SON DƏQİQƏ

PressDent.Info

"Bakı-Tbilisi-Qars" dəmir yolu üçün sərnişin vaqonlarının istehsalı başladı

29-09-2015, 20:09 27506 dəfə baxılıb

 
"Stadler Rail Group" şirkətinin İsveçrənin Altenrayn şəhərində yerləşən zavodunda "Azərbaycan Dəmir Yolları" sifarişi ilə və gələcəkdə "Bakı-Tbilisi-Qars" dəmir yolu xəttində hərəkət edəcək yataq tipli sərnişin vaqonlarına baxış və hazır birinci vaqon gövdəsinin qəbulu həyata keçirilib.
 
Tədbirdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, "Stadler Rail Group" şirkətinin prezidenti Peter Şpuler, Azərbaycanın İsveçrə Konfederasiyasında səfiri Əkrəm Zeynallı və hər iki tərəfin nümayəndə heyəti iştirak ediblər. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Azadinform-a verdiyi məlumata görə, gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün Azərbaycan tərəfi "Stadler" şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. Kateqoriyasından asılı olaraq vaqonlar 10, 20 və 32 yerlik olacaq.
 
Qeyd edək ki, müasir texnoloji üstünlüklərlə təchiz olunmuş vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılmış sistem sayəsində mümkün olacaqdır ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq və sərnişinlərin daha da rahat səfər etmələrini təmin edəcəkdir. Müqaviləyə əsasən 2016-cı ilin iyul-avqust aylarında ilk on vaqonun istismara buraxılması nəzərdə tutulub.
 
Səfər zamanı "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov həmçinin "Stadler Rail Group" şirkətinin Bussnanq regionunda yerləşən ən böyük zavoduna baxış keçirib. Tədbirdə şirkət haqqında ümumi məlumat verilib, 1942-ci ildə təsis olunması, 1997-ci ildə holdinqə çevrildiyi vurğulanıb.
 

 

Qeyd edək ki, 6100 əməkdaşın çalışdığı holdinq səkkiz ölkədə istehsal və xidmət müəssisələrinə malikdir. Metro, tramvay, çarxlı və relsli dəmiryolu üçün müxtəlif ölçülü və təyinatlı qatar və vaqonlar istehsal edir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ