SON DƏQİQƏ

PressDent.Info

Neftsiz biz kimik? (II hissə)

Neftsiz biz kimik? (II hissə)
19-08-2015, 02:51 33787 dəfə baxılıb

və ya «nefti, qazı bir kənara qoymalıyıq» diskusiyasına sözardı

Multiplikativ effekt və ya sektorlararası qarşılıqlı təsir

Məhəmməd Talıblı

Əvvəli ötən sayımızda

http://www.azadliq.info/xeberler-menu/311-son-xbrlr/72261-neftsiz-biz-kimik.html

Yuxarıda sadalananlar makroiqtisadi göstəricilərdə neft faktorunun rolunu birbaşa ifadə olunduğu qeyd etdik. Bunu birbaşa asılılıq da adlandırmaq olar. Amma dolayı asılılıq da var (qeyri-təvazökarlığa görə üzrxahlıqla bildirirəm ki, bu haqda daha ətraflı ötən il nəşr edilən müəllifi olduğum “Iqtisadiyyatda Insan Dəyəri” kitabında geniş izahatlar gətirməyə çalışmışam).

Ona baxmayaraq bəzi kiçik qeydlərə ehtiyac var. Əgər neft sektoru olmasaydı, neft pulları hesabına tikintidə, ticarətdə və digər sahələrdə hərarətlənmə də olmayacaqdı. Dolayı asılılığı belə təsvir edək: məsələn, Qubada Məmmədhüseyn dayı özünün əkib-becərdiyi almasını digər neft şirkətlərinin timsalında (60 min nəfər) olan deyək ki, BP kimi satış müştəriləri tapır və öz məhsulunu onlara satır. Müxtəlif kənd təsərrüfatı məhsullarının timsalında bu zaman neft pulları bu sektorun ayaq üstə saxlanamasına yardımçı olur. Neft şirkətində çalışaraq əməkhaqqı alan Hüseyn əmi istirahət üçün turizm obyektlərində istirahət edir və ya restoranda şam etməklə xidmət sektoruna pul xərcləyir. Bu zaman neft pulları xidmət sektorunda tələb formalaşdırır. Bakıda mənzili olan Əhməd dayı öz mənzilini baha qiymətə neft şirkətində çalışan Cona kirayəyə verir və bu zaman işsiz olan Əhməd dayının işsiz olan ailə üzvləri yoxsulluq dərinliyini hiss edə bilmirlər. Bu alqoritmik sxemi daha da uzun etmək olar. Məqsəd epizodik halları sadalamaq deyil, tendensiyaları dəqiqləşdirməkdir. Demək, yuxarıdakı misallardan aydın olur ki, neft sektorunun yüksək inkişafı lokomotiv olaraq arxasınca qeyri-neft sektorunu çəkib apararaq bazar iştirakçılarının gəlirlərinin artmasına əlavə təkan verib. Yəni qeyri-neft sektorunun da inkişafında və yoxsulluğun yumşaldılmasında neft pullarının ciddi təsirləri mövcud olub. Neft pulları olmasaydı, iqtisadiyyatın özündə tənəzzül elementləri xeyli güclü olacaqdı. Əslində biz elə etməli idik ki, neft sektorunun inkişafı başqa sektorların inkişafının stimullaşdırılmasında əsas indikator rolunda çıxış edə bilsin. Bir mənbədən belə gəlir əldə etmək imkanı eyni zamanda başqa sahələrin də inkişaf faktorlarını fəallaşdırmalıdır. Bu baxımdan qiymətləndirəndə əslində, neft pullarının artımı məşğulluğun, yoxsulluğun və s. sahələrin inkişafını təşviq edə bilməli idi.

Iqtisadiyyatda səhmlərin bölgüsündə çoxsaylı mənbələr və inkişaf vektorları eyni dərəcədə iştirakçı paya sahib olanda dayanıqlı inkişafdan danışmaq mümkün olur. Amerikalı milyarder Con Pol Gettinin dahiyanə bir fikri var: “Öz əməyimin 100%-indən qazanmaqdansa, 100 nəfərin əməyinin 1%-indən qazanmağı üstün tuturam”. Yəni sektorların ayrı-ayrılıqda qazandırdıqları gəlir proporsional formada gəlir “piroqunu” formalaşdırmalıdır. Bu baxımdan biz elə etməliyik ki, dövlətin xərc ehtiyacları iqtisadiyyatın özünün inkişafından yaransın. Hökumət olaraq xərcləri artırmağa və maliyyə resurslarımızı sürətlə xərcləməyə tələsməməliyik. Çox ciddi araşdırmalar sübut edir ki, xərclərin artırılması tələbi çox zaman dövlətin özünün istəyindən meydana çıxır ki, bu da əjdahanın özünün özünü qidalandırmasına bənzəyir.

“Norveç səadəti”nə niyə qovuşa bilmədik?

Əvvəla xatırladaq ki, dünyada neft gəlirlərindən istifadə ilə bağlı əsasən 4 model mövcuddur. Bu modellər müxtəlif bənzətmələrlə ifadə olunur: Norveçin “Norveç səadəti” modeli, Səudiyyə Ərəbistanının “Səudiyyə möcüzəsi” modeli, Birləşmiş Ərəb Əmirliklərinin “qumluqda cənnət” modeli, Nigeriyanın “Nigeriya faciəsi” modeli. Bütün uğurları ilə Norveç modeli nümunə olacaq gücdədir.

Bizdə də elə “mütəxəssislər” tapılır ki, Azərbaycanın neft strategiyasının uğurlarını Norveçlə müqayisə etməyə risk və iddia edirlər. Amma bilmək və faktoloji müqayisələr aparmaq istəmirlər ki, biz bir-birimizlə hansı məsafədə durmuşuq? Bizim inkişaf fərqlərimiz var. Bizim idarəetmə və siyasi sistemimiz müxtəlifdir. Bizim neft pullarına və ondan istifadə ilə bağlı strategiyalarımız daban-dabana ziddir. Düzdür, nəticəli fərqlərimiz olsa da, amma neft gəlirlərinin fayda verdiyi start xəttimiz, demək olar, eyni dövrə təsadüf edir. Amma biz Norveç kimi ölkə olmaq istəyiriksə, gərək çoxsaylı fərqləri nəzərə alaq. Düzdür, hər iki ölkədə təbii ehtiyatlardan (neft-qaz) əldə olunan gəlirlərin yığıldığı fond, demək olar, oxşar illərdə yaradılıb. Azərbaycanda Neft Fondu 1999-cu ildə yaradılıb. Norveçdə eyni təyinatlı olan Pensiya Fondu adlanan qurum isə 1995-ci ildə. Dünyada bu ölkələrdəki fondlara oxşar 35 belə fondlar var. Təyinatlılıq baxımından belə fondların məqsədi dövlətin neft gəlirlərindən asılılığını minimuma endirmək və nəsillərarası gəlir bölgüsünü effektiv təmin etməkdir. Azərbaycan NF-dən büdcəyə ötürdüyü vəsait büdcə gəlirlərinin 50-60 faizini təşkil edib. Norveçdə bu rəqəm 4 faizdən çox olmur. Çünki, neft gəlirlərinin toplandığı fonddan dövlət büdcəsinə ediləcək transfertlərə limit qoyulub. Bizdə belə qayda və ya limit tətbiq olunmur.

Norveç ildə neftdən 40 milyard dollar gəlir götürdüyü halda onu Pensiya Fonduna, oradan isə daha yüksək gəlir gətirən qiymətli kağızlara yönəltməklə əlavə pullar qazanıb fondun aktivlərini artırır. Azərbaycan isə dəyişən illərə adekvat olaraq ildə 10-15 milyard dollar gəlir əldə edir, onun 90 faizindən çoxunu xərcləyir.

Azərbaycan 9,3 milyon əhalinin gəlirləri fonunda bütün bu səviyyədə gəlirlərə görə iri tikinti-investisiya layihələri həyata keçirir və bahalı idman yarışlarına milyardlar xərcləyir. Norveç dünyanın “cazibə mərkəzindən” uzaqda durmağı və cəmi əhalisi 5 milyon nəfər olan nəsillərin gələcəyini daha çox düşünərək praqmatik investisiya siyasəti həyata keçirirlər.

Norveçdə neft-qaz gəlirləri ÜDM-in 20 faizi səviyyəsindədir, Azərbaycanda isə yuvarlaq olaraq bu rəqəm 40 faizdir.

Norveçdə neft hasilatı enməyə doğru başladığı dövrlərdə illik hasilat 162 milyon ton idisə, bizdə bu rəqəm 40-50 milyon ton arasında dəyişib.

Norveçin ixracatının yarıdan çoxu(55%) qeyri-neft məhsullarının payına düşür. Azərbaycanda bu rəqəm cəmi 4,5%-dir.

Norveç güclü vətəndaş cəmiyyəti insitutları (azad media, müstəqil qeyri-hökumət təşkilatları, güclü siyasi partiyalar) formalaşdıraraq neft gəlirlərindən bir kronun (milli valyutası) belə yayınmasında korrupsiya risklərinin aşkarlanması üçün mühit yaratdı və bunlara nəzarət mexanizmini həyata keçirən strukturların yaranmasına dəstək oldu. Azərbaycanda isə nəinki güclü vətəndaş cəmiyyəti institutlarının yaradılmasına dəstək göstərildi, əksinə, QHT-lərə Dəstək Şurası vasitəsilə ictimai təşkilatlarda ələbaxımlıq psixologiyası aşılayaraq onları opponent insitutları kimi yolundan sapdıraraq təsir gücünü itirən dişsiz qurumlara çevirdilər. 

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasında 10 nəfərlik tərkibin hamısı baş nazir, nazir və komitə rəhbərləri (AEA-nın prezidenti), təmsil olunduğu halda, Norveçin Pensiya Fondunun analoji qurumunda isə güclü olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri təmsil olunur.

Azərbaycan neft və qaz gəlirlərindən hazırda Neft Fondunda vəsait 35 milyard dollardır. Bunu adambaşına böləndə 3764 dollar edir. Norveçin ehtiyat fondunda isə 890 milyard dollar vəsait var ki, bu da adambaşına 170 min dollar edir. Amma bütün bunların müqabilində Norveç gələcək üçün nəsillər fondunu “süpürməyə” və iri investisiya layihələri həyata keçirməyə tələsmir. Onunla daha məsuliyyətli və qənaətlə davranmağın nümunəsini bütün dünyaya göstərir. 

Norveçdə neft-qazdan əldə edilən gəlirlərin müəyyən bir qismi vətəndaşların bank hesabına köçürülür. Azərbaycanda isə vətəndaşların neft gəlirlərindən birbaşa faydalanmaq mexanizmi və praktikası yoxdur. 

Özü də Norveçdə qənaətlə xərclənən vəsaitə görə kimlərdəsə belə təəssürat yarana bilər ki, yəqin enerji ehtiyatlarının azalacağından ehtiyatlanaraq daha çox gələcək haqqında düşünürlər. Əslində isə belə deyil! Araşdırmaların nəticələrinə görə, Norveçin neft ehtiyatları 30-50 ildən və qaz ehtiyatları isə 50-100 ildən tez olmayaraq tükənə bilər. Bütün bunlarla yanaşı neft gəlirlərinin daxil olması həmin cəmiyyətlərin fərqli məzmunda inkişafına yol açdı. Bu baxımdan qiymətləndirəndə bizdə neft gəlirlərinin artması cəmiyyətin strukturlaşmasına neqativ təsir göstərdi. Azərbaycanda nəinki güclü vətəndaş cəmiyyəti insitutları formalaşa bildi, əksinə, çox sərt repressiyalar və sərt qanunvericilik şərtlərinin tətbiqi sayəsində üçüncü sektor darmadağın edildi.

Artıq nə neft gəlirlərinin necə idarə edilməsindən danışan var, nə bu sahədə monitorinqlər aparan. Hətta Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə(EITI) qoşulan ölkəmizin şəffaflıq sahəsində statusu bir pillə aşağı salındı. 

Müqayisə üçün bəzi detalları daha çox sadalaya bilərəm. Ancaq məqsədim faktların çoxluğunda ilişib qalmaq yox, tendensiyaları və onun doğurduğu nəticələri göz önünə gətirməkdir. Bununla da biz bilməliyik ki, bu fərqlərdən yaranan çatışmazlıqlar aradan qaldırılmayınca, inkişafımız ciddi surətdə tormozlanacaq.

 

Başqa sözlə, Azərbaycanla Norveçin neft siyasətinin əsas fərqi odur ki, onlar həmin gəlirlərdən daha çox yığım etməyə, biz isə daha çox xərcləməyə meyl etdik. Onlar iqtisadiyyatın şaxələndirilməsini (diversifikasiya) təmin etdilər, biz bütün “yumurtaların hamısını bir səbətə yığmaq” siyasətini tətbiq etdik. Ona görə nəticələrimiz fərqlidir.

azadliq.info

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ