SON DƏQİQƏ

PressDent.Info

"Əgər sahibkar sığortalanmaq istəyirsə, fəaliyyətini yanğın və texniki təhlükəsizlik standartlarına uyğun şəkildə qurmalıdır"-RƏY

23-12-2019, 15:25 11397 dəfə baxılıb

Son günlər paytaxt bazarında və digər ticarət mərkəzlərində baş vermiş yanğın hadisələrini nəzərə alaraq, sahibkarların müəssisələrinin sığortalanmasına marağının, ticarət, xüsusən də əhalinin kütləvi istirahət və alış-veriş müəssisələrində yanğın əleyhinə təhlükəsizlik sisteminin hansı səviyyədə olduğunu öyrənməyə çalışdıq.

Məsələ ilə bağlı Sonxeber.az -a sığorta eksperti Xəyal Məmmədxanlı danışıb. O, bildirib ki, müəssisələrin sığortalanmasına maraq ötən illərə nisbətən bir az artıb. Təbii ki, bu marağın artmasının da səbəbi baş verən yanğınlardır. Çünki, bu günə qədər "mənə heç nə olmaz" deyə düşünən sahibkarlar artıq düşünməyə başlayıb ki, "mənim obyektimə də nəsə ola bilər".

Ona görə də sığortaya istər-istəməz maraq bir az artıb. Amma həmin o ticarət, alış-veriş mərkəzlərini iki hissəyə bölmək lazımdır. Birincisi kifayət qədər sivil, bütün yanğın təhlükəsizliyi qaydalarına əməl edən, vaxtlı-vaxtında müvafiq yanğın təlimləri keçənlər var ki, bunların nə sığortalanmasında, nə də yanğın təhlükəsizliyi ilə bağlı problemi var. İkinci hissəyə daxil olan bazarlar Binə, Sədərək, bir neçə ay öncə yanmış Diqlas ticarət mərkəzi, bu günlərdə yanmış "EuroHome" və digər bu kimi bazarlarda vəziyyət tamamilə fəqlidir və biraz da acınacaqlıdır. Həmin obyektlər heç bir yanğın təhlükəsizliyi qaydalarına və standartlarına cavab vermirlər. Çalışanlar o qədər çoxdur ki, onların və ora gələnlərin yanğınla bağlı təlimatlandırılması demək olar ki, heç vaxt aparılmır. Yəni, orada xaotik hərəkət mövcuddur. Belə yerlərdə sığorta riski olduqca yüksəkdir. Dünyada hansısa bir sığorta xidmətinə təklif etsəniz belə oranın sığortalanmasına heç bir sığorta şirkəti maraqlı olmayacaq və oranı sığortalamayacaq. Əlbəttə, burada könüllü sığortalardan söhbət gedir. Amma icbari sığorta məcburi olduğuna görə Binə, Sədərək, Diqlas, EuroHome kimi yerlərin icbari sığortalanması qanunla mümkündür. Əgər onların mülkiyyət hüququnu təsdiq edən sənəd varsa, belə olan halda obyektin təhlükəsizlik və sair məsələləri qanunla o qədər əhəmiyyət daşımır. Çünki sığorta şirkətləri icbari sığorta üzrə əmlakları sığortalayarkən oranın texniki və yanğın təhlükəsizliyinə görə imtina edə bilmirlər. Amma problem ondadır ki, daşınmaz əmlakın sığortası yalnız və yalnız daşınmaz əmlakın özünü əhatə edir. Yəni, binanın konstruksiyasını, divarlarını, rənglərini, qapı-pəncərəsini, dekorasiyasını, tavanını, döşəməsini və sair. Amma onun içərisində icarədarlara o cümlədən ,dükan sahiblərinə məxsus olan əmlakların heç biri həmin sığorta təminatına daxil deyil. Onlar istəsələr əmlaklarını, həmçinin mağazalarında olan,alıb-satdıqları əmlakları yalnız könüllü qaydada sığortalıya bilərlər. Onun da çox böyük problemləri var. Kim ki, rəsmi qaydada çalışır, tutaq ki, ticarət mərkəzlərinin birində hər hansı bir brendin mağazası var. O ölkəyə bütün mallarını xaricdən gətirərək gömrükdən də rəsmi qaydada keçirərək, alqı-satqı müqaviləsini, satışını, vergisini rəsmi qaydada həyata keçirirsə bunların sığortalanmasında heç bir problem yoxdur. Çünki, sığorta şirkəti ilə çox rahat müqavilə bağlayacaq və sığorta şirkəti hadisə baş verən zaman bilir ki, mağazada hansı miqdarda,dəyərdə mal olub. Digərlərinə isə gəldikdə yəni, Sədərək, Binə, Diqlas və yaxud EuroHome və digər yerlərdə həmin o daşınar əmlakların sığortalanması da qeyri-mümkündür. Təbii ki, söhbət maldan, əmtədən gedir. Çünki onların heç bir rəsmi qeydiyyatı yoxdur.

Əgər yanğın baş verərsə, malın miqdarını, dəyərini heç kim bilmir və bilməyəcək də. Ötən yanğınlarda biz bunun şahidi də olduq. Vətəndaşlar etiraz edəndə, prezidentdən yardım istəyəndə, hərə bir təxmini rəqəm səsləndirirdilər. Ortada dəqiq bir rəqəm yox idi. Çünki onların heç biri rəsmi işləmir. Əgər elə həmin yerlərdə vətəndaş özü daşınar və yaxud daşınmaz əmlakını sığorta etdiribsə də, onun özü obyektin, bazarın içində yerləşdiyinə görə sığorta şirkətlərinə maraqlı deyil. Çünki, bazarda yanğın baş verərsə, baxmayaraq ki, bu vətəndaşın əmlakı orada ən yaxşı əmlakdır, bütün yanğın təhlükəsizlikliyi təmin olub amma obyektin içərisində olduğuna görə, nə yanğınsöndürən maşının girməsi mümkün olur, nə də müdaxilə etmək mümkün olur. Dolayısı ilə, ətraf mühitindən qaynaqlanan riskə görə obyekt sığorta şirkətləri üçün də az maraqlı olan risklərdən biri olur. Nəticə olaraq onu deyim ki, əgər sahibkarlar sığorta şirkətlərinin onların sığortalamasını istəyirlərsə, öz fəaliyyətlərini yanğın və texniki təhlükəsizlik standartlarına uyğun şəkildə qurmalıdırlar. Yəni, həmin malların daşınması, saxlanılması bütün bunlara rəsmi qaydada əməl olunmalıdır. Eyni zamanda orada satılan malların hər biri rəsmi qaydadad qeydiyyata alınmalıdır. Çünki sığorta şirkətləri rəsmi qaydada bilməlidir ki, anbarınızda neçə min manatlıq mal olub və yaxud yanıb. Ən əsası həmin mağazaları icarəyə götürən vətəndaşlar ilə sahibkarlar arasında rəsmi müqavilələr bağlanmalıdır. Araşdırmalarımız onu göstərir ki, əksər hallarda belə müqavilələr bağlanmır. Bəzən vətəndaş bildirir ki, sahibkar özü obyekti sığortalamasa da, mən özüm icarəyə götürdüyüm mağazanı sığortalamaq istəyirəm. Vətəndaş onu sığortalıya bilmir çünki çıxarış bütün obyekt üçün bir dənədir. Həmin o mağazanın mülkiyyətini, istifadəsini təsdiq edən normal rəsmi sənədi olmur. Belə olduğu zaman vətəndaşın da obyekti sığortalamq marağı yarana bilmir ki,sahibkar olmadan birbaşa özü sığorta müqaviləsi bağlasın.

Fəridə Ağazadə

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ