlar qəbul edəcəyik və layihələr üzrə nümayəndələrə müvafiq tapşırıqlar verəcəyik. İnanırıq ki, aparılacaq müzakirələr nəticəsində, səylərimiz nəticəsində gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması üçün işlər görüləcək".
 
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi də jurnalistlərə açıqlamasında oktyabrın 9-da keçirilmiş görüşün iş adamları üçün faydalı olacağını bildirib:” Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi iki ölkənin tranzit xətlərini birləşdirməklə bərabər,  Hindistandan tutmuş Avropayadək yük daşımalarının daha tez və daha sərfəli şəkildə həyata  keçirilməsi üçün şərait yaradacaq”.
 
Qeyd edək ki, oktyabrın 10-da müzakirələr eyni tərkibdə İranın Astara şəhərində davam etdiriləcək.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ