SON DƏQİQƏ

PressDent.Info

Azərbaycan futbolu necə kriminallaşdı? — FAKTLAR

Azərbaycan futbolu necə kriminallaşdı? — FAKTLAR
19-08-2015, 15:22 23000 dəfə baxılıb

Yəqin mənim kimi çoxlarınıza da maraqlıdır ki, futbol üzrə Azərbaycan çempionatı niyə əksər hallarda boş tribunalar önündə keçirilir. Elə bu marağı nəzərə alıb verdiyim suala cavab axtarmaq üçün Azərbaycan futbolçularının "baş rolda" olduğu bəzi hadisələri xatırlatmağa çalışacağam. Məncə, sadaladığım faktlardan sonra səbəblər tam olmasa da, aydınlaşacaq.
 
2010-cu ilin bu vədələri idi. Xəbər yayıldı ki, veteran futbolçu Mahmud Qurbanov "Komanda" qəzetinin redaksiyasına hücum edib. Bir neçə kompüteri və qab-qacağı sındırıb, jurnalistləri təhqir edib. Hətta onları döyməyə cəhd göstərib. Hərçənd ki, Qurbanov Azərbaycan futbolunda "professor" kimi tanınır. Elə maraqlı olan da budur ki, ən yaxşı nəticəsi qrupda 9 xal yığmaq olan ölkənin "professor" ləqəbli futbolçuları da var. Nəysə...
 
Üstündən üç il keçməmiş başqa bir futbolçumuzun adı xoşagəlməz olayda hallandı. Hallandı deyəndə ki, "Neftçi"nin futbolçusu Araz Abdullayev bahalı maşınıyla (sağlığına qismət) klubun bazasına gedəndə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurdu. Süpürgəçilərdən biri yerindəcə dünyasını dəyişdi, digəri ağır vəziyyətdə xəstəxanaya aparıldı.
 
O gün də "Neftçi"nin futbolçuları bir azarkeşə əl qaldırıblar. Amma düşünməyin ki, həmin azarkeş dərhal xəstəxanaya filan çatdırılıb. Bəli, doğru təxmin etmisiniz. Necə deyərlər, adəti üzrə polis bölməsinə aparılıb və beş sutka həbs cəzası alıb. Sizcə, azarkeşə hücum edənlərdən biri kim olsa yaxşıdır? Bax, elə həmin bu Araz Abdullayev. Deməli, etdiyin hərəkətə görə lazımi cəza almayanda nə olur? Aydındır! Allah eləməmiş, əgər həmin qəzanı mən törətsəydim, indi azadlıqda gəzə bilərdimmi? Təbii ki, yox. Bu arada deyim ki, mənim avtoqəza törətməyim mümkünsüzdür. Çünki avtobus sürücüsünün törədəcəyi hər hansı qəzaya görə mən məsuliyyət daşımıram.
 
Yeri gəlmişkən, "Neftçi"-"İnter" oyunundan sonra azarkeşlərə hücum edənlər sırasında bir ad diqqətimi xüsusən çəkdi-Rahil Məmmədov. Gənc oyunçudur, deyilənə görə istedadı da var. Artıq "böyük qardaşı" Araz Abdullayevdən azarkeşə çəmkirmək də öyrənib. Yəqin bu gün-sabah da maşınla iki "JEK" işçisinin üstündən keçər, “gözün üstdə qaşın var” deyən olmaz. Bu arada diqqətimi çəkən daha bir məqama münasibət bildirim. Nə yaxşı ki Azərbaycan futbolunda Mirhüseyn Seyidov kimi davranışını, danışığını bilən gənc futbolçu var. Kim bilir, Mirhüseyn azarkeşi Arazla Rahilin əlindən almasaydı, yazıq azarkeşə neçə il iş kəsəcəkdilər.
 
Və nəhayət ən səs-küylü hadisə barədə bir neçə kəlmə. Amma mətləbə keçməzdən öncə deyim ki, Cavid Hüseynovun dəmir barmaqlıqlar arxasında olmasının mənimçün heç bir prinsipial əhəmiyyəti yoxdur. Yəni, Hüseynovla nə şəxsi ədavətim, nə tanışlığım, nə də bölə bilmədiyimiz mal yoxdur. Əgər günahsızdırsa, tezliklə azadlığa qovuşmasını, günahı varsa, ən böyük cəzanı almasını arzu edirəm. Ancaq fikir verirsinizsə, bu olayda da Caviddən savayı daha bir neçə nəfərin adı hallanır və onlardan ikisi futbolçudur. Biri Hüseynovun bibisi oğlu Elşən İsmayılov, digəri Camal Məmmədov.
 
İndi görün cəmi beş il ərzində neçə Azərbaycan futbolçusunun adı kriminal olaylarda hallanıb və bunlar hələ mətbuata çıxarılanlardır. Neçə futbolçunun qonşusunu döydüyündən, neçəsinin komanda yoldaşı ilə "razborka"ya getməyindən, neçəsinin baş məşqçisini "Gənclik" metrosunun yanındakı şamlığa duelə çağırmağından xəbərsizik.
 
Sonda AFFA və klublarımız qarşısında bir neçə təkliflə çıxış etmək istəyirəm.
 
Çingiz Abdullayevin "Neftçi"dəki işinin uğurlu alındığını (komanda iki oyuna bir xal qazanıb-İ.V.) nəzərə alıb, digər işsiz yazıçıları da klubların başında işlə təmin etməyiniz düzgün addım olardı. Məsələn, Fikrət Qocanı "Sumqayıt" komandasının prezidenti postunda görürəm. Onsuz da bu klubun elitada qalmaq uğrunda mübarizədən başqa məqsədi yoxdur. Hər il sonuncu pilləni tutsa da, yenə güclülər dəstəsində çıxış edir. Elə Fikrət müəllimə də belə stabil komanda lazımdır.
 
Bir də ki klubların aparıcı "razborşik" futbolçuları silahla təmin edilsələr, yaxşı olar. Çünki futbolçu azarkeşi əliylə, yaxud ayağıyla vurarsa, zədələnə, nəticədə bir neçə oyunu buraxa bilər. Yaxşısı silahdır. Azarkeşi vurursan, sonra da qəbrinə 15 il iş kəsdirirsən.
 
Digər təklifim gənc oyunçularla bağlıdır. Bu mənada "Neftçi"də ciddi irəliləyiş görürəm. Məsələn, o gün Araz Rahilə göstərdi ki, azarkeşi necə döymək lazımdır. Təklifim bundan ibarətdir ki, komandalardakı aparıcı və təcrübəli "razborşiklər" həftədə bir dəfə gənc oyunçulara bu istiqamətdə metodiki təlimlər keçsinlər.
 
Məncə, təkliflər hələlik bu qədər bəs edər. İndi görüm əməl edən olsa, növbəti dəfə daha maraqlı ideyalarla çıxış edəcəyəm.
 
P.S. Yazıda adı çəkilən bütün futbolçuları və qohumlarını Facebook-da dostluğumdan silmişəm. Mənə nəsə olsa, bilin ki, günahkar başqalarıdır.
 
İntiqam VALEHOĞLU

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ