SON DƏQİQƏ

PressDent.Info

Vәtәnin belә oğulları ilә necə fəxr etməyəsən?

Vәtәnin belә oğulları ilә necə fəxr etməyəsən?
15-03-2018, 20:49 8265 dəfə baxılıb

AXCP sədri Əli Kərimli partiya fəallarından olan Ayaz Məhərrəmlinin cəbhəçi olduğuna və mitinq hazırlıqlarında fəal iştirak etdiyinə görə işdən azad edilməsini hakimiyyətin əqidəli vətəndaşa qarşı növbəti repressiyası kimi qiymətləndirib:

 

“Siz yaltaqları, yalançıları, pul, sərvət, vəzifə üçün əqidəsini, təşkilatını, dostlarını satanları boş verin, bir anlıq da olsa belələrini unudun, mən sizə zəmanəmizin gerçək qəhrəmanlarından biri haqqında danışacam. Ayaz Məhərrəmli hüquqşünasdır, gəncdir, çox bacarıqlıdır. Ayaz bəy 2012-ci ildən AXCP üzvüdür. Partiyanın Təşkilat şöbəsinin əməkdaşıdır, çox yaxşı təşkilatçıdır. Mitinqlərimizin də əsas təşkilatçılarından biridir. Partiya fəalları arasında nadir adamlardan biri idi ki, çox tanınmadığından hələ də işləyirdi. Daha doğrusu bu günə qədər SOCAR-da işləyirdi. Azərbaycan standartlarına görə yaxşı da maaşı var idi. Rejimin nə qədər anti-insani olduğunu bildiyimdən təqribən bir il əvvəl Ayaz bəyi şəxsən xəbərdar etmişdim. Demişdim ki, Ayaz bəy, rejim səni tanıyan kimi işini itirəcəksən, partiyada aktivliyini azaltsan, biz səni başa düşərik. Cavabında Ayaz bəy mənə bildirdi ki, “bəy, mən bu yolu dərk edərək seçmişəm, əqidəmə, partiyama sadiqəm, Vətənimin, xalqımın qurtuluşu üçün hər cür fədakarlığa hazıram.”
Ayaz bəy ona edilən xəbərdarlıq və hədələrə baxmayaraq mübarizəsini davam etdirdi, partiyamızın təşkilati baxımdan güclənməsi, mitinqlərin təşkili üçün böyük işlər gördü. 10 mart mitinqindən əvvəl isə qardaşını girov olaraq həbs etdilər, 2-3 maşın polislə ata-anasının evini mühasirəyə alıb, Ayaz bəyi yaşlı valideynlərini də həbs edəcəklərilə, özünü və yaxın qohumlarını da işdən çıxaracaqları ilə hədələdilər. Ayaz bəydən mitinqə getməmək, mitinqin təşkilindəki rolundan imtina etmək tələb olunurdu. Ayaz bəy bütün təhdidlərə baxmayaraq dostlarını da səfərbər edib, meydana getdi, mitinqin təşkilindəki vəzifəsini yerinə yetirdi. Anti-milli hakimiyyət də hədəsini gerçəkləşdirdi. Bu gün Ayaz bəyi işdən çıxartdılar. Ürəkləri soyumadı, 18 il müddətində orduda qüsursuz xidmət etmiş, siyasətlə heç bir əlaqəsi olmayan hərbçi (zabit) bacanağını da işdən çıxartdılar. Ayaz bəyin isə başına gələnlərə münasibəti yenə də mərdi-mərdanə oldu. Öz feysbuk profilində yazdı: “İşimi itirdim amma şərəfimi itirmədim! Rahatam….!”
Vətənin belə övladları ilə necə fəxr etməyəsən? Vaxtilə Vətən torpağını düşmənlərdən qoruyanlar da, 20 Yanvarda işğalçı ordunun tanklarına sinəsini sipər edənlər də, məhz Ayaz bəy kimi oğullar idi. İndi də Vətəni 45 illik sülalə hakimiyyətindən xilas etmək üçün hər cür fədakarlığa hazır olanlar bu millətin dayaqları, vuran əli, görən gözü, ağrıyan vicdanıdır. Qədrini bilək bu insanların. “Məhsul” stadionunda mitinq keçirmək İlham Əliyevə xidmətdir” deyən böhtançıların, dil qəhrəmanlarının hamısı bir yerdə bircə Ayaz bəy qədər qurban verməyib bu yolda. Hansı ki, bu təşkilatda Ayaz bəy kimi fədakar insanlar xeylidir.
Əziz xalqım, ölkəmizdə rejimlə mübarizə çox böyük qurbanlar bahasına davam etdirilir. Müxalifətin mitinqləri minlərlə insanın riskləri, itkiləri, qurbanları hesabına başa gəlir. Bu mərd, vətənsevər, ədalətsevər, azadlıq carçılarını meydanlarda tək buraxmayın, növbəti mitinq çağırışlarına daha kütləvi şəkildə qoşulun!”

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ