SON DƏQİQƏ

PressDent.Info

Məmməd İbrahimi yenə buraxmadılar

Məmməd İbrahimi yenə buraxmadılar
16-10-2018, 17:23 8178 dəfə baxılıb

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ev dustaqlığına buraxılması, yaxud da 5 min manat girov müqabilində azadlıqda qalmasından ötrü məhkəməyə vəsatət verilmişdi. Oktyabrın 10-da Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov vəsatətə baxıb və onu rədd edib.

Məhkəmədə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi və M.İbrahimin özü də iştirak edib.

M.İbrahimin oğlu Turan İbrahim AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: «Apellyasiya Məhkəməsi də şikayətimizi təmin etməsə, həbs qərarından Avropa Məhkəməsinə şikayət edəcəyik».

Oğlu deyir ki, M.İbrahimin səhhətində problemlər var. T.İbrahimin sözlərinə görə, atası saxlandığı 1 Saylı Bakı İstintaq Təcridxanasında vəkiliylə görüşdə dayana bilməyib, söhbəti yarımçıq dayandırıb getmək məcburiyyətində qalıb: «Oktyabrın 9-da evə zəng eləmişdi. Özü də dedi ki, narahatlıqları var. Gözünün biri torlu görür».

M.İbrahim iki ay öncə həbsdə gözündən əməliyyat olunmuşdu. Oğlunun dediyinə görə, elə əməliyyat olunan gözündə yenə problem var: «Əməliyyatdan sonra demişdilər ki, beş-altı aya bərpa olunacaq. İndi daha da pisləşib».

M.İbrahim üç illik cəzasını başa vurub azadlığa çıxmasına iki gün qalmış onun haqqında yeni cinayət işi başlanıb.

M.İbrahimin yatağından bıçaq tiyəsi tapıldığı iddia olunaraq, ona qarşı CM-in 317-2.1 (həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsiylə ittiham irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində istintaq dövrü üçün 2 aylıq həbs-qətimkan tədbiri seçib.

CM-in 317-2.1 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ