SON DƏQİQƏ

PressDent.Info

Müsəlmanı linç edən dəstənin üzvləri ömürlük həbsə məhkum edildi

Müsəlmanı linç edən dəstənin üzvləri ömürlük həbsə məhkum edildi
26-03-2018, 19:10 20271 dəfə baxılıb

Hindistanın Jharkhand ştatında özünü heyvan hüquqlarının müdafiəçisi kimi təqdim edən 11 nəfər ömürlük həbs cəzasına məhkum edilib.

Onlar mal ətinin daşınması ilə məşğul olan müsəlmanı öldürdükləri üçün belə ağır cəzaya məhkum ediliblər.

Hindlilər inəyi müqəddəs sayırlar və mal ətini yemirlər. Hindistanda yaşayan on milyonlarla müsəlman isə mal ətini yeyir.

Son illər Hindistan boyu inəklərin kəsilməsi ilə “mübarizə aparan könüllü qruplar” peyda olub.

Onlar müsəlmanlara hücum çəkib inəklərini müsadirə edir, inək sığınacaqlarına təhvil verirlər.

Ömürlük cəza alanlar arasında hakim Bharatiya Janata Partiyasının ştatdakı nümayəndəsi də var.

Ötən il iyunun 29-da sözügedən qrupun üzvləri Alimuddin Ansari adlı şəxsi maşınından düşürmüş, döyərək öldürmüşdü. Ansarinin maşını da yandırılmışdı.

Bu hadisənin videosu İnternetə də düşüb.

Human Rights Watch beynəlxalq hüquq-müdafiə təşkilatı bildirir ki, ötən il Hindistanda inəklərin müdafiə adıyla 38 belə hücum qeydə alınıb. Bu hücumlarda azı 10 nəfər ölüb.

Ansarinin qətlindən bir neçə gün əvvəl Jharkhand-da başqa bir şəxs də döyülmüş, evi yandırılmışdı.

O, evinin yanından inək sümükləri tapılandan sonra hücuma məruz qalmışdı.

Bəziləri belə hücumların artmasında polisi də ittiham edir, özünü “könüllü” adlandıran dəstələrin cəzasızlıq şəraitində fəaliyyət göstərdiyini deyirlər.

Ansarinin ölümündən sonra baş nazir Narendra Modi də dilə gəlmiş, “zorakılıq hansısa problemin həll yolu ola bilməz” demişdi.

Ansarinin məhkəmə binası önündə jurnalistlərə müsahibə verən oğlu Şahzad deyib ki, “hakimlərin düzgün qərar verməsindən məmnundur”:

“Mənim atam pis bir iş tutmurdu. Heç kəsin özünü qanundan üstün tutmağa, özbaşınalıq etməyə haqqı yoxdur”.

Ansarinin həyat yoldaşı Mariam Khatun isə deyib ki, ailəsinin başına gələnlərə baxmayaraq “yenə qan tökülməsini istəmir”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ