SON DƏQİQƏ

PressDent.Info

Formula 1-ə “Azərbaycanda insan haqları” çağırışı

Formula 1-ə “Azərbaycanda insan haqları” çağırışı
8-06-2016, 18:49 32277 dəfə baxılıb

“The Guardian” yazır ki, iyunun 19-da Bakıda keçiriləcək Grand Prix ərəfəsində Formula 1-ə Azərbaycanda insan haqlarının vəziyyətinə dair səsini ucaltmaqla “öz imicini yaxşılaşdırması” çağırışı edilib.

Azərbaycanda insan haqlarının bərbad vəziyyətinə diqqət çəkmək məqsədilə yaradılmış “İdman İnsan Haqları üçün” təşkilatı Bernie Ecclestone-un Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı mövqe bildirməsini istəyib.

“Biz Formula 1-in rəhbəri Bernie Ecclestone-u Azərbaycanda insan haqları ilə bağlı məsələlər barədə fikir bildirməyə və siyasi məhbusların azadlığa buraxılmasını istəməyə çasğırmışıq, – deyib kampaniyaçı qrupun əlaqələndiricisi Rebecca Vincent, – Biz ona açıq məktub yazmışıq, lakin hələlik açıq cavab olmayıb”.

“Cənab Ecclestone həqiqətən də xeyirxahlıq edə biləcək məqamdadır. Bu yalnız mənfəət götürüb korrupsiyalı adamlara köməklik göstərməkdənsə, Formula 1-in imicini yaxşılaşdırmaq və Azərbaycan xalqına kömək etmək imkanıdır” – deyib Vincent. Bununla yanaşı, Biznes və İnsan Haqları Resurs Mərkəzinin icraçı direktoru Phil Bloomer tərəfindən dəstəklənən Vincent bildirib ki, onlar heç də Bakının Formula 1 təqvimindən çıxarılmasını tələb etmirlər.

O deyib: “Biz onları yarışı ləğv etməyə, adamları isə yarışa tamaşa etməməyə çağırmırıq. Biz cənab Ecclestone-dan repressiyalara rəvac vermək əvəzinə onlara qarşı ayıdın mövqe tutmağa çağırırıq. O, ötən il demişdi ki, Azərbaycanda böyük insan haqları problemi yoxdur və adamlar xoşbəxt görünürlər. Beşcə dəqiqə Google-a baxmaq kifayətdir ki, nələrin baş verdiyi aydın olsun”.

“The Guardian” yazır ki, Vincent və kampaniya qrupunun nümayəndələri Formula 1-in London ofisində olmuş, təşkilatın iki vəzifəli rəsmisi ilə görüş keçirimişlər. Danışıqların bu ilin sonlarında davam etdirilməsi barədə razılıq əldə olunub.

Oxuma, Iglesias

İdman İnsan Haqları üçün kampaniya qrupu həmçinin pop ulduzlıarı Pharrell Williams, Enrique Iglesias və Chris Brown-un nümayəndələri ilə görüşmüş və bu müğənniləri həftəsonu Grand Prix açılışındakı çıxışlarını ləğv etməyə çağırmışlar. Onlardan da hələlik heç bir cavab alınmayıb.

Cənab Bloomer Formula 1-in insan haqlarına dair siyasət formalaşdırmasını təqdir edib və bildirib ki, təşkilat bu sadə siyasətin həyata keçirilməsinə çalışmalıdır. Onun sözlərinə görə, bir çox qurumların belə siyasətə malik olmalarına baxmayaraq, onlardan bir çoxları üçün bütün bunlar kağız üstündə qalır.

Bloomer-in sözlərinə görə, Bernie Ecclestone-un indiyədək tutduğu mövqe məhz belə yanaşmanı nümayiş etdirir.

“The Guardian” yazır ki, insan haqları kampaniyasının Londonda keçirilən konfransında “F1 Bakı Grand Prix yarışını işıqlandıran müxbirlər nəyi bilməlidirlər?” adlı məlumat kitabçası paylanıb. Bu kitabçada Formula 1 yarışının keçirildiyi ölkədə insan haqları fəallarının, jurnalist və blogerlərin vəziyyəti barədə məlumatlar verilir.

Tənqidin dezinfeksiyası

Phil Bloomer deyib ki, Azərbaycan ötən il Avropa oyunlarına sahiblik edib və bu kimi çox bahalı şöhrətpərəstlik layihələrindən dezinfeksiya və müasir iqtisadiyyat imici yaradılması üçün istifadə edilir.

Bloomer yada salır ki, Bəhreyndə Formula 1 yarışları gedərkən küçələrdə etiraz edən insanları döyür və həbsxanaya atırdılar. Bloomer bunu da xatırladıb ki, böyük idman tədbirlərinin sponsorlarının da səbir kasası daşmaqdadır.

Onun sözlərinə görə, sponsorlar yarışların repressiv dövlətlərdə keçirilməsindən cana yığılıblar. Məsələn onlar bildirmişdilər ki, eybəcər, çirkli, zəhərli FİFA brendi ilə əlaqələndirilmək istəmirlər.

Bloomer-in fikrincə məhz sponsorların narazılığı təşkilatçıları hərəkətə gətirə bilər. “The Guardian” yazır ki, Ecclestone çərşənbə axşamı onunla əlaqə yaratmaq cəhdlərinə cavab verməyib, lakin Londondakı Azərbaycan səfirliyi dialoqa açıq olduğunu bildirib.

Bununla yanaşı, səfrilik müğənnilərin çıxış etməməyə çağrılmasının yaxşı bir ideya olmadığını deyib. “Yəni bütün idman tədbirləri ləkəsiz Qərb demokratiyalarında keçirilməlidir?” – deyə irad tutub səfirliyin sözçüsü.

Knightsbridge görüşü

“The Daily Telegraph” qəzetində Formula 1 müxbiri Daniel Johnson isə Bakı yarışı ilə bağlı insan haqları kampaniyasının bir sıra yeni təfərrüatlarını açıqlayıb.

Müxbir yazır ki, İdman İnsan Haqları üçün kampaniyasının Londonun Knightsbridge ərazisindəki ofisində keçirilmiş görüşdə Bernie Ecclestone şəxsən iştirak etməsə də, kampaniyaçıları qurumun hüquqşünası və Ecclestone-un yaxın adamı Sacha Woodward-Hill və başqa bir müşavir qəbul edib.

“The Telegraph” yada salır ki, Human Rights Watch təşkilatının 2015-ci il üçün hesabatına görə keçmiş sovet respublikası Azərbaycanda onsuz da bərbad vəziyyətdə olan insan haqlarının vəziyyəti son illərdə daha da pisləşib.

Birinci və axırıncı ola bilər

Məqalədə deyilir ki, Formula 1 ötən il “İnsan Haqlarına Hörmətə Sadiqlik Bəyannaməsi” adlı sənəd qəbul edib, lakin Ecclestone-un Azərbaycanda heç bir insan haqları problemi olmadığını dilə gətirməsi insan haqları fəallarını hiddətləndirib.

Keçmiş ABŞ diplomatı və insan haqları müdafiəçisi Rebecca Vincent deyib ki, Ecclestone-un belə bəyanatlar verməsini təbii qarşılayır. Lakin o əlavə edib ki, kampaniyaçılar onu mövqe bildirməyə çağırmaqda davam edəcəklər.

“The Telegraph” müxbiri yazır ki, beynəlxalq qurumlar bu il 16 insan haqları fəalının həbsxanadan buraxılmasını alqışlasalar da, onlar barədə ədalətin hələ də bərpa olunmadığını söyləyirlər.

Məqalədə deyilir ki, Azərbaycanın Formula 1 yarışını qonaqlamaq şərəfi üçün 36 milyon dollar ödədiyi barədə məlumatlar verilib. Bu yarışın 10 il müddətində Azərbaycanda keçirilməsi planlaşdırılıb.

“Lakin neft qiymətlərinin dramatik enişi ilə əlaqədar çabalayan iqtisadiyyat şəraitində hazırkı yarışın yeganə tədbir olmayacağına şübhələr vardır” – yazır “The Telegraph”. 

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ