SON DƏQİQƏ

PressDent.Info

Polisin saxladığı maşına od vurdu

Polisin saxladığı maşına od vurdu
31-05-2016, 18:19 28710 dəfə baxılıb

Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan “Chrysler”, “Mercedes”, “Mitsubishi” və “Ford” markalı minik avtomobillərinin yanmasının səbəbi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, yanğın heç də təsadüf nəticəsində baş verməyib:

“Yanğının baş verməsinə konkret şəxs səbəb olub. Belə ki, polis əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünü nəqliyyat vasitəsi ilə birgə cərimə meydançasına (dayanacağa) gətiriblər. Dayanacaqda həmin şəxs avtomobildən şəxsi əşyalarını götürmək istədiyini bildirib və polis əməkdaşları da razılıq veriblər. Sərxoş şəxsin maşınında butulkada benzin olub və maşından həmin yanar maddəni götürərək öz avtomobilinin üzərinə tökərək od vurub. Yanğının miqyası getdikcə genişləyib və ərazidəki avtomobillərə də yayılıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyiəməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Hadisəni törədən sürücü tutularaq istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb”.

Şöbə rəisi onu da əlavə etdi ki, saxlanılan şəxsin məhkəməsi olacaq və bundan sonra yanan avtomobillərə dəyən zərərin kim tərəfindən ödəniləcəyi müəyyən ediləcək.

Onu da bildirək ki, əgər cərimə meydançasında saxlanılan avtomobillər ehtiyatsızlıq nəticəsində yanarsa və ya yararsız vəziyyət düşərsə, həmin zərər meydançanın təhlükəsizliyini təmin edən müəssisə tərəfindən ödənilir.

Cinayəti törədən şəxsi Abşeron rayon Polis İdarəsinin əməkdaşları saxlasa da, onun adı hələlik açıqlanmır.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında olub. İlkin xəbərdə bildirilirdi ki, Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan “Chrysler”, “Mercedes”, “Mitsubishi” markalı minik avtomobilləri naməlum şəraitdə alışaraq yanıb.

Hadisə zamanı “Ford” markalı minik avtomobilinə də qismən zərər dəyib. Meydançadakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ